Onu bir çox yerlərdə heykəltəraş müəllim kimi də tanıyırlar. Güntayın əl işləri ilə sosial şəbəkədə rastlaşmışdım. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun heykəlini yaradan bu gəncin əl işlərinə baxırdım. Görəsən, bir heykəltəraş necə yetişir? Heykəl düzəltmək hansı yaradıcı yollardan keçir? Buna görə, onunla ətraflı danışmaq, müsahibə etmək qərarına gəldim.
Onunla axşamüstü Binəqədidəki emalatxanasında görüşdük. Günün o vaxtında mərkəzdən Binəqədiyə getməyin nə olduğunu bakılılar yaxşı bilir. Bakının dəhşətli tıxaclarından sıyrılıb özümüzü axır ki, görüş yerinə çatdırmışdıq. Emalatxananın həyətində səliqə ilə qoyulmuş dibçəklər, atasının heykəli, yerə dağılan rənglər və bir də masanın üzərinə qoyulan büstlər görürük. Otağa daxil olanda iş başında olan tələbələr bizi salamlayır. Kiçik heykəllərin yanında yem yeyən pişiklərə mane olmadan ətrafı müşahidə edib söhbətimizə başlayırıq.
Lent.az gənc heykəltəraşla müsahibəni təqdim edir.
- Özünüzü necə tanıdardınız?
- Adım Güntaydır. Güntay Hüseynli. 27 yaşım var. Əslimiz Şabrandandır, amma Bakıda böyümüşəm. Əzim Əzimzadə adına İncəsənət kollecində heykəltəraşlıq ixtisasını bitirmişəm. Hal-hazırda bu sahə üzrə təhsilimi davam etdirirəm. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kursundayam, diplomumu müdafiə edirəm.
- Maraqlıdır, bu sahəni seçmisiniz, yoxsa...?
- Mənim atam - Vaqif Ucatay tanınmış rəngkar olub, onun əsərləridir onlar (şəhadət barmağı ilə divarın yuxarısında asılmış tabloları göstərir). Gözümü açandan onları görmüşəm. Əvvəlcə gördüyüm etalonlar olub (ağ heykəlləri göstərərək). Yadımdadır, bağçaya gedərkən məndən müsahibə almışdılar, soruşmuşdular ki, sən nə olacaqsan? Mən də “heykəltəraş olacağam” – demişdim. Halbuki 5 yaşımda heç bir təsəvvürüm yox idi bu barədə.
Heykəltəraş Güntay Hüseynli və müəllif Nigar Namiq
- Bəs, heykəltəraşlığa nə vaxtdan başlamısınız?
- Açığı, bu sənətə atamın təkidi ilə gəlmişəm. Mən memar olmaq istəyirdim. Amma atam günlərin bir günü belə bir təklif etdi ki, memarlıqla heykəltəraşlıq bir-birinə yaxın sahədir. Dedi ki, gəl, sən heykəltəraşlığın təhsilini kollecdə al, istəməsən, gedərsən istədiyin sahəyə. Mənim bir qədər rəng korluğum var, rənglərə meyilli deyiləm. Ona görə, memarlıq mənə maraqsız gəldi. Mənim üçün toxuna biləcəyim bir şeyin olması daha məqbuldur, nəinki görə biləcəyim. Yəni rəsmdə rəngləri görürsən, amma heykələ toxunursan. Nəyisə düzəldə bilmək, əlinin içində həcmin olması mənə o qədər maraqlı gəldi ki, sonra memarlıq yadımdan çıxdı, getdi (gülür).
- Nə kimi fərqlər var memarlıqla heykəltəraşlıq arasında?
- Memarlıq daha çox hesab-kitab işidir, bəstəkarlıq, və yaxud yazıçılıq kimidir. Sənin yaratdığın nəsnə yaxşı və ya pis ola bilər, amma sən nəsə ortaya qoymaq istəyirsənsə, bunun insanlara necə təqdim edəcəyindən çox şey asılıdır. Heykəltəraşlıqda yaradan da özünsən, təqdim edən də. Müəllif sənsən: özün fikirləşirsən, özün yaradırsan, bunu axıra qədər də sən davam etdirirsən. Buna görə də, əsərinin pisi də sənindi, yaxşısı da. Memarlıqda isə tamam fərqlidir. Məsələn, memar deyə bilər ki, o binanın layihəsi mənə məxsusdur, amma heç kim bilməsin. Çünki binanı tikənlər onu pis günə qoyub. Mənim layihəmdən fərqli bir şey alınıb. Heykəltəraşlıqda isə heç nəyi gizlədə bilməzsən, nə eləmisənsə, sən eləmisən. Sənin əsərindi bu.
- Əsərlərinizdə nələri ön plana çıxarırsınız?
- Atamın rəngkarlıqda etmiş olduğu nümunələri çalışıram heykəllərdə təkrarlayım. Yaratdığımız hər hansı əşyanı, heykəli olduğu kimi təsvir etməkdənsə, ona hansısa məna yükləmək mənə daha cəlbedici gəlir. Bu, tək burada belə deyil. Məsələn, filmə baxanda da, musiqiyə qulaq asanda da mənə mənalı olanı bəyənirik, sevirik. Məşhur rəssam Mikelancelonun belə bir fikri var: bir heykəli düzəldin, sonra onu hündür yerdən atın, qoyun, qırılsın. Qırıntılardan nə qalacaqsa, sizin yaratdığınız əsər odur. Bu yanaşma mənim üçün çox məntiqlidir. Əsəri mümkün qədər ixtisara salmaq, bir fikri bir fiqurla izah etmək – mənim çalışdığım elə budur. Minimalizm! Necə ki, iki misra hər şeyi ifadə edir, kompozisiyalarım da elə. Çalışıram azdan çox şey yaradım, ifadə edim.
- Mikelancelo demişkən, kumiriniz, idealınız var? Kimin əl işlərini bəyənirsiniz?
- Yox, kumirim o qədər də yoxdur. Sənətkarlar arasında ilhamlandıqlarım isə çoxdur. Məsələn, Mikelancelodan çox Avqustin Rodinin əsərləri, manevrləri daha çox cazibəli gəlir. Rus heykəltəraşlardan da bəyəndiklərim var: Mixael Anikuşin, Fiveyski və s. Azərbaycanda heykəltəraş kimi işini bəyəndiyim Ömər Eldarov var.
- Müəlliminiz kimdir?
- Müəllimim hal-hazırda Fuad Salayevdir. Onu seçməyimin səbəbi kompozisiyalara yanaşma tərzi fərqlidir, mən də onun kimi əsərə məna yükləyirəm. Müəllimimi könüllü surətdə seçmişəm, əməlli-başlı qırğın çıxmışdı onun üstündə (gülür).
- Güntay, özünü sənətçi hesab edirsənmi? “Sənət” və “sənətçi” sənin üçün nələri ifadə edir?
- Rəhmətlik şair Fikrət Qocanın təvazökarlıqdan uzaq olan bir şeiri yadıma düşdü. Şeirdə deyir ki: “Ay yazıq Fikrət, sən də şairsənsə, onda Füzuli kimdir?!”. Məsələ burasındadır ki, Füzulinin yanında heçliyini bilən adam niyə yazır bəs? Əlbəttə ki, hamımızın içində bir eqo var, bunu dana bilmərəm. Mən qalxıb təvazökarlıqdan çıxış edə bilmərəm. İnsanlar mənim işlərimi bəyənər, ya bəyənməz bilmirəm, onu artıq zaman göstərər. Bəyənirlərsə, ilham verər mənə, bəyənmirlərsə, bunun üçün heç nə edə bilmərəm (gülümsəyir).
- Sərginiz olub?
- Fərdi sərgi təşkil etməsəm də, sərgilərdə iştirak etmişəm. Sərgi keçirmək üçün özümü hazır hiss etmirəm.
- Sərgi keçirmək üçün sizə nə mane olur? Maddi problemlər, yoxsa...?
- Maddi problemlərdən daha çox, material azlığı əsas məsələdir. İnsanların qarşısına çıxarılacaq əsərlərin çox olması lazımdır. Yəni, sözün olanda danışasan gərək. Sərgiyə gələn adamın qarşısı dolu olmalıdır ki, birinə baxıb, çıxıb getməsin. Sərgi iki-üç dostunun gəlib, alqışlayıb, iki buket gül verib, getməsi deyil. Sabah başqa yerdə sərgin olanda salon boş qalacaq. Ona görə də, ilk sərgi necədirsə, qalanları da o cür keçməlidir.
- İş prosesinizi izah edə bilərsinizmi? Bir heykəlin və ya fiqurun yaradılması hansı mərhələlərdən keçir?
- Əvvəla onu deyim ki, fiziki olaraq ağır işdir, bir heykəli tutub çevirmək çətin məsələdir. Kömək etməyə bir nəfər lazım olur. Əvvəlcə, eskizdə yaradacağımız fiqur çəkilir. Ümumi təsəvvür yaranır ki, hansı formada, ölçüdə olacaq. Ondan sonra onun karkası, yəni skeleti qurulur. Karkas dəmir və ya taxtadan yığılır. Onun üzərinə gildən və ya plastilindən ümumi kütləni yığırıq və başlayırıq yaratmağa. Günlərin, bəlkə də həftələrin gedir. İşləyib qurtardıqdan, detallaşdırma işlərini də bitirdikdən sonra hazır vəziyyətə gətirilir. Bundan sonra da üzərində qəlibləmə işləri aparılır. Qəlibləmə mütləqdir, çünki nə gil, nə də plastilin ömürlük qalacaq material deyil. Gil quruduqdan sonra çatlayır, plastilin isə temperatura görə əriyir. Biz onu qəlibləyəndən sonra hansısa materiala – ucuz material kimi gipsə, ya da polyesterə, bahalı material kimi bürüncə, ya da qranit, mərmərə köçürürük. Axırda gördüyünüz kimi görkəmli, sərt heykəl bu proseslərdən keçir.
- Ümumiyyətlə, Azərbaycanda bu sahə üzrə nələr çatışmır? Heykəltəraşlığa niyə maraq azdır?
- Bizim işimiz olduqca çirkli işdir. Hal-hazırda gördüyünüz bu otaq hələ maksimum təmizdir (gülür). Yəni, iş prosesini görən adam avtomatik olaraq, qaçır bundan. Bu işi davam etdirmək üçün çox böyük sevgin, dözümlülüyün olmalıdır. Ələlxüsus, Azərbaycan reallığından söhbət gedirsə, insanlar çalışır ki, aylıq normal gəliri olsun. Bizim gördüyümüz işdə isə normal gəlir yoxdur. Ölkədə heykəllərə o qədər də tələbat da yoxdur. Məsələn, götürək Sovet dövrünün heykəltəraşlığını: güclü təşviqat var idi, tələb olunurdu ki, heykəllər yaradın. O dövrün rəhbərlərinin nə qədər heykəli var, hamısını tələb-təklif normativinə uyğun düzəldirdilər. İndi elədir? Yox. Tələbat yoxdur.
Heykəl yaratmaq çox ciddi maddiyyat tələb edir. Buna da investisiya qoya biləcək adamlar azdır, demək olar, yox səviyyəsindədir. Bu sənətdəsənsə, başqa bir iş fikirləşməyəsən gərək. Məcbur qalıb başqa işə başladınsa, əsl peşən dönür, olur “xaltura”. Fokuslandığın hədəf o olur ki, necə edim ki, bu işim satılsın. Bir tərəfdən fikirləşirsən ki, aldığın təhsil, öyrəndiyin bunun yanlış olduğunu deyir, bir tərəfdən də məcbursan. Çünki sifarişçinin tələbi səndən odur. Etiraz edəndə isə işin rədd edilir, pul vermirlər. Qalırsan ortada, uyğunlaşa bilmirsən. Buna görə də, çox az insan bu sənətə yönəlir. Onu da etiraf edim ki, dövrümüzdə heykəltəraşa qiymət vermirlər, o ki qaldı sənətə... Hətta, ola bilər ki, bir neçə il sonra heykəltəraşlıq sənəti tamamilə itib batsın. Bizdən sonra kimlərin davam etdirəcəyi naməlumdur.
- Yaxşı, bəs orta statistik heykəltəraşın aylıq qazancı nə qədər olur?
- Aylıq qazanc... Yoxdur. Misal üçün, balıqçının qazancı gün ərzində tutduğu balığın sayına görə hesablanırsa, bizdə də elədir. Bir də görürsən, günlərlə balıq olmur, bir də görürsən elə çox, ya da elə böyük “balıq tutur” ki, ona bütün il boyu bəs edir. Bizdə də həmçinin. Ya hər şey olur, ya da heç nə olmur. Balans yoxdur, yəni ki. Bu sənətdəsənsə, maddiyyatı gərək fikirləşməyəsən. Gözə alanda, hədsiz marağın olanda bu, insanı qorxutmur.