“Azərbaycandan üzr istəyirəm” – MÜSAHİBƏ - EKSKLÜZİV
19 dekabr 2012 20:18 (UTC +04:00)

“Azərbaycandan üzr istəyirəm” – MÜSAHİBƏ - EKSKLÜZİV

Futbol üzrə Belarus milli komandasının sabiq baş məşqçisi, hazırda Rusiyanın I divizionunda mübarizə aparan “Piter” klubunun məşqçisi vəzifəsində çalışan Gennadi Tumiloviç Lent.az-a eksklüziv müsahibə verib. 41 yaşlı mütəxəssis müsahibəsində Azərbaycan klubunun pul hesabına Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması barədə Rusiya mətbuatına açıqlamasına aydınlıq gətirib:

 

- Bu yaxınlarda verdiyiniz müsahibədə “Neftçi” Avropa Liqasının qrup mərhələsinə pul hesabına vəsiqə qazandı, amma heç nəyə nail olmadı” sözləriniz Azərbaycanda birmənalı qarşılanmayıb. Bu açıqlama ilə nəyi demək istəmisiniz?

 

- Mən o müsahibədə Bakının “İnter” klubundan danışmışam. Demişəm ki, yaxşı maliyyələşməsi hesabına Avropa Liqasına vəsiqə qazanıb. Yəni, Azərbaycan futboluna yaxşı maliyyə ayrılır. Sadəcə, jurnalist bu komandanı “Neftçi” kimi göstərib və “pul hesabına” yazıb. Mən heç bir halda bu mənada deməmişəm. Prinsipcə, “pul hesabına” və “yaxşı maliyyələşmə hesabına” sözlərinin mənası eynidir. Azərbaycan futbolunun səviyyəsi məhz bu amillər hesabına yüksəlir. Düzdür, Rusiya və Ukraynadakı kimi deyil. Amma elə alınıb ki, sözlərim başqa məna verib. Bunu mütləq qeyd edin ki, Azərbaycan xalqı məni yanlış anlamasın.

 

- Sizcə, yaxşı maliyyə hesabına Avropa Liqasına vəsiqə qazanmaq mümkündür?

 

Əlbəttə. Elə klublar var ki, yaxşı, səviyyəli futbolçular hesabına Avroliqaya vəsiqə qazanıblar. Belə futbolçuların transferi isə təbii ki, güclü maliyyə hesabına baş verir. Yaxşı maliyyə hesabına futbolçularla yanaşı, baş məşqçi də dəvət etmək mümkündür. “İnter”də də yaxşı baş məşqçi, səviyyəli futbolçular var. Komanda ildən-ilə inkişaf edir, nəticələr verir. “İnter”in legionerləri həmişə yaxşı olublar. Bütün bunlar güclü maliyyə hesabına gerçəkləşib.

 

- Amma Avropa Liqasının qrup mərhələsində Azərbaycan klublarından “İnter” yox, “Neftçi” çıxış edib...

 

- “Neftçi”? Eləmi? Mən təmsilçinizin adını qarışdırmışam. Amma bu, məsələnin mahiyyətini dəyişdirmir.

 

- Siz “Neftçi”nin heyəti barədə məlumatlısınız? Komandanın baş məşqçisi kimdir, futbolçuları kimlərdir?

 

- Xeyr. Bilirsiniz, əgər komanda Avropa Liqasına vəsiqə qazanırsa, deməli, yaxşı nəticə göstərir. Qrup mərhələsinə yüksəlmək Azərbaycan üçün yaxşı nəticədir. Həm də bu, komandanın yaxşı baş məşqçi və futbolçulara malik olmasından xəbər verir. Ona görə də başqa bir şey fikirləşməyin.

 

- Bəs komandamızın Avropa Liqasının qrup mərhələsində hər hansı oyununu izləmişdiniz?

 

- Bəli. Rusiya “Rubin”i ilə Bakıdakı oyunu televiziya vasitəsilə izləmişdim. Həmin oyunda “Rubin” 1:0 hesabı ilə qalib gəldi. Amma mən Azərbaycanın hansı klubunun oynadığını fikir vermədim.   

 

- Demək istəyirsiniz ki, “Neftçi” də imkanlı klub olduğu üçün səviyyəli futbolçular alıb?

 

- Bəli. Amma bu sözlərim pul hesabına oyunları almaları anlamını verməməlidir. Heç kim belə düşünməsin.

 

- Məlum açıqlamanızdan sonra Bakıdan Sizinlə əlaqə saxlayaraq, iradlarını bildirən olub?

 

- Xeyr. Heç kim zəng etməyib. Sadəcə, mən heç bir halda qanunsuz əməlləri nəzərdə tutmamışam. “Pul hesabına” sözü iki məna verir: oyunları almaq və yaxşı transferlər həyata keçirmək. Mən heç bir halda “oyunları almaq” mənasında fikir bildirməmişəm. Sözlərimin düzgün ifadə olunmamasına görə Azərbaycan xalqından üzr istəyirəm.

 

- Sizcə, MDB çempionatının baş tutması nə dərəcədə realdır?

 

- Məncə, real deyil. Əvvəllər MDB-yə üzv ölkələrin çempionları arasında “Birlik Kuboku” keçirilirdi. İlk illərində turnir maraqlı olurdu. Amma sonradan maraq tamamilə itməyə başladı. Yeri gəlmişkən, bilirəm ki, turnirin son qalibi məhz Bakının “İnter” komandası olub.

 

Elşən MƏMMƏDOV

 

# 2681
avatar

Oxşar yazılar