Sadıq Sadıqov: “Mən “Neftçi”ni qrupda ikinci pillədə görürəm” – MÜSAHİBƏ
25 sentyabr 2012 14:13 (UTC +04:00)

Sadıq Sadıqov: “Mən “Neftçi”ni qrupda ikinci pillədə görürəm” – MÜSAHİBƏ

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun Lent.az-a müsahibəsi.

- “Neftçi” Avropa Liqasının qrup mərhələsinin ilk turunda Serbiyada “Partizan”la qolsuz heç-heçəyə nail oldu. Bu nəticə Sizi qane etdi?

- Oyun ətrafında böyük ajiotaj olsa da, “Neftçi”nin itiriləsi heç nəyi yox idi. Bu barədə hələ səfər öncəsi öz aramızda müzakirə aparmışdıq. Avropa Liqasının qrup mərhələsinə vəsiqəmizin təsadüfi olmadığını sübut etmək istəyirdik. Serbiyada uşaqlar “Partizan” kimi komanda ilə doğrudan da əzmkar oynadılar. Düzdür, qolsuz heç-heçə etdik, amma keçiləsi rəqib idi, uda da bilərdik. Belə nəticəyə gəldim ki, ola bilsin, həmin oyunda futbolçularımız heç-heçəyə köklənmişdilər, o ruhla oynayırdılar. Oyunumuz alındı. “Partizan” böyük tarixə malik komandadır, elə bir mövsüm olmayıb ki, Avropa kuboklarında çıxış etməsin. “Partizan” daha iddialı idi. Amma “Neftçi” öz oyununu sərgilədi və çox gözəl taktika seçərək, heç-heçəyə nail oldu. “Partizan”la Bakıdakı matçımızda daha əzmkar oyun nümayiş etdirəcəyik və inanıram ki, qalib gələcəyik.

- Sizcə, “Neftçi” təzyiqi artırsaydı, qələbəyə nail ola bilərdi?

- Düzü, bəzi epizodlarda nə isə çatmadı. Təhlükəli vəziyyətlərimizin sayı “Partizan”ınkından çox oldu. Amma alınmadı. Bəli, razıyam, komandamız bir az da təzyiqi artırsaydı, Belqraddan 3 xalla da qayıda bilərdi. Qismət belə imiş. Heç-heçə də bizi qane etdi. Səfər meydanında 10 mindən çox azarkeş qarşısında heç-heçə etmək “Neftçi” üçün böyük uğurdur.

- Qarşıda “Neftçi”ni Bakıda İtaliya “İnter”i ilə oyun gözləyir. Bu qarşılaşmaya təşkilati baxımdan hazırlıq necə gedir?

- Bu istiqamətdə işlərimiz davam edir. UEFA-nın təhlükəsizliklə bağlı və təşkilati baxımdan sərt, çox ciddi tələbləri var. Tələblərə riayət olunmasa, sərt sanksiyalar verilə bilər. Çalışırıq ki, bir klub olaraq, üzərimizə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirək. Klubumuza həm maliyyə baxımından ziyan dəyməməsi, həm də rəqibi yüksək səviyyədə qəbul etmək üçün əlimizdən gələni edirik. Azərbaycanda nəinki futbol, digər idman növlərində də nüfuzlu beynəlxalq yarışlar keçirilir. Demək olar ki, belə yarışların təşkilində ölkəmizin böyük təcrübəsi var. “İnter”lə qarşılaşmada da heç bir problem olmayacağına, AFFA-nın müvafiq şöbəsi, polis və daxili qoşunların köməyi ilə oyunu çox yüksək səviyyədə təşkil edəcəyimizə inanıram.

- Təhlükəsizlik işlərinə nə qədər canlı qüvvənin cəlb olunması nəzərdə tutulub?

- Tofiq Bəhramov adına Respublika stadionu yenicə təmirdən çıxıb, azarkeş tutumu 32 minə çatdırılıb. Yəqin ki, polis də buna uyğun işini quracaq. Hər halda biz güc strukturlarına müraciət etmişik. Respublika stadionunda daha öncə Azərbaycan millisi İsraili qəbul edib. Matçı 25 minədək tamaşaçı izləyirdi. Təhlükəsizlik baxımından hər şey yüksək səviyyədə idi. Ona görə də “İnter”lə qarşılaşmada da təşkilati baxımından heç bir problem gözləmirəm. Hər şey qaydasında olmalıdır.

- UEFA “Neftçi”ni Gürcüstan “Zestafoni”si ilə Bakıdakı matçda baş verənlərə görə 20 min avro cərimələyib. Qərara etiraz etməyəcəksiniz?

- UEFA çox böyük təşkilatdır. Onların qərarına nəinki “Neftçi”, heç kim qarşı çıxa bilməz. Düzdür, etiraz bildirmək olar. Amma onsuz da onlar istədiklərinə nail olurlar. Biz qanunlara riayət edən klubuq. İstəməzdik ki, ev oyunumuzda cəza doğuracaq hərəkətə yol verək. Cərimənin məbləği də çox böyükdür. “Partizan”la matçımızdan sonra da problemlər oldu. Qapıçımız Saşa Stamenkoviçin üzərinə hücum çəkdilər. UEFA-dan bizə məktub daxil olub ki, Belqradda baş verənlərə də baxılacaq və qərar veriləcək. Yəni, Avropa futbol qurumu heç vaxt belə halları bağışlamır. Cərimələr verilir ki, bir daha eyni hal təkrarlanmasın. Bu, normal haldır, bütün dünyada tətbiq olunur. Biz də məsuliyyət daşıyaraq, qanunlara riayət etməliyik.

- Əgər UEFA “Partizan”la bağlı şikayətinizi təmin etməsə, bunu Avropa futbol qurumunun məsələyə ikili standartlarla yanaşması kimi qəbul etmək olar?

- Mən inanmıram ki, belə bir şey olsun. UEFA-nın hər bir klubun hüquqlarını qoruduğu hamıya məlumdur. “Partizan”ın da cəzalandırılacağına əminəm. Əks halda, bunu sizin dediyiniz kimi qəbul etmək olar.

- Stamenkoviçə aqressiv münasibətinin səbəbini nədə görürsünüz?

- Mən özüm Serbiyada idim, baş verənlərin canlı şahidi oldum. Stamenkoviç “Neftçi”yə “Partizan”ın əzəli rəqibi “Srvena Zvezda”dan gəlib. Bu iki komanda bir-birinə az qala düşmən münasibətdədirlər. İndi də “Neftçi”nin qapısını qoruduğundan, Saşaya qarşı aqressiv münasibəti yenə davam etdirdilər. Hələ oyun öncəsi azarkeşlər onu söyüşlərə qərq etdilər, tribunada təhqiramiz plakatlar nümayiş etdirdilər. Buna baxmayaraq, Stamenkoviç qapısını qorumağı bacardı və öz oyunu ilə “Neftçi”yə ən sadiq futbolçulardan biri olduğunu göstərdi. Amma rəqib bunu götürmədi. Oyundan sonra “Partizan”ın bir neçə futbolçusu onun üzərinə hücum çəkdi, söyüş söydü, paltardəyişmə otağına gedəndə rəqib komandanın məşqçisi Saşaya əl də qaldırmaq istədi. Amma futbolçularımız buna imkan vermədi. Bütün bunlar qısqanclıqdan yaranan hallardır. Mən futbolda belə şeyləri arzulamıram, anormal qəbul edirəm. Ona görə də UEFA-ya müraciət etmişik. Yəqin ki, ciddi tədbir görüləcək.

- Avroliqanın qrup mərhələsində birinci turun hər iki oyunu heç-heçə ilə nəticələndi. Sizcə, H qrupunda ilk 2 pilləni tutmağa hansı komandalar daha layiqlidir?

- İlk turdan sonra heç nə bəlli deyil. Futbolun gözəlliyi də bundadır. Doğrudan da “Neftçi”ni qrupda birinci də olmasa, ikinci pillədə görürəm. Allahın köməkliyi ilə buna da nail olacağıq. Amma kimin öz komandasını harada gördüyü qalan turlarda daha aşkar şəkildə özünü büruzə verəcək.

Elşən MƏMMƏDOV
# 1584

Oxşar yazılar