Binə Ticarət Mərkəzinin söküntüsünə başlandı
13 aprel 2009 13:00 (UTC +04:00)

Binə Ticarət Mərkəzinin söküntüsünə başlandı

Yollar bağlıdır, müştərilər “Sədərək” Ticarət Mərkəzinə də buraxılmır

Bu gün səhər saat 08.00-dan başlayaraq Binə Ticarət Mərkəzində söküntü işlərinə başlanılıb. Bu barədə Lent.az-a ticarət mərkəzindəki satıcı Zaur Məhərrəmov məlumat verib. O bildirib ki, bir neçə gün əvvəldən yolun kənarında söküntü işləri aparılmasına baxmayaraq, əsas işlərə məhz bu gündən başlanıb: “Hazırda bütün satıcılar mallarını yığır. Sahibkarların bir qismi mallarını dünəndən yığmağa başlamışdı. Bu gündən isə bu, kütləvi hal alıb. Əksəriyyət – sahibkarların 90%-i malını öz evinə daşıyır. Baxmayaraq ki, onların bir qismi Lökbatandakı Binə Ticarət Mərkəzində yer alıblar. Yalnız bəzi şəxslər öz mallarını Lökbatandakı bazara aparır. Yayılan söhbətlərə görə, Lökbatanda yerləşən ticarət mərkəzinin açılışı bir aydan sonra olacaq”.

Həmsöhbətimiz Binə Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarların aprel ayı üçün əvvəlcədən yerpulunu verdiklərini bildirib: “Tam bir ayın pulunu - 600 manat əvvəlcədən ödəmişdik. Bir ayıq yerpulunu hamıdan alıblar. Ancaq ayın cəmi 12 gününü işlədik. Hazırda bazar rəhbərliyindən burada heç kim yoxdur, heç gözətçilər də yerində deyil. Ancaq hələlik qarışıqlıqdan istifadə olunaraq oğurluq halının baş verməsi barədə eşitməmişəm”.

Z.Məhərrəmov bildirib ki, polis əməkdaşları marşrut avtobusların qarşısını kəsərək əraziyə daxil olmasına imkan vermir: “Avtobusları saxlamağa qoymurlar, müştəri kimi gəlmək istəyənlər də içəriyə buraxılmır. İçəridə yalnız bazar adamlarıdır ki, onlar mallarını yığıb daşımaqla məşğuldur. Hava Limanı tərəfdən sökə-sökə gəlirlər”.

Müştərilər Binə Ticarət Mərkəzindən sonuncu dəfə dünən – aprelin 12-də alış-veriş edib: “Dünən çoxlu alıcı vardı. Hələ Binə Ticarət Mərkəzinin tarixində bu qədər adam gəlməmişdi. Hamı bazarın söküləcəyini bildiyindən alver eləməyə gəlmişdi”.

Sahibkar müştərilərin yaxınlıqdakı “Sədərək” Ticarət Mərkəzinə də buraxılmadığını deyib: “Baxmayaraq ki, həmin bazar sökülmür. Yəqin müştərilər bir neçə gündən sonra – Binə Ticarət Mərkəzindəki sahibkarlar mallarını daşıyandan sonra “Sədərək” Ticarət Mərkəzinə buraxılacaq. Onu da deyim ki, “Sədərək”dəki sahibkarların da bir qismi mallarını yığmağa başlayıb”.

“Söküntü işlərinin yenicə tikintisinə başlanılmış “Yeni Binə” Ticarət Mərkəzinə aidiyyatı yoxdur. Orada fəaliyyət göstərən sahibkarlar bizdən fərqli olaraq mallarını daşımırlar” – deyə, Z.Məhərrəmov bildirib.

Qeyd edək ki, “Yeni Binə” Ticarət Mərkəzi Binə Ticarət Mərkəzinin yaxınlığındadır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638

Oxşar yazılar