Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
05 mart 2025 22:13 (UTC +04:00)

Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Bakıda ictimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş qadınlararası beynəlxalq şahmat turniri keçirilib.

Apasport.az xəbər verir ki, bu gün yarışın bağlanış mərasimi baş tutub.

Mərasimdə millət vəkilləri, şahmat icmasının nümayəndələri, federasiya rəsmiləri və Qənirə Paşayevanın ailə üzvləri, dostları iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Tamam Cəfərova, Günay Əfəndiyeva, Aydın Hüseynov, "APA Media Group"un rəhbəri Vüsalə Mahirqızı Qənirə Paşayeva ilə bağlı xatirələrini danışıblar. Onlar Qənirə Paşayevanın jurnalist, deputat, ictimai xadim, ədəbiyyat sevdalısı kimi keyfiyyətlərindən bəhs ediblər. Mərhum millət vəkilinə türk dünyasındakı sevgi barədə danışan çıxışçılar, onun xüsusilə qadınların güclü, savadlı olmaları üçün apardığı işləri xatırladıblar.

Deputat Məlahət İbrahimqızının “Qənirə Paşayeva Fondu”nun yaradılması ilə bağlı təklifini digər çıxışçılar da dəstəkləyiblər.

Deputat Arzu Nağıyev Qənirə Paşayeva barədə xatirələrini danışıb, mərhum millət vəkilinin müxtəlif turnirlərdə iştirak edib, təşkilatçılığı öz üzərinə götürdüyünü xatırladıb.
"Bu turnirdə yarış fondu 30 min manat idi, turnirdə 5 ölkədən 10 nəfər, 1-15 reytinqdəkilər iştirak edirdilər. Bu turnir məhz Qənirə xanımın 50 illiyinə həsr olunub. Bütün hər kəs 4 gün ərzində səbrlə öz üzərlərinə düşən bütün işlərini yerinə yetirdilər" deyə, millət vəkili bildirib.

Beynəlxalq Avrasiya Araşdırmaları Fondunun rəhbəri, Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva deyib ki, Qənirə xanımın sevdası bütün həyatı boyu Azərbaycan olub: " O, insanların xoşbəxt olmasını, rahat yaşamasını istəyirdi. Qənirə xanımın tək qayəsi türk qadınlarının güclü olması idi. Çünki o, inanırdı ki, bir toplumun, ictimaiyyətin inkişafı üçün qadınlar önəmli rol oynayır. Qənirə xanımın fəailiyyətlərinə baxsanız onun nələr etdiyini görə bilərsiniz".

Kəmalə Paşayeva deyib ki, Qənirə Paşayeva həm də güclü şahmat həvəskarı olub: " Gəncliyində onu məşhur şahmatçılara bənzədirdilər. O şahmatı çox sevirdi. Ona görə də bu turnir, burda qalib gələb qadınların uğuru onun ruhunu şad edəcək".

Daha sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edib: “Tarixi bir bağlanış mərasimində iştirak edirik. Gələcəkdə hər kəs bu yarışın ilk dəfə harada yaranmasını xatırlayacaq. Öz adımdan Şahmat Federasiyasına təşəkkür edirəm. 10 iştirakçıdan 8-i qrossmeyster, 2-si ustalığa namizəddir. Turnirdə iştirak edən azərbaycanlılar həm gümüş, həm də bürünc medal qazanıb”.

Turnirdə 5 ölkədən 10 qrossmeyster iştirak edib. Azərbaycan şahmatçıları ilə yanaşı Qazaxıstan, Özbəkistan, Türkiyə və Bolqarıstan təmsilçiləri də iştirak ediblər.

Yarışın qalibi Nürgül Səlimova olub.

Bolqarıstan təmsilçisi 25 xalla bütün rəqiblərini qabaqlayıb. Onu Xanım Balacayeva (22 xal) və Gövhər Beydullayeva (20 xal) izləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar