Şəhidləri saymazlar...

 

Son günlər cəbhədə intensiv döyüşlər gedir. Erməni kəşfiyyat-təxribat qrupları  qoşunların təmas xəttini keçməyə və müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqın etməyə cəhd göstərirlər. Bütün hallarda düşmənin cəhdlərinin qarşısı alınır. Bu, Azərbaycan ordusunun peşakarlığından xəbər verir, amma təəssüf ki, proses itkisiz ötüşmür...

Silahlı Qüvvələrimizin itkisi bütövlükdə ölkəmizin itkisidir. Ancaq bu itki ilə yanaşı, qazandıqlarımız da var. Xalqın igid oğlanları şəhidlik zirvəsinə çatdı, üstəlik xeyli sayda düşmən məhv etdi. Üzücü məqam isə odur ki, ordumuz atəşkəs dövründə ilk dəfədir bir gecədə bu qədər əsgəri ilə vidalaşdı.

Lakin ermənilərin itkisi bizimkindən az olmadı. Əvvəlcə ermənilər, ümumiyyətlə, cəbhədə hər hansı təxribat törətmədiklərini və itki vermədiklərini dedilər. Çünki məqsədləri vardı: bir tərəfdən özlərini təmizə çıxararaq ictimaiyyəti və beynəlxalq qurumları atəşkəs rejiminə əməl etdiklərinə inandırmaq istəyirdilər, digər tərəfdən, Ermənistan ordusunun zəif olduğunu gizlətməyə çalışırdılar. Amma sonradan düşünüb 51 ölü, 37 yaralı barədə məlumat yaydılar. Bəlkə də bu say şişirdilmişdi və ya qeyd olunduğundan qat-qat artıq idi. Ölülərini torpaq altında gizlətsələr də, gec-tez onların “iyi” üzə çıxacaq.

 

Ermənilərin Azərbaycan ərazisinə soxulmaları nəticəsində həlak olan əsgərlərimizlə bağlı müxtəlif məlumatlar da az olmadı. Əvvəlcə şəhidlərimizin sayının 8, sonra 9, 11, hətta sərhəd rayonlardan gələn məlumatlarda, eləcə də, sosial şəbəkələrdə 42 olması barədə xəbərlər yayıldı. Bir sözlə, rəqəm oyunu...

Müdafiə Nazirliyi bir müddət susduqdan sonra, ümumiləşdirərək, dünən 8, bu gecə 4 şəhid verdiyimizi bildirdi. Buna inananlar da oldu, inanmayanlar da. Hardasa nazirliyi də başa düşmək olar – kənar qüvvələr bu məsələni siyasiləşdirərək Azərbaycanın əleyhinə istifadə edə bilərdilər.

Düşmən gözəl bilir ki, Azərbaycanın güclü ordusu var və dəfələrlə təmas xəttində təxribata əl atsalar da, hər dəfə geriyə üzüqara qayıdıblar.

Başqa məqama toxunmaq istərdim: biz şəhid verdik, bəli. Amma onların əsil qiymətini necə, verə bildikmi, verdikmi?!

Hamı bilir ki, televiziya ən böyük təbliğat mexanizmidir və orada gördüklərimiz beynimizə həkk olur. Qonşu Türkiyəyə nəzər salsaq, onlarda bir və ya iki şəhid olduqda bütün media məkanı bu barədə danışır, hansı telekanala çevirisən, şəhid barədə süjet görürsən. Çox təəssüf ki, bizim teleməkanda hər kəsin başı başqa şeylərə qarışıb. Şəhidlər barədə xəbərlərin əvəzinə, bir kanalda yemək bişirirlər, digərində çalıb-oxuyub, oynayırlar, küçələrdə isə dördtəkərli “at” sürənlərin qulaq asdıqları mahnıların səsi o qədər ucadan gəlir ki, qulaqları batırır. Düzdür, düşməni məhv etmək və şəhidlik zirvəsinə çatmaq bayrama bərabərdir. Lakin bu tərzdə deyil. Görünür, bu da bizsayağı “vətənpərvərlikdir”.

 

Sonda onu deyə bilərəm ki, sayından, yaşından asılı olmayaraq, şəhid “mübarizlərimiz” hər kəsə nümunə Mübarizə qovuşdular. Əminəm ki, ordumuzda və bütövlükdə ölkəmizdə Vətən uğrunda canından keçməyə hazır olan neçə-neçə bu cür oğullar var. Şəhidlər isə mənim, sənin, ailəsinin, xalqının, bir sözlə, bütün Azərbaycanın Baş Tacıdır.

Allah-Təala Quranda buyurur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”.

Şəhidlik adı Allah, Vətən, elm yolunda və s. ölənlərə verilir. Demək ki, şəhid qardaşlarımızın hamısı sağdır. Çünki mən Allahın sözünə inanıram. Və inanrıram ki, Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoru olmasa, Azərbaycan özündən qat-qat zəif və iflasa uğramış Ermənistana çox qısa müddətdə qalib gələ bilər. Mən də sizin kimi, şəhidlərimiz kimi o Qalibiyyət gününü gözləyirəm!

Başın sağ olsun, Vətən!

 

LENT

26 Aprel 2019
25 Aprel 2019

Digər xəbərlər >>>