Sadıq Sadıqov: “Neftçi”də istefalardan söhbət gedə bilməz”
29 oktyabr 2012 10:53 (UTC +04:00)

Sadıq Sadıqov: “Neftçi”də istefalardan söhbət gedə bilməz”

“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqov mətbuatda yer alan istefa xəbərlərinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, Sadıqov klubun rəsmi saytına açıqlamasında heç bir istefanın baş vermədiyini qətiyyətlə təkzib edib.

Lakin o, Topaz Premyer Liqasının ötən turunda “Rəvan”a məğlubiyyətlə barışmasının qeyri-mümkünlüyünü vurğulayıb: “Çünki “Neftçi” “Rəvan” kimi komanda ilə hər oyunda top buraxmadan qalib gəlməlidir. Buna görə də məğlubiyyətin səbəbləri mütləq araşdırılmalıdır. Mətbuatda klubun vitse-prezidenti Tahir Süleymanovun, komandanın idman direktoru Güloğlan Cabbarovun, eləcə də baş məşqçi Böyükağa Hacıyevin istefa verməsi haqda xəbərlər də yer alıb. Qəti şəkildə bildirirəm ki, istefalardan söhbət gedə bilməz. Bakıya qayıtdıqdan sonra məşqçilər korpusundan, həmçinin komandanın rəhbərliyindən hesabat tələb edəcəyəm. Məğlubiyyətin səbəbləri araşdırılacaq və günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar”.

Bununla yanaşı, Sadıqov bir məqama da toxunmağı münasib sayıb. İndiyədək Premyer Liqada 3 oyunu təxirə salınan klubun prezidenti yenə eyni halların baş verməsini istəyir: “Hər kəsə bəllidir ki, futbolumuz tarixində bir ilkə imza ataraq, avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi” həm də bütün Azərbaycanı təmsil edir. Ölkəmizin avrokuboklardakı yeganə ümidi olan komandamız “Rubin”ə qarşı ağır oyun keçirmişdi. Kazan səfərindən qayıtdıqdan bir gün sonra növbəti görüşə çıxan futbolçularımızın yorğunluğu öz sözünü deməyə bilməzdi. Üstəlik, 3 gün aralıqlarla çempionatda daha iki ağır qarşılaşma bizi gözləyir. Noyabrın 8-də “Neftçi” Bakıda “Rubin”lə cavab görüşünə çıxacaq. Heyətimiz legioner futbolçularla əsasən gənc olan yerli oyunçulardan qurulub. Matçlar da onu göstərir ki, futbolçularımız bu cür ağır qrafikə tam hazır deyillər. Belə olan halda Azərbaycan adını təmsil edən “Neftçi”yə daxili çempionatda oyunlarının təxirə salınması baxımından müəyyən güzəştlər edilməlidir. Çünki, üç gündən bir keçirilmiş oyunlar komandamızın Avrokubok qarşılaşmalarına mənfi təsir edəcək. Nəzərə alsaq ki, “Rubin” və “Partizan”la doğma azarkeşlər önündə oynayacağıq, az da olsa Avroliqanın qrupunda şanslarımızın mövcud olduğunu düşünürəm”.

Sonda Sadıqov “Neftçi”nin şərəfini qoruyan hər bir futbolçuya güvəndiyini bəyan edib: “İnanıram ki, onlar “Rəvan”a məğlubiyyətdən dərs çıxarıb, qarşıdakı oyunlarda, xüsusən Avroliqa turnirinin qrup matçlarında Azərbaycan xalqını sevindirəcəklər”.
# 1526

Oxşar yazılar