Rusiya Federasiyasının Təhqiqat Komitəsinin Moskva şəhəri üzrə Baş Təhqiqat İdarəsi Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun işi ilə bağlı rəsmi açıqlama yayıb. Lent.az-ın məlumatına görə, idarə rəisi Vladimir Markin bildirib ki, Zeynalov dindirmə zamanı oktyabrın 10-a keçən gecə Şerbakova bıçaqla zərbə endirdiyini boynuna alıb.
Həbs qətimkan tədbiri seçilərkən, həmyerlimizin Rusiya ərazisində 10 ildən çox yaşamasına baxmayaraq, birdən-birə rus dilini unutduğu müəyyənləşib. O, tərcüməçi ilə təmin olunub. Tərcüməçi şübhəli şəxsin iştirakı ilə bütün istintaq hərəkətlərində iştirak edir. Zeynalovun həbsi ilə bağlı iddiaya oktyabrın 17-də baxılacaq.
Markin onu da qeyd edib ki, həmyerlimiz 2011-ci ildə Moskvanın Naqatinsk rayon məhkəməsi tərəfindən “Yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istifadə qaydalarının pozulması” maddəsi ilə 1 il azadlıqdan və 3 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib. 2012-ci ildə o, azadlığa çıxdıqdan sonra avtomobili qanunsuz idarə edərək mal daşınması ilə məşğul olub.
İdarə rəisinin sözlərinə görə, qətli Zeynalovun törətməsinə dair istintaqda kifayət qədər dəlil və əsas var.