Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı hər gün ortaya yeni versiyalar atılır. Lent.az-da xəbər verdiyimiz kimi, Türkiyənin “Yeni Şafak” qəzetinin iddiasına görə, generalın qətlində hazırda məhkəməsi keçirilən “Ergenekon” adlandırılan təşkilatın izi araşdırılır. Hətta qeyd edilir ki, Türkiyə xüsusi xidmət orqanlarının bir qrup əməkdaşı qətlin istintaqı ilə bağlı Bakıya gəlib.
Artıq Respublika Prokurorluğundan bildiriblər ki, Rail Rzayevin qətlinin üstünün açılması üçün aparılan istintaqa xarici ölkələrin kriminalist-mütəxəssislərinin cəlb edilib-edilməməsi haqda heç bir məlumat yoxdur. Amma qonşu ölkədəki həmkarlarımızın ortaya atdıqları versiyalar çox diqqət çəkəndir. Çox qəribədir ki, mətbuat orqanı hər hansı rəsmi mənbəyə istinad etməyib.
“Yeni Şafak” qəzeti sui-qəsdin kökündə 14 il əvvəlki hadisənin dayandığını iddia edib. Qəzetin məntiqinə görə, 1995-ci ildə Bakıda baş vermiş dövlət çevrilişi cəhdində “Ergenekon”da adı keçən şəxslərin iştirakı olduğu bildirilir. O vaxt çevriliş cəhdinin qarşısını alan əsas fiqurlardan biri də general Rzayevin olduğunu yazan “Yeni Şafak” bildirir ki, bu səbəbdən də onu 90-cı illərdə Abdulla Çatlı və başqaları tərəfindən qurulmuş bir təşkilatın aradan götürməsi ehtimalı araşdırılır.
Bu versiya ilə bağlı təbii ki, ortaya xeyli suallar çıxır. Əgər doğrudan da “Eregenekon” adlı bir təşkilat varsa və general onların hədəfində olubsa, onu nədən indi, çox zəiflədikləri, həbsə alındıqları məqamda qətlə yetirirlər? Bundan başqa, 14 il əvvəl baş tutmayan cəhd üçün indi xeyli vəsait sərf edib, böyük riskləri gözə alıb kimisə öldürməyin nəyə xeyri ola bilər? Rail Rzayevin “Ergenekon”u ifşa etmək istiqamətində hər hansı bir fəaliyyəti olubmu? Bu və ya digər suallar havadan asılı qalır.
Uzun müddət prokurorluq orqanlarında işləmiş, Türkiyə siyasi elitasını yaxından tanıyan millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Lent.az-a müsahibəsində bu mövzuda maraqlı mülahizələri var:
- Əvvəlcə onu bildirmək istəyirəm ki, bütün versiyalar yoxlanılmalıdır. Bu, istintaq orqanının borcudur. Mən özüm vaxtilə prokurorluq orqanlarında müstəntiq işləmişəm və ona görə də yaxşı bilirəm i, hətta ən az ehtimal olunan fərziyyələr belə ciddi şəkildə yoxlanılmalıdır. İstintaq zamanı əsas və ikinci dərəcəli fərziyyələr müəyyənləşir. İndi gələk ortaya çıxan yeni fərziyyəyə. Türkiyə mətbuatında “Ergenekon” məsələsi ilə bağlı çox ziddiyyətli məqalələrə rast gəlmək mümkündür. Bu iddiaya gəldikdə, bütün hallarda çox ciddi şəkildə yoxlama aparılmalıdır. Amma onu da bildirim ki, bu məlumatları ikinci dərəcəli fərziyyələr siyahısına salmaq olar. Məsələn, bu işi mən araşdırsaydım, bu tipli məlumatları ikinci dərəcəli kimi qəbul edərdim. Bu, əsas fərziyyə ola bilməz. Ən birinci bu insanın xidməti fəaliyyəti ciddi araşdırılmalıdır. Bundan əlavə öyrənilməlidir ki, generalın biznesi olubmu? Eynilə, onun xidməti və ya məişət zəminində kiminləsə düşmənçilik münasibətinin mövcud olub-olmadığı ortaya çıxarılmalıdır. Bu məsələdə istintaqa ailə üzvləri çox köməklik edə bilər. Mərhumun əlaqə saxladığı insanlar dairəsi də araşdırılmalıdır. Əgər ortada siyasi motiv yoxdursa, heç kimi durduğu yerdə öldürmürlər. Siyasi motiv varsa, ayrı-ayrı dövlətlərin xüsusi orqanları bu və ya digər şəxsləri qətlə yetirə bilərlər. Bu, hədəfdə olan ölkədə siyasi gərginlik yaratmaq məqsədi ilə də edilə bilər. Bununla yanaşı, general hansısa ölkə və ya ölkələrə qarşılarına qoyduqları planları həyata keçirməyə ciddi əngəl yarada bilərdi. Burada çoxlu sayda istintaq fərziyyələri irəli sürülə bilər. Bütün hallarda ən birinci generalın xidməti fəaliyyəti araşdırılmalıdır. Tamamilə mümkündür ki, o, xarici siyasi dairələrə hansısa işlərində mane olsun.
Mətbuatdan oxudum ki, general qətlə yetirilməzdən bir neçə gün əvvəl Hərbi Prokurorluqda dindirilib. Ortaya yeni sual çıxır: qətl hadisəsi həmin istintaq işi, generalın ifadəsi ilə əlaqədar ola bilərmi? Ehtimal etmək olar ki, hansısa dairələr Rail Rzayevin istintaqa bəzi aktları verə biləcəyindən qorxsunlar. Yəni saysız-hesabsız fərziyyələr irəli sürmək olar. Bunu da istintaq orqanı yoxlamalıdır.
- Sizcə, 1995-ci il hadisələrində Rail Rzayev nə qədər ciddi rol oynayıb?
- Doğrusu, həmin zaman dövlət orqanlarında hər hansı postda olmadığım üçün bu barədə konkret fikir söyləyə bilmirəm. Bu barədə indi mətbuatda oxuyuruq. Guya “Ergenekon” burada çevriliş etmək istəyirmiş və Rzayev də bunun qarşısını alıb. Səmimi şəkildə söyləyim ki, “Ergenekon” məsələsini əvvəlcədən ciddi qəbul etməmişəm. Yəni Türkiyədə ciddi şəkildə çevriliş etməyə cəhd edən kriminal təşkilatın mövcudluğuna inana bilmirəm. Bu sözləri Türkiyə siyasi dairələrinə az-çox bələd olan bir şəxs kimi deyirəm. Bilirsiniz, silahlı çevriliş etmək məqsədilə yaradılan təşkilatlar tamam başqa cür formalaşır. Türkiyə istintaq orqanlarının irəli sürdüyü ittihamlar inandırıcı görünmədi. Amma inanıram ki, Türkiyə ədalət məhkəməsi sonda öz sözünü deyəcək. Yenə də inanmıram ki, “Ergenekon” adlı ciddi təşkilat olub və bu təşkilat o gücdə olub ki, Azərbaycanda, Türkiyədə hərbi çevriliş etsin.
- Necə hesab edirsiniz, dediyiniz kimi ikinci dərəcəli hesab edilən fərziyyələri ortaya atmaqla istintaqın diqqətini yayındırıb, araşdırmanı bir qədər uzada bilərlərmi?
- Yox, yayındıra bilməzlər. Əgər dediyim kimi, orada istintaq qrupuna kənardan hər hansı təzyiqlər yoxdursa, işə peşəkarlar cəlb olunubsa, diqqəti yayındırmaq mümkün olmayacaq. Hesab edirəm ki, bu tipli cinayət işlərinə peşəkarlar cəlb olunur. Çünki vəziyyət çox ciddidir. Cənab Prezident bu məsələ ilə bağlı xüsusi müşavirə keçirib və hüquq-mühafizə orqanları qarşısında məsələ qaldırıb ki, qatillər qısa müddətdə tapılmalıdır. Onu da deyim ki, prokurorluq orqanlarında kifayət qədər təcrübəli istintaqçılar var. Bu insanlar isə qısa müddətdə müəyyənləşdirə bilirlər ki, hansı fərziyyələri ön planda yoxlamaq lazımdır. Mən ümid edirəm ki, kənardan müəyyən təsirlər olmasa, bizim istintaqçılar bu cinayətin üstünü açacaqlar.
Səbinə Əvəzqızı
“Generalı “Ergenekon”un öldürməsi inandırıcı deyil” - MÜSAHİBƏ
1687