Andrey Şevçenko karyerasını başa vurur
09 oktyabr 2010 15:07 (UTC +04:00)

Andrey Şevçenko karyerasını başa vurur

Lent.az-ın məlumatına görə, bu haqda 34 yaşlı hücumçu “Sport-Ekspress” qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu qərar qətidir: “2010-cu il dünya çempionatının “pley-off” mərhələsində Yunanıstana uduzaraq, Cənubi Afrika Respublikasına yollanmaq şansının üstündən xətt çəkdikdən sonra anladım: yığmamız növbəti dünya çempionatlarına dəfələrlə düşəcək, mən isə əsla. Çünki 2012-ci il Avropa çempionatından sonra karyeramı başa vurmaq istəyim qətidir və necə deyərlər, müzakirə olunmur”.


Andrey Şevçenko futbolçu karyerasına Kiyev “Dinamo”sunda başlayıb. O, 1999-cu ildə İtaliyanın “Milan” komandasına keçib. Bundan 7 mövsüm sonra isə Şevçenko İngiltərənin “Çelsi” klubuna yollanıb. 2008-ci ildə “Milan”a qayıdan ulduz futbolçu 2009-cu ilin avqustunda “Dinamo”ya dönüb.


“Şeva” “Milan”ın heyətində Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub. O, eyni zamanda İtaliya və Ukrayna çempionu titulunu qazanıb. Şevçenko bir neçə dəfə Çempionlar Liqasının ən yaxşı bombardiri və ən yaxşı hücumçusu, eləcə də İtaliya və Ukrayna çempionatlarının ən yaxşı bombardiri sayılıb. Ukraynalı forvard 2005-ci ildə internet vasitəsilə səsvermə nəticəsində dünyanın ən yaxşı futbolçusu seçilib. Şevçenko millidə 100-cü matçını oktyabrın 8-də Kanada ilə yoldaşlıq görüşündə keçirib. 2:2 hesabı ilə nəticələnən qarşılaşmada Ukraynanın qollarını Artyom Milevski ilə Anatoli Timoşuk vurub.


Qeyd edək ki, 2012-ci il Avropa çempionatı Polşada və Andrey Şevçenkonun vətənində təşkil olunacaq.
# 773

Oxşar yazılar