"Tapşırığı mənə Arif Rəhimov verib" - Bakı Şəhər Halqasında korrupsiya
03 iyun 2024 12:23 (UTC +04:00)

"Tapşırığı mənə Arif Rəhimov verib" - Bakı Şəhər Halqasında korrupsiya

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs məhkəmənin suallarını cavablandırıb.

Öncə təqsirləndirilən Ç. Mehdiyev sualları cavablandırmaq istəmədiyini bildirib: "Mən özümü təqsirli hesab eləmirəm. Zərərçəkmiş şəxs təqdim eləsin görək ona dəymiş zərər nədən ibarət olub? Bir də ekspert zərəri necə hesablayıb? Onun idman oyunları ilə bağlı məlumatı nə qədərdir? Mən hələ ki, susmağa üstünlük verirəm, suallara cavab vermək istəmirəm. Qoy, gəlsin, zərərçəkən ilk olaraq ifadə versin".

Dövlət ittihamçısı bildirib ki, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi prosesdə iştirak edəcək. Onun da ifadə verməsi qanunla mümkün deyil.

Daha sonra o suallara cavab verməyə razılıq verib.

Suallara cavab zamanı məlum olub ki, "Dayton" şirkəti təqsirləndirilən şəxsin anasına məxsusdur: "Şirkət 2012-ci ildə yaradılıb. Mən yarışlarda iştirak etmədiyim vaxtdan çox qabaq yaranıb. Anamla başqa xarici bir vətəndaşla ortaq yaradılıb. Anam mənə şirkətlə bağlı etibarnamə verib. O etibarnamə ilə əsasən şirkətdə tərcümə işlərinə kömək edirdim. "Dayton" şirkətinin işi alış-veriş olub. Şirkət adından müqavilə imzalamamışam. Şirkətin ümumi gəliri 2 milyon dollardan çox olub. "Dayton" şirkətinin varlığı barədə şirkətin rəhbəri Arif Rəhimova məlumat vermişəm. Daha sonra da satınalınma şöbəsinə şirkətin adını və rekvizitlərini vermişəm".

Daha sonra prokuror təqsirləndirilən şəxsə yarışların keçirilməsi üçün spesifik malların alınmasında iştirakı barədə sual ünvanlayıb. O, bildirib ki, bu malların bazarı çox kiçikdir: "Dünyada bu malların alınmasında bazar çox kiçik idi. Buna görə də, az şirkətlər bu işi görə bilərdi. Mənə 2015-ci ilin mart ayında dedilər ki, Formula-1 yarışı keçiriləcək. 2015-ci ilin dekabr ayında mənə dedilər ki, yarış üçün olan spesifik mallar tapılmalıdır. "Deyton"a spesifik malları 2016-ci ilin yanvar ayında sifariş etmişəm. Bu malların sifarişi barədə tapşırığı mənə şirkətin rəhbəri Arif Rəhimov verib".

Daha sonra hakim Leyla Əsgərova-Məmmədova vaxt azlığından məhkəmənin növbəti günlərdə davam edəcəyini bildirib.

Proses iyunun 10-da davam etdiriləcək.

İttihama görə, Çingiz Mehdiyev özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla o, ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb.

Bundan başqa, təqsirləndirilən şəxs Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr ayları arasında olan müddət ərzində qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of America" bankında olan hesabına köçürməklə öz qulluq mövqeyindən istifadə etməklə 1 milyon 436 min 735 manat təşkil edən məbləği köçürməklə leqallaşdırıb .

Qeyd edək ki, Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3351
avatar

Oxşar yazılar