Gömrükçülər ölkəyə narkotik keçirmək cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, özlərini şübhəli aparan İrandan gələn Azərbaycan vətəndaşları Biləsuvar gömrük postunda saxlanılıb.
Sorğu-sual zamanı hər iki şəxs üzərlərində gömrük nəzarətindən gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildiriblər.
Daha sonra onların üzərlərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşların əynindəki şalvarın kəmər bağlanan yerin astarının altından ümumilikdə çəkisi 99 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.
Həkim müayinəsindən keçirilən vətəndaşlardan birinin daxili orqanı - düz bağırsağından sellofana bükülü 3 ədəd bükümdə 199 ədəd "metadon" adlı həb aşkarlanıb.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.