Süni intellekt kiberhücumları sürətləndirdi - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ
27 aprel 2026 11:39 (UTC +04:00)

Süni intellekt kiberhücumları sürətləndirdi - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ

0

Süni intellektin sürətli inkişafı kibertəhlükəsizlik sahəsini kökündən dəyişir. Bu texnologiyalar həm hücum edənlərin, həm də müdafiə tərəfinin imkanlarını genişləndirir. Anthropic, OpenAI və Google kimi şirkətlərin hazırladığı sistemlər artıq zəiflikləri aşkar etməyə və hücumları əvvəlkindən qat-qat sürətli həyata keçirməyə imkan verir. Mütəxəssislərin diqqətini çəkən hallardan biri hakerlərin süni intellektdən istifadə edərək onlarla şirkət və dövlət qurumuna hücum etməsi olub. Məlumata görə, bu prosesdə sistem tapşırıqların 80-90%-ni müstəqil şəkildə yerinə yetirib, insanlara isə yalnız köməkçi rol qalıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, əsas dəyişiklik məhz sürətlə bağlıdır.

Google Cloud nümayəndəsinin sözlərinə görə, bu, kibermühitdə indiyə qədər baş verən ən böyük dəyişikliklərdən biridir və artıq süni intellektə qarşı yalnız süni intellektlə mübarizə aparmaq mümkündür.

Əgər əvvəllər sistemə sızma dəqiqələr və ya saatlar tələb edirdisə, indi bu proses cəmi saniyələr çəkir. Hətta sındırılmış sistemlərə girişin yenidən satılması müddəti də saatlardan təxminən 20 saniyəyə qədər azalıb.

Süni intellekt müdafiədə də istifadə olunur

Eyni zamanda süni intellekt müdafiə sahəsində də aktiv rol oynayır. Onun köməyi ilə proqram təminatındakı kritik səhvlər daha tez aşkar edilir. Məsələn, süni intellekt Linux sistemində 20 ildən çox mövcud olmuş ciddi bir xətanı aşkarlamağa kömək edib.

Tanınmış proqramçı Daniel Stenberg bildirib ki, bu modellər insan imkanlarını genişləndirir və düzgün istifadə edildikdə proqram təminatındakı problemlərin aşkarlanmasını xeyli asanlaşdırır.

Hakerlər, yoxsa müdafiəçilər – kim üstünlük qazanır?

Bununla belə, mütəxəssislər arasında fikir ayrılığı qalır. Təhlükəsizlik üzrə ekspert Zico Kolter hesab edir ki, zəifliyi tapmaq onu effektiv şəkildə istismar etməkdən daha asandır.

Digər tərəfdən, yeni yaranan “AI agentləri” narahatlıq doğurur. Bu sistemlər demək olar ki, tam avtonom işləyərək zəiflikləri tapmaq, kod yazmaq və müxtəlif servislərlə qarşılıqlı əlaqə qurmaq qabiliyyətinə malikdir.

Yeni mərhələ: sürət uğrunda yarış

Texnologiya şirkətləri bu sistemlərin istifadəsini məhdudlaşdırmağa çalışsalar da, kiber cinayətkarlar tez-tez bu məhdudiyyətləri aşaraq hücumlarını qanuni fəaliyyət kimi maskalaya bilirlər.

Beləliklə, sənaye yeni mərhələyə sürət yarışına daxil olub. Ekspertlər xəbərdarlıq edir ki, süni intellekti müdafiə sistemlərinə inteqrasiya etməyən şirkət və dövlət qurumları yeni nəsil təhdidlər qarşısında ciddi risklərlə üzləşə bilər.

Gənclər və süni intellekt: fərqli istifadə sahələri

Digər tərəfdən, EduBrain araşdırmasına əsasən, Z nəsli nümayəndələrinin təxminən 40%-i süni intellektdən ulduz falı hazırlamaq üçün istifadə edir. Lakin onların yalnız 20%-i bu proqnozları dəqiq hesab edir.

Astroloq Rachel Ruth Tate qeyd edir ki, bu texnologiyaların üstünlükləri ilə yanaşı, məhdudiyyətləri də var. Onun sözlərinə görə, süni intellekt əsasən dil modelidir və ixtisaslaşmış astroloji məlumatlarla dərin təlim keçmədiyi halda, çox vaxt sadələşdirilmiş şərhlər təqdim edir.

Bundan əlavə, bu sistemlər insanın şəxsi kontekstini emosional vəziyyətini, münasibətlərini və həyatındakı dönüş nöqtələrini nəzərə almır. Nəticədə, məsələn, Plutonun aktivliyini qeyd etsə də, bunu konkret insan həyatındakı real hadisələrlə əlaqələndirə bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar