Dünya ölkələri dövlət səviyyəsində koronavirusla mübarizə apardığı bir zamanda Türkmənistanda vəziyyət tam fərqlidir.
Lent.az xəbər verir ki, ölkədə nə koronavirusa yoluxma qeydə alınıb, nə də ki, ölüm hadisəsi...
Pandemiyanın başladığı ilk ərəfələrdə ölkə rəhbərinin müvafiq göstərişinə əsasən, ölkə mətbuatında, ictimai yerlərdə koronavirus ifadəsini işlətmək yasaq edilmişdi.
Sonradan virus amilinin gerçəkliyi qaçılmaz olduqda hökumət koronaya qarşı sürətli mübarizə proqramını təsdiq etdi. Elə hər şey də bundan sonra qəlizləşdi.
Ötən il belə bir fakt hər kəsi təəccübləndirdi. Küçədə maska taxaraq gəzən aşqabadlı xanım polis tərəfindən cərimələnir. Onu bölməyə apararaq şəxsiyyət vəsiqəsini alırlar. 249 manat cəriməni ödədikdən sonra qəbizini verib sənədini geri alır.
Maraq doğuran polisin qadına qarşı tənbehedici sözləri olub:
“Virusa qarşı hökumətin həyata keçirdiyi tədbirlərə etimad etmirsiniz? Biz və sizin rəhbərliyiniz maska taxmır, siz niyə maskadasınız? Maskalı insanlar panika yaradırlar”.
Qeyd edək ki, Türkmənistan kimi Şimali Koreyada da heç bir rəsmi yoluxma və ölüm faktı qeydə alınmayıb. Lakin artıq maska taxmaq, hətta peyvənd tətbiq edilir.
Xatırladaq ki, bu ilin sentyabrından Türkmənistanın Səhiyyə Nazirliyi ölkədə koronavirus olmasa da, vaksinləşmənin məcburi olmasına qərar verib. 18 və yuxarı yaşda olan bütün vətəndaşlar məcburi şəkildə COVID-19 əleyhinə peyvənd olunmalıdır. Yalnız 18 yaşdan aşağı şəxslər və sağlamlıq problemi olanlar bu qərardan azad edilir.