Azərbaycanın «Ekonomist» MMC-nin təsis etdiyi «Ekonomist» aylıq analitik jurnalının növbəti, fevral buraxılışı çapdan çıxıb.
«APA-Economics»in məlumatına görə, jurnalın bu sayında Azərbaycanın 2013-cü il üzrə makroiqtisadi naliyyətləri və bu il üçün gözləntilər, Mərkəzi Bank tərəfindən istehlak kreditləşməsinin məhdudlaşdırılması, icbari sosial sığorta sahəsində gözlənilən dəyişiklər barədə məqalələr, ölkədə «Avro-4» ekoloji standartının tətbiqi ilə bağlı gömrük orqanları və avtomobil idxalçıları arasında görüşün nəticələrinə həsr olunan material dərc edilib. Bundan əlavə, bu nömrədə insan orqanlarının transplantasiyası sahəsində mövcud vəziyyət və problemlərə həsr olunan təhlil də yer alıb. Həmçinin, ənənəvi olan «Gizli müştəri» rubrikasında qabyuyan maşınlar bazarının araşdırması dərc edilib. Bundan başqa, bu sayda sığorta şirkətlərin illik göstəriciləri üzrə renkinqlər, kommersiya banklarının PR sahəsində fəallığı renkinqi və dünya avtomobil bazarında yeniliklər barədə məqalələr dərc olunub.
Qeyd edək ki, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 47 buraxılışı işıq üzü görüb. «Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.
«Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür.
Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.