<b>“Məftilləri kəsib, asılmış yoldaşlarımı azad etdim...” - <span style="color:red;">DÖYÜŞÇÜ GÜNDƏLİYİ </b>
05 mart 2014 11:24 (UTC +04:00)

“Məftilləri kəsib, asılmış yoldaşlarımı azad etdim...” - DÖYÜŞÇÜ GÜNDƏLİYİ

Lent.az Fransanın Milli Qəhrəmanı, məşhur azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılovun döyüş gündəliyinin üçüncü hissəsini sizə təqdim edir.

 

Əvvəli: http://news.lent.az/news/157306

 

... Qızlarla hər gün fransız dilində danışdığıma görə bu dili mükəmməl öyrənmişdim. Səhv deyəndə düzəliş verirdilər. Yerli camaat bu evdə partizan olduğunu biləndə gizlicə görməyə gəlirdilər. Səs düşmüşdü ki, ruslar fransızlara kömək etmək üçün komandir göndəriblər. Fransızlar “Xarqo” adına çox böyük hörmətlə yanaşırdılar. Mənim hər bir tapşırığımı sözsüz yerinə yetirirdilər. Yenidən sağalıb partizan yoldaşlarıma qoşuldum. Partizanların bəziləri almanların yaratdığı qərargahda, kimisi katibə, kimisi dəmiryolunda müəyyən işlərdə işləyirdi və bu işlərin bizə çox böyük köməyi dəyirdi.

 

Partizanların komandiri həmişə çətin və qorxulu əməliyyatlarda məni irəli verirdi. Yoldaşlar mənsiz getmirdilər ki, Xarqonun taktikası, bacarığı yaxşıdır. Əməliyyata mənim başçılığım altında gedəndə hamısı tez qabağa dururdu ki, gedə bilsin.

 

1943-cü ilin avqust ayı idi. Biz İspaniya sərhədinə yaxınlıqda yerləşən Tarb şəhərinin dağlarında idik. Qərargahımız meşədə yerləşirdi. Qərargah bürosunun bir üzvü də mən idim. Almanların yanında işləyən partizan qadın Suzanna xəbər gətirmişdi.

 

Qərargah rəisi üzünü mənə tutaraq dedi: “On partizan götürərək Bordo şəhərindən gələn almanların hərbi sursat qatarını nəyin bahasına olursa-olsun, məhv etməlisən. Qatar şəhərin şimal-qərbində yerləşən körpüyə çatanda partladılmalıdır”.

 

Bələdçilərlə tanımadığım körpüyə səhərə yaxın saat 4-5 olardı, yaxınlaşdıq. Mən partizanları iki-iki, bir-birindən aralı postlarda yerləşdirib, leytenant Bessekin qardaşı Arbeti özümlə apardım. Hava çox qaranlıq idi, bərk yağış yağırdı. Havanın belə olması işimizə yarayırdısa, ildırımın çaxması təhlükəli idi. Birtəhər sürünə-sürünə dəmir yoluna yaxınlaşdıq. Əlimdəki qarmaqla minaya yer hazırladım ki, posta qoyduğum partizanlar tərəfindən pulemyot və avtomatlardan atəş açılsın. Ardınca da qumbaralar atacaqdıq. Qəflətən üstümüzə yağış kimi güllələr yağdı. Partizan yoldaşlarım “Xarqo” deyə qışqıra-qışqıra məni çağırırdılar. Sonradan bildim ki, mən onlardan ayrılan kimi partizanlar bir yerə toplaşıblar. İldırımın işığında alman patrulu onları görüb və atəşə tutub. Partizanlar qışqırdıqca almanlar atəşi daha da gücləndirirdilər. Biz isə körpünün altında gizlənmişdik. Arbet mənə əli ilə getmək işarəsini verdi, ancaq mən onu əl işarəsi ilə başa saldım ki, ölmək var, dönmək yoxdu. Bildirdim ki, sən get. O, məndən ayrılmadı. Biz atışmadan istifadə edərək körpünün tağı ilə qalxıb minanı dəmiryolu relsinin altına qoyub, körpünün o biri başından kənara çəkildik. Atışma bizdən aralıda idi. Partizan yoldaşlarımız atışa-atışa geri çəkilirdilər.

 

Biz körpüdən təqribən 300 metr aralı bir böyük ağaca çıxdıq, buradan qatarın gəlməsini gözlədik. Arbet mənə getməyi xahiş etdi ki, tapşırığı yerinə yetirmişik.

 

Ona başa saldım ki, bu boyda əziyyətdən sonra körpü partlamasa bizə nə ad verərlər? Hələ bilmirəm, partizan yoldaşlarım sağdırmı?

 

Arbetə dedim ki, dua et, körpü partlasın. İyirmi dəqiqədən sonra qatar göründü. Qatarın partlaması üçün dua edirdim. Qatar körpüyə girən kimi, körpü qatarla birlikdə havaya uçaraq çaya töküldü. Arbet məni qucaqlayaraq təbrik etdi.

 

Biz tanımadığımız meşədə kol-koslara ilişə-ilişə yol getdik. Axır ki, kiçik xutora çatdıq, içəri girməyə qorxduq, birdən kimsə evdən çölə çıxdı. Üstünə cumub tapançanı ağzına dirədik və evdən kənara çəkdik. O isə heç nə başa düşmürdü, yerində donub qalmışdı. Əmr etdik ki, bizə yolu göstərsin. Yoldaşım Arbet oğlanı mənə tapşırıb evdən onun paltarlarını alıb gətirdi. Oğlanı geyindirib, qollarını arxadan bağlayıb, qabağımıza qatdıq. Apardığımız oğlan nə qədər partizanları sevdiyini, onlara daim qulluq göstərdiyini desə də, inanmadıq. O, bizi ən yaxşı yolla apardı, çaydan keçirdi. Səhər açılırdı. Yoldan 300 metr aralı böyük ağaca çıxıb, axşamın düşməsini gözlədik. Ağacdan gedəcəyimiz istiqaməti müəyyənləşdirdik. Oğlanı axşam düşən kimi yola salıb, yolumuza davam etdik.

 

Gecə lazım olan kəndə daxil olduq. Qəfildən kimsə “dayanın” deyib parolu söyləməyimizi əmr etdi. Əvvəlki parolu dedim – “DYLO”. Postda duran Bero məni səsimdən tanıyıb üstümə sıçradı, bağrına basıb tez yoldaşlara xəbər verdi ki, gəlmişəm. Otağa girən kimi məni atıb-tutdular. Qərargah rəisi Valdekə məlumat verdim ki, qatarda 10 ədəd maşın, 25 ədəd tank, 500 nəfərdən çox alman əsgəri və saysız-hesabsız hərbi sursat məhv edilib. Sara yaxınlaşıb sakit səslə dedi ki, mənimlə həmin əməliyyata gedən partizanlardan yaxşı xəbər yoxdur. Çox pis oldum. Otaqda Bessek, Valdek, Sara, Julleta, Simone, Vassilli, Yusizkin, Kalman, Bero, Jate, Jozur, Jert, Perrakanon, Pinar, Alberti, Janbart və başqaları var idi. Komandir dedi ki, yemək yeyin, sonra da istirahət edərsiniz.

 

Etiraz edərək bildirdim ki, əməliyyata apardığım partizanlar almanların əlində ola-ola nə yeyə, nə də istirahət edə bilərəm. Elə bir vəziyyətdə idim ki, özümdən asılı olmayaraq qışqıra-qışqıra soruşdum ki, kim mənimlə gedir? Komandir nə qədər dedisə, məni yumşalda bilmədi. Partizanların hamısı birdən “gedirik” dedilər.

 

Komandir onları sakitləşdirib, mənə 8 nəfər partizan qoşaraq dedi: “Gedin siz də ordan asılın. Onsuz da bu rus kommunistlərini sakitləşdirmək olmur, dediklərini gərək yetirsinlər”.

 

Biz stansiyaya yola düşdük. Pinar, Şofer, mən və Arbet alman forması geyinmişdik. Mən SS zabiti formasında, onlar serjant formasında, qalanları adi geyimdə idi. Almanlar çaydan meyitləri və ələ keçən nə varsa, qurtarmağa çalışırdılar. Ölmüş və yaralı partizanları stansiyada şalbanlardan asmışdılar. Onları qoruyan iki nəfər alman əsgəri var idi. Mən onlara yaxınlaşıb bir-bir aradan götürdüm. Asılan partizan yoldaşlarımı qurtarmaq üçün şalbana qalxmaq lazım idi. Mənimlə gedən yoldaşlar teleqraf ağacına (şalbana) çıxa bilmədiklərini söylədilər. Çox əsəbiləşdim onların bu sözünü eşidəndə. Tez teleqraf ağacına dırmaşıb simləri kəsdim, asılmış yoldaşlarımı azad etdim. Aşağıdakılar isə meyitləri maşına qoyurdular. Çox çətinliklə yoldaşlarımızın meyitini maşına yığdıq. Yağışlı və dumanlı hava var idi. Qayıdanda postu dəyişən alman əsgərləri ilə üzləşdik. Onları da yerbəyer edib stansiyadan uzaqlaşdıq. O gecə heç bir partizan yoldaşlarım çörək yemədi, ancaq gətirdiyimiz yoldaşları dəfn etdik. Səhəri gün bütün partizanlar ac və taqətsiz idilər. Bu qədər itki vermək hamını kədərləndirmişdi.

 

Səhəri gün yemək hazırlandı, heç kim dinib danışmırdı. Mən bakalı əlimə alıb ayağa durdum. Fransanın azadlığı uğrunda qəhrəmancasına həlak olan yoldaşlarımı yad etdim, bütün yoldaşlarım ayağa qalxıb baş geyimlərini çıxardılar. Həlak olan partizanları 10 dəqiqəlik sükutla yad etdik.

 

Səhəri gün məni mərkəzi qərargaha çağırdılar. General Jak Duklo, siyasi rəhbər Morez Torez təşəkkürlərini bildirdilər. General partizanların rəhbəri Şarl De Qola raport  yazdıqlarını dedilər və şəxsən tanış olmaları üçün məni çağırdıqlarını bildirdilər.

Vasili, Sara, Simonı, Julleta, Janbart və başqaları məni təbrik edib, çox xoş sözlər söylədilər.

 

Düz üç gün mənə heç bir tapşırıq verilmədi. Üç günlük istirahətdən sonra qərargaha gəldim və öyrəndim ki, leytenant Bessek tapşırıq alıb. Məni görən kimi qucaqlayıb, qəhərli tərzdə dedi: “Qardaşım Armed, gəl öpüşüb halallaşaq, sən on bir nəfərlə gedib iki nəfərlə qayıtdın. Mən də üç nəfərlə əməliyyata gedib tək qayıtmışdım”.

 

Bu söz mənə çox təsir etdi. Tez qərargah rəisinin yanına gedib Bessekin tapşırığına məni göndərməsini xahiş etdim. Qərargah rəisi dedi:

“Armed, siz yenə öz inadınızdan dönmürsünüz, sizə istirahət lazımdır. Ağır tapşırıqdan çıxmısınız”.

 

Bildirdim ki, hökmən mən getməliyəm, İnandırmağa çalışdım ki, almanlara oxşayıram, dillərini də təmiz bilirəm. Zorla da olsa qərargah rəisini yola gətirdim.

 

Besseklə gedəsi yoldaşları da götürüb, tapşırığı yerinə yetirmək üçün yola düşdük...

 

Növbəti hissədə Əhmədiyyə Cəbrayılovun Bessekin əvəzinə əməliyyata getməsinin nə ilə nəticələndiyindən, almanların onun başına nə qədər pul qoymağından və digər dramatik olaylardan xəbərdar olacaqsınız.

 

 

Partizan gündəliyini Lent.az-da izləyin

 

İntiqam Valehoğlu

 

# 3052
avatar

Oxşar yazılar