Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verildi!
02 mart 2024 14:29 (UTC +04:00)

Azercell-in dəstəyilə “Robotex Türkiyə”nin regional yarışlarına start verildi!

Yarışmaya  Azərbaycan və Türkiyədən 1500-dən çox iştirakçı qatılıb

Azercell-in baş sponsorluğu ilə Bakıda keçirilən “Robotex Türkiyə”- robot texnologiyaları sahəsində təşkil edilən silsilə festivalın regional yarışlarına start verildi. Açılış mərasimi Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının, Azercell prezidentinin müşaviri Okan Cimenin, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın, “Robotex Türkiyə”nin prezidenti Orhan Çevikin və digər səlahiyyətli şəxslərin iştirakı ilə baş tutdu.

Açılış mərasimində çıxış edən Okan Cimen bildirdi:  “Azercell daima istedadlı gəclərin fərdi və peşəkar inkişafına dəstək olur, İKT sahəsində növbəti nəsil mütəxəssislərin yetişdirilməsinə  xüsusilə önəm verir.  İnanırıq ki, bu il Azərbaycanda baş tutan müsabiqə innovasiya, robot mühəndisliyi, süni intellekt kimi sahələrə marağı olan gənc istedadları üzə çıxaracaq, onların inkişafına töhfə verəcək.  Tərəqqi və innovasiyaları  təşviq edən bu yarışmanın tərəfdaşı olmaqdan  qürur duyur, iştirakçıların yaradıcı ideyalarının şahidi olmağı səbirsizliklə gözləyirik”. 

Ətrafında Azərbaycan və Türkiyədən 1500-dən çox gənc robototexnika mühəndisini toplayan “Robotex Türkiyə”nin regional yarışları 2 gün davam edəcək. İştirakçılar komandalar şəklində robot kodlaşdırma və  robot hazırlama layihələri üzərində işləyəcəklər. Azərbaycanda keçirilən yarışma nəticəsində ümumilikdə 109 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Yarışma çərçivəsində iştirakçılar öz robotlarını yaratmaqla yanaşı, həm də startaplarını təqdim edə biləcəklər. Müsabiqədə iştirak edənlərin yaş qrupu fərqlidir: yarışmaya şagirdlər və tələbələrlə yanaşı, özəl müəssisələri təmsil edən iştirakçılar da qatılıb.

Qeyd edək ki, yarışın növbəti mərhələsi 20-21 aprel tarixlərində Antalyada baş tutacaq. Müsabiqəyə Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxıstandan da iştirakçılar qatılacaq. Fərqlənən komandalar Estoniyanın Tallin şəhərində keçiriləcək beynəlxalq robot çempionatında iştirak üçün vəsiqə qazanacaqlar.

# 2199
avatar

Oxşar yazılar