Avropa Liqası: “Neftçi”dən ləyaqətli məğlubiyyət
04 oktyabr 2012 22:54 (UTC +04:00)

Avropa Liqası: “Neftçi”dən ləyaqətli məğlubiyyət

Görüş qonaqların qələbəsi ilə başa çatdı – 3:1.

32 minədək tamaşaçı tutumuna malik stadion hələ matçın başlanmasına yarım saat qalmış tam dolmuşdu. Azarkeşlər qrup mərhələsinin ilk ev oyununda “Neftçi”yə inanılmaz dəstək verirdilər. Start heyətlər açıqlanarkən, flaqmanın baş məşqçisi Böyükağa Hacıyevin zədəli Cavid İmamverdiyevin yerinə gənc Kamil Nurəhmədovu oynatması daha çox diqqət çəkdi. Qalan oyunçular isə yerində idi. Qapını Saşa Stamenkoviç qoruyurdu. Müdafiənin mərkəzində İqor Mitreski və Elvin Yunuszadə yer almışdısa, solda Bruno Bertuççi, sağda Mahir Şükürov oynayırdı. Dayaq yarımmüdafiəçisi funksiyalarını Rəşad Sadiqovla Erik Ramos yerinə yetirirdisə, yarımmüdafiənin cinahlarında Flavinyo və Culius Vobay yer almışdı. Nəhayət, Nurəhmədov mərkəz hücumçusu Nikolas Kanalesə dəstək verirdi.

“İnter”in qapısını isə Samir Handanoviç qoruyurdu. Baş məşqçi Andrea Stramaççioni 3 mərkəz müdafiəçisi – Esteban Kambyasso, Juan və Matias Silvestreyə güvənmişdi. Qabi Mudinqayi dayaq yarımmüdafiəçisi funksiyasını yerinə yetirirdisə, cinahlarda Alvaro Pereyra və Jonatan yer almışdı. Hücum xəttində yer alan Marko Livaya və Koutinyonun arxasında isə Coel Obi və Fredi Quarin yer almışdı.

İlk dəqiqələrdən “İnter”in ərazi üstünlüyü hiss olunurdu. Əsasən gənclərdən qurulmuş heyətin hücumları 10-cu dəqiqədə bəhrəsini verdi. 10-cu dəqiqədə çoxgedişli kombinasiyanı Koutinyo dəqiq daban zərbəsi ilə tamamladı. Bundan 20 dəqiqə sonra italiyalılar əks-hücumda fərqi artırdılar. Bu dəfə Coel Obinin zərbəsi dəqiq oldu. 42-ci dəqiqədə isə “Neftçi”nin müdafiəçisi Bruno Bertuççi topu öz qapısına göndərdi – 0:3.

İkinci hissəyə “Neftçi” əvəzləmə ilə başladı. Nurəhmədovun yerinə daxil olan Mirhüseyn Seyidov oyunda müəyyən dönüş edə bildi. Artıq hücum futbolu sərgiləyən “ağ-qaralar” 53-cü dəqiqədə istəklərinə çatdılar. Culius Vobay qapı qarşısına elə ötürmə verdi ki, Nikolas Kanalesə yalnız topa toxunmaq qaldı – 1:3.

Qalan dəqiqələr də əsasən, “Neftçi”nin hücumları ilə keçdi. Amma flaqmanın əldə etdiyi əlverişli qol imkanları məntiqi sonluğa çatmadı. Beləliklə, Azərbaycan klubu 13 ildən sonra Avropa kuboklarında ilk dəfə məğlubiyyətlə üzləşdi. Amma “İnter” kimi rəqibə qarşı oyunun yarı bölümü ərzində üstün oyun sərgiləməsi “Neftçi”nin ləyaqətlə uduzduğunu deməyə əsas verir.

Elşən MƏMMƏDOV
# 2155

Oxşar yazılar