“Neftçi” ilə oyun öncəsi “Rubin”in futbolçusuna şok cəza
18 oktyabr 2012 13:03 (UTC +04:00)

“Neftçi” ilə oyun öncəsi “Rubin”in futbolçusuna şok cəza

Rusiya Futbol İttifaqının (RFİ) Nizam-İntizam Komitəsi “Rubin” klubunun müdafiəçisi Sesar Navası 7 oyunluq diskvalifikasiya edib. Lent.az-ın məlumatına görə, ispaniyalı oyunçu Rusiya Premyer Liqasının XI tur matçında “Amkar”ın futbolçusu Martin Yakubkonu bilərəkdən zədələməsi səbəbindən cəzalandırılıb.

“Amkar”ın 1:0 hesabı ilə qalib gəldiyi görüşün 70-ci dəqiqəsində Yakubko “Rubin”in müdafiəçisi Salvatore Bokkettiyə qarşı kobudluq edib. Komanda yoldaşının köməyinə gələn Navas hücumçunun sifətinə dizi ilə zərbə endirərək, onun çənəsini sındırıb. Baş hakim Vladislav Bezborodov epizodu görmədiyindən, xəsarət yetirən oyunçuya hətta sarı vərəqə də göstərməyib.

Bundan sonra Navas “Rubin”in rəsmi saytı vasitəsilə Yakubkodan üzr istəyib. Lakin RFİ onun cəzasını yüngülləşdirməyib.

Qeyd edək ki, “Rubin” rəhbərliyinin də Sesar Navası cəzalandırıb-cəzalandırmayacağı bilinmir. Bu hal baş versə, Navas Kazan komandasının “Neftçi” ilə oktyabrın 25-də keçirəcəyi Avropa Liqası matçını buraxacaq.
# 1549

Oxşar yazılar