“Bank of Azerbaijan”ın İdarə Heyətinin sədri Xəyal Şərifzadə: “İpoteka kreditlərinə böyük tələbat var”
11 avqust 2009 18:00 (UTC +04:00)

“Bank of Azerbaijan”ın İdarə Heyətinin sədri Xəyal Şərifzadə: “İpoteka kreditlərinə böyük tələbat var”

X.Şərifzadə ipoteka kreditləşməsində vergi güzəştlərinin tətbiqini məqsədəuyğun sayır


Bu ilin iyun ayında Azərbaycanda dövlət vəsaiti hesabına maliyyələşdirilən ipoteka kreditləşməsi bərpa olunub. Əhali tərəfindən səbirsizliklə gözlənilən ipoteka kreditləşməsi barədə «APA-ECONOMICS»in suallarını Azərbaycan İpoteka Fondunun müvəkkil banklardan biri olan «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı İdarə Heyətinin sədri Xəyal Şərifzadə cavablandırıb.


- İpoteka kreditləşməsi necə gedir? Müraciət edənlərin sayı çoxdurmu?

- İpoteka kreditləşməsi gözlənildiyi kimi insanlar tərəfindən növbəti dəfə böyük maraqla qarşılanıb və uğurla davam edir. Azərbaycan İpoteka Fondunun iyul ayına olan statistikasına əsasən, artıq ölkədə ipoteka kreditləşməsinin bərpasından keçən iki ay ərzində müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq üçün 1200-dən artıq rəsmi müraciət ərizələri qəbul edilib. Daxil olan müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 51 mln. manatdan çoxdur.

Bu müddət ərzindən müraciət edən vətəndaşların 400-dən çoxu artıq ipoteka kreditlərindən faydalanıb. Verilmiş kreditlərin ümumi həcmi isə 17 mln. manatdan artıq olub. Təkcə iyul ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi 16 mln. manatı keçib. Müqayisə üçün deyim ki, təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz regionunda ilk dəfə tətbiq edilən maliyyə mexanizmi olan uzunmüddətli ipoteka kreditləri sayəsində 2006-2007-ci illər ərzində iki minə yaxın ailəyə mənzil probleminin həlli üçün şərait yaradılıb.

- İpoteka krediti üçün əsasən hansı qrup insanlar müraciət edir?

- İpoteka proqramı məhz mənzillərin alınması üçün nəzərdə tutulub və əsasən evə ehtiyacı olanlar müraciət edir. Onların təxminən 10%-ə yaxın güzəştli ipoteka almaq üçün müraciət edir və bunların arasında məcburi köçkünlər və dövlət qulluqçuları var. Digər müraciət edənlərin 80%-i isə aylıq 500-1000 manat gəliri olan müştərilərdir. Yeni tikilən binalardan mənzil almaq istəyən müştərilər 40%, köhnə mənzillərə üstünlük verənlər isə 60% təşkil edir. Bunun səbəbi köhnə mənzilləri ipoteka krediti əsasında alarkən elə onun özünü girov qoyma imkanının olması ilə bağlıdır. Yeni mənzillərdə isə mülkiyyət sənədləri olmadığına görə digər mənzili girov qoymağa məcbur olurlar.

İpoteka krediti üçün müxtəlif növ sosial qrupların nümayəndələri müraciət edir və onların əksəriyyətinin imkanları kredit almaq üçün yetərli olur. Bu özü özlüyündə onu göstərir ki, ötən dövrlərlə müqayisədə əhalinin gəlirləri artıb. Kreditlər isə İpoteka Fondunun müəyyən etdiyi şərtlər əsasında, yəni, 3-25 il müddətinə, illik maksimum 8% dərəcəsi ilə verilir.

- Rəhbərlik etdiyiniz bank indiyə kimi nə qədər ipoteka krediti verib?

- «Bank of Azerbaijan» ipoteka kreditləşməsi proqramı bərpa olunduqdan sonra 40-a yaxın ipoteka krediti verib və bu ilin III rübünün sonuna qədər bu göstəricini 100 kreditə qədər artırmaq niyyətindəyik. İyul ayının əvvəlindən etibarən verilən ipoteka kreditlərinin ümumi həcmi 1,5 mln. manat təşkil edib və onların arasında 1 güzəştli ipoteka krediti də var. Uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə ölkə rəhbərliyi əhalinin yaşayış sahəsi ilə təmin edilməsi, vətəndaşların sosial problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişə nail olub.

- İpoteka proqramının bərpa olunması tikinti sektoruna və əmlak bazarına necə təsir edib?

- Fikrimcə, daşınmaz əmlak bazarında ipoteka proqramından həm tikinti şirkətləri, həm də əhali kifayət qədər faydalana bilir. Belə ki, tikinti bazarında artıq canlanma hiss olunur. Bu maliyyə mexanizminin tətbiqində əsas məqsəd əhalinin yaşayış sahəsi ilə bağlı problemlərinin həlli üçün uzunmüddətli ipoteka kreditləşməsi sisteminin formalaşdırılmasından ibarətdir. Qlobal maliyyə böhranı fonunda ipoteka kreditləşməsinin bərpası dolayı yolla həm də tikinti, maliyyə və bank sektorunun canlanmasına öz təsirini göstərir və mahiyyətcə antiböhran tədbiri kimi də mühüm əhəmiyyətə malikdir.

Artıq qeyd etdiyim kimi, müraciətlərin 60%-i təkrar mənzil bazarını əhatə edir ki, bu da daşınmaz əmlak bazarında qiymətlərin tədricən yüksəlməsinə səbəb olub.

- Sizcə, əhalini ipoteka kreditinin alınması istiqamətində stimullaşdırmaq üçün hansı tədbirlər görülə bilər?

- Düşünürəm ki, qonşu ölkələrin praktikasından istifadə edərək əhalini daha da həvəsləndirəcək qərarlar qəbul etmək olar. Rusiyada ipoteka kreditindən yararlanan fiziki şəxslərin aylıq kredit ödənişlərinə qarşı vergi güzəştləri tətbiq olunur. Yəni, əgər vətəndaşın məvacibi 1500 dollar təşkil edir və onun ipoteka krediti üzrə aylıq ödənişi 300 dollar həcmindədirsə, vergiyə cəlb edilən gəlir 300 dollar miqdarında azaldılır.

Bu təcrübənin ölkəmizdə də tətbiq olunması ipoteka krediti götürən vətəndaşın maliyyə durumunun yaxşılaşmasına və kreditin ödənilməməsi riskini azaldacağına səbəb olacağını düşünürəm. Bundan başqa, gələcəkdə ipoteka proqramına təkcə mənzillərin alınması deyil, torpaq sahələrinin alınması, təmir işlərinin aparılması, habelə kreditin maksimum həddinin artırılması kimi tədbirlərin həyata keçirilməsini məqsədəuyğun sayıram.

- Bəzi ekspertlər ipoteka kreditinin maksimum həddi üzrə limitin artırılmasını təklif edir. Sizcə, buna ehtiyac varmı?

- Hazırda həm adi, həm də güzəştli kreditlər üzrə edilən müraciətlər zamanı müştərilər maksimum həddə olan məbləği almaq istəyirlər. Yəni, adi ipoteka krediti üzrə 50 min manat, güzəştli kredit üzrə 35 min manat götürmək istəyənlər ümumi müraciət edənlərin 80-90%-ni təşkil edir. Əgər ipoteka krediti üzrə maksimal hədd artıq olsaydı, insanlar daha böyük məbləğlər üçün müraciət edərdilər. Həm də ipoteka proqramı bərpa olunduqdan sonra bazarda mənzillərin qiymətində bahalaşma müşahidə olunur. Düşünürəm ki, adi ipoteka krediti üzrə limitin 75 min manata, güzəştli ipoteka krediti üzrə isə 50 min manata qədər artırılması faydalı olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947

Oxşar yazılar