“Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır”.
Bunu Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən çıxışında bildirdi.
Hə, adam təpədən-dırnağa qədər oğrudu. Adamın tərcümeyi-halında belə oğurluq var. Sən demə, Azatın oğlunun “metirka”sında, komsomol biletində Sarkisyan Serjik yazılıbmış. Sonradan dələduzluq edib adını da dəyişdiribmiş, Serjə.
Adamın adı həmişə oğrular və oğurluqla hallanıb.
Adam öz ölkəsini, Ermənistanı belə oğrulara, quldurlara satıb, yağmalayıb.
Adam kriminal dünyanın ən odioz liderləri ilə oturub-durub və onların iradəsindən kənara çıxa bilməyib…
***
İndi isə bir qədər keçmişə qayıdaq.
Zaman, 1993-cü il, mayın 28-i.
Məkan, Moskva, Bolşaya Nikitskaya küçəsi, 55.
Həmin gün, yəni 1993-cü il mayın 28-də, Rusiya kriminal aləminin xaç atası “Ded Xasan”ın sevimli məkanı olan “Starıy Fayeton”a bu Serjik Sarkisyanı nə aparıb çıxarmışdı, görəsən? Əslində, indi bunun səbəbini bircə Serj bilir, bir də “Çako” ləqəbli Ramzik Amoyan, əgər sağdısa. Deyilənə görə, gəbərib. Elə “Ded Xasan” da yoxdur indi. Öldürülüb.
Bəs ayın tarixi necə, sizə bir şey deyirmi? Hə, düz tapmısınız, Ermənistanın müstəqillik günü qeyd edilir. Təmtəraqlı masa düzəldiblər. Masanın arxasında isə erməni, kürd qanuni oğrular. Və bir də bu görüşdən sonra Ermənistanın müdafiə naziri olacaq Sarkisyan oturub, gözündə qara eynək.
***
Bəs nə birləşdirir bu adamları? Ermənistanın gələcək prezidentinin, özü kimi əli onlarla insanını qanına batmış, Rusiyanın mafiya başçısıyla nə əlaqəsi vardı? Və həm də o maraqlıdır, Sarkisyan məhz bu görüşdən 3 ay sonra Ermənistanın müdafiə naziri təyin ediləcəkdi.
Amma yarı-kürd, yarı-erməni “Ded Xasan”, Aslan Usoyanla əlaqələr bundan sonra daha da dərinləşəcəkdi.
“Ded Xasan” qətlə yetiriləndən sonra rus saytları onun keçmişinə toxunmuşdular. Araşdırmalar nəticəsində məlum olmuşdu ki, “Ded” və ətrafı silah mafiyasının da başında dayanıblarmış. Məlumatlara görə, “Ded Xasan” və onun sonrakı varisi “Şakro Molodoy” PKK-ya və ermənilərə silah satmaqla məşğul olublar. “Ded Xasan”ın bu alverdən milyonlarla pul qazandığı da deyilir. Eləcə də şişirdilmiş qiymətlərdən Serjik də xeyli qazanmışdı.
***
Bu hələ harasıdır?. Söhbət ondan gedir ki, Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan – onu hər yerdə “Saşik” deyə çağırırlar – birbaşa “Ded Xasan”ın əmrlərini yerinə yetirirmiş.
Onsuz da kriminal Ermənistanı daha böyük kriminal babanın, “Ded Xasan”ın ixtiyarına veribmiş. Bir vaxtlar Rusiya mətbuatı bu mövzudan yazırdı: “Saşik Ermənistanda demək olar ki, biznesin bütün sahələrinə müdaxilə edir. Özünün kriminal gəlirlərini isə Amerika və Rusiyaya köçürə bilib”.
Yazılanlara inansaq, təkcə ABŞ-da Saşikin 200 milyon dollarlıq sərvəti var. Onun həmçinin Avropada da biznesi var. Saşik bircə dəfə çaşmışdı. Ermənistana idxal olunan kənd təsərrüfatı məhsullarını da öz əlinə almaq istəyirmiş. Amma unudubmuş ki, bu sahə “Ded Xasan”ın, yezidi kürdlərin əlindədir. Onda “Ded” Serjə bircə kəlmə demişdi. Özü də telefon zəngiylə. Saşik isə təcili Moskvaya uçmuş, elə həmin “Starıy Faeton”daca “Ded”dən üzr istəmişdi.
***
Saşikin və qardaşı Serjikin hərəkətləri və varidatı Amerika hüquq-mühafizə orqanlarının da diqqətini çəkmişdi. Sən demə, ABŞ-da “Pzo” ləqəbli Armen Kazaryanın başçılıq etdiyi mafiyanın fəaliyyəti araşdırılırmış. Düzdür, Kazaryan həbs edilmişdi. Amma araşdırmaların bir ucu da Ermənistana, Sarkisyanlara gedib çıxırdı. Sən demə, Saşikin “Pzo” ilə ortaq biznes varmış. Bu biznesin Moskvadakı ortağı isə…hə, düz tapdınız “Ded Xasan” imiş. Bəlkə də məhz prezidentin qardaşı olması ona qarşı cinayət işinin açılmasına mane olub. Və Saşik İnterpola verilməyib.
***
Serjin və qardaşının kriminal-biznes ortaqları arasında xeyli adamın adı hallanır. Burada kimlərin adı yoxdur? Əslən bakılı Bağdasarovdan tutmuş, “Şakro Molodoy”a qədər, bir dəstə qanuni oğru. Saşik bir dəfə Rusiyadan olan qanuni oğrulara kələk də gəlmək istəyib. Ümumi xəzinədən pul gizlədibmiş. Saşiki Dubrovkaya çağırıb, oğurluğunu sübut etmişdilər. Rusiya mətbuatından sitat:
“Əvvəllər müvafiq dairələr Saşik Sarkisyana hörmət ediblər, qardaşına görə. Amma o, nəsə səhv etdi və nəticədə döyüldü. Bizim mənbələrimizin verdiyi məlumata görə, Saşik Sarkisyan o qədər ağır vəziyyətdə olub ki, onu xəstəxanaya aparmaq məcburiyyətində qalıblar. Həkimlər ona sağalana qədər xəstəxanada qalmağı tövsiyə ediblər”.
Amma xəstəxanada onun üçün asan keçməyib. Saşikin qətlinə fərman verilib. Belə olan halda prezident Sarkiysan yenidən “Ded Xasan”a müraciət edib. “Ded” bu dəfə də kömək əlini uzadıb. Amma əvəzində İranla gömrük məntəqəsinə onun adamlarının nəzarət edəcəyini bildirib. Serj əlacsız razılıq verib. Bundan başqa, Ermənistanda yanacaqdoldurma biznesi də Sarkisyanlardan alınaraq, yezidi kürdlərin əlinə keçib. İrandan gələn narkotrafik də düz 10 il Serjik və qardaşının əlində olub. Bu barədə erməni mənbələri belə yazırdılar. Sarkisyanın qardaşı oğlu Narikin kokain alveriylə məşğul olmasını elə ermənilər özləri yazırdılar. Bir müddət əvvəl isə Ermənistan xüsusi xidmət orqanları Nariki külli miqdarda kokainlə ələ keçirmişdilər.
***
Hə, indi keçək başqa bir məqama. Həmin məclisdə, Sarkisyanın “Ded”lə bir olduğu qonaqlıqda başqa bir qanuni oğru da var idi. Söhbət “Antimos” ləqəbli Valeri Kuxilavadan gedir. “Antimos” “Ded Xasan” tərəfindən taclandırılmışdı. Ona sadiq birisidir. Hələ də...
Amma “Ded özü həyatda yoxdur. “Antmos” isə bir qədər əvvələ kimi “Ded”in Ermənistandakı obyektlərinə nəzarət edirdi. Çünki “Ded”in varisi “Şakro Molodoy”un göstərişidir. Doğrudur, “Şakro” həbsdədir, amma Serj və qardaşı onun nüfuz dairəsindən çıxa bilmirlər…
Hələ də...
P.S.
Serjikin prezidentliyi dövründə Ermənistan qanuni oğruların necə deyərlər, oylağına çevrildi. Paytaxt İrəvanda və ölkənin digər şəhərlərində tez-tez oğru “sxodka”ları keçirilirdi. Serjik beynəlxalq kriminal mafiyalar üçün ölkəsində münbit şərait yaratmışdı. Bu artıq başqa bir yazının mövzusudur.