“Qalaktika Kosmos”un təsisçisi və rəhbəri tutuldu
30 aprel 2009 18:00 (UTC +04:00)

“Qalaktika Kosmos”un təsisçisi və rəhbəri tutuldu

Azərbaycan paytaxtında humanitar yardım adı altında fəaliyyət göstərən “Qalaktika Kosmos” MMC-nin təsisçisi və rəhbəri həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, MMC-nin rəhbəri, Rusiya vətəndaşı, 1951-ci il təvəllüdlü Mustafayeva Sevda İsa qızı ayrı-ayrı vətəndaşların ümumilikdə 1 milyon manat pulunu mənimsəməkdə təqsirli bilinir.

Məlumatda bildirilir ki, 2008-ci il noyabr ayında bir neçə vətəndaş Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək “Qalaktika Kosmos” MMC-nin rəhbərliyi tərəfindən aldandıqlarınıı bildiriblər. Araşdırmalar nəticəsində məlum olub ki, şikayətçilər “Qalaktika Kosmos” MMC-nin regionlardakı filial rəhbərləridir.


Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, S. Mustafayeva əvvəllər törətdiyi dələduzluq əməlinə görə Səbail rayon Məhkəməsinin 12 sentyabr 2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin (CM) 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cərimə olunub. Daha sonra isə o, 7 mart 2008-ci il tarixdə “Qalaktika Kosmos” MMC-ni yaradıb. 14 mart 2008-ci il tarixdə onu Vergilər Nazirliyində dövlət qeydiyyatından keçirib. S. Mustafayeva şirkətin xeyriyyə təşkilatı olduğunu, əlillərə, qaçqınlara, məcburi köçkünlərə, kimsəsizlərə, uşaq evlərinə yardım göstərəcəyini bildirib.


Almaniya və Norveç səfirliklərindən maddi yardım alacağını və eləcə də guya qohumu Ruslan Xəlilovun rəhbərlik etdiyi “Continental” bankdan maddi yardım göstərəcəyini bildirməklə vətəndaşları inandırıb, həmin vaxtdan 2008-ci ilin noyabr ayına qədər olan müddətdə sonradan kürəkəni Anar Eyvazovla birlikdə çoxsaylı vətəndaşların etibarından sui-istifadə etməklə onları aldadıb. S. Mustafayeva MMC-yə yüksək əmək haqqı ilə müxtəlif vəzifələrə təyin edəcəyi barədə vətəndaşlara vəd verib və onlardan şirkətin fondunu yaratmaq adı ilə 1 milyon manat pul alıb.


Vətəndaşların bir hissəsi MMC-də vəd olunan vəzifələrdə bir neçə ay işləyərək əmək haqqı adı ilə müxtəlif məbləğlərdə pul alsalar da digər qismi isə ümumiyyətlə, şirkətdə işləmədiyi və uzun müddət əmək haqqı almadığı məlum olub. MMC hətta vətəndaşların etibarını qazanmaq məqsədi ilə bir neçə vətəndaşa və təşkilata maddi yardım da göstərib. Bundan əlavə S. Mustafayeva telekanallarda guya gördüyü və görəcəyi xeyriyyəçi fəaliyyətindən danışaraq reklam rolikləri də yayıb.


İstintaq zamanı həmçinin şirkətin fəaliyyət müddətində Lənkəranda, Gəncədə, Qubada, Sumqayıtda, Ağcabədidə, Şamaxıda, Abşeronda, Bakının Əzizbəyov rayonunda və s. filialları açıldığı, Qobustanda, Şirvanda və başqa 20-dək şəhərlərdə isə açılmasının nəzərdə tutulduğu məlum olub. 19 Dekabr 2008-ci il tarixdə S. Mustafayeva CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2 maddələri ilə təqsirləndirilərək şübhəli şəxs qismində istinaqa cəlb edilmiş, lakin o, istintaqdan qaçıb gizlənməsi səbəbindən həmin maddələrdə nəzərdə tutulmuş ittihamın ona elan edilməsi mümkün olmayıb və barəsində həmin tarixdən axtarış elan edilib.
19 dekabr 2008-ci il tarixdə Anar Eyvazov CM-in 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bu il, aprelin 29-da Yasamal RPİ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə S. Mustafayeva Pirallahı qəsəbəsində tutularaq Bakı şəhər BPİ İstintaq İdarəsinə təhvil verilib.


Faktla bağlı Bakı şəhər BPİ İstintaq İdarəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 178.3.2-ci maddələri ilə istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1537

Oxşar yazılar