Alman avtomobil nəhəngi "Volkswagen", müdafiə sənayesinə yönəlmiş mühüm addım atmağa hazırlaşır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, şirkət, Almaniya hökuməti ilə bağladığı yeni müqavilə çərçivəsində hərbi avadanlıq istehsalına başlayır.
"Volkswagen"in bu addımı, Avropanın təhlükəsizlik siyasətindəki dəyişikliklər və Almaniyanın artan müdafiə xərcləri ilə paralel qiymətləndirilir. Müqavilə çərçivəsində şirkətin hərbi nəqliyyat vasitələri və logistika dəstək sistemləri istehsal edəcəyi gözlənilir.
Əvvəllər avtomobil sektorunda fəaliyyət göstərən "Volkswagen", "Traton Group" və MAN kimi törəmə şirkətləri vasitəsilə dolayı yolla müdafiə sektorunda yer alırdı. Yeni strategiya ilə birlikdə şirkətin hərbi sahədə daha aktiv rol oynaması planlaşdırılır.
Almaniyanın müdafiə sənayesini gücləndirmə hədəfləri çərçivəsində atılan bu addım, "Volkswagen"in istehsal imkanlarını genişləndirərək sektorda yeni bir səhifə açmasına şərait yarada bilər. Şirkətin bu yeni təşəbbüsü ilə bağlı rəsmi detalların qarşıdakı günlərdə açıqlanması gözlənilir.