Zəlzələ zamanı  nə edək, necə davranaq?
07 dekabr 2023 11:10 (UTC +04:00)

Zəlzələ zamanı nə edək, necə davranaq?

Bu gün səhər saatlarında Bakıda və regionlarda zəlzələ baş verib. Zəlzələnin 5,6 bal gücündə olduğu bildirilir. Həyət evlərində hər nə qədər hiss edilməsə də, bina evlərində çox hiss olunub.

Bu hadisə insanlarda bir daha zəlzələ anında nə etmək, necə qorunmaq lazım olduğunu gündəmə gətirib. 

Lent.az gündəmi nəzərə alaraq, zəlzələ zamanı təhlükəsizlik qaydaları ilə bağlı məlumatları diqqətinizə çatdırır.

Avropalı alimlər deyirlər ki, zəlzələlərin harada baş verə biləcəyini bilmək mümkündür, lakin onların nə vaxt baş verəcəyini proqnozlaşdırmaq hələ də çətindir. 

Zəlzələnin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çətin olsa da, hər zaman bu vəziyyətə hazır olmaq lazımdır. 

Əgər siz (tez-tez zəlzələlərin) baş verdiyi bir ərazidəsinizsə, evdə təcili yardım çantası olsa yaxşıdır. Həmin çantada su, fənər, ilk yardım dəsti və yemək olmalıdır.

Bununla yanaşı, çantada həmçinin şəxsi sənədləriniz, nağd pul və müntəzəm olaraq qəbul etdiyiniz dərmanların siyahısı, eləcə də sağlamlığınızla bağlı məlumatları saxlamalısınız.

ABŞ Geoloji Tədqiqat Mərkəzinə (USGS) görə, zəlzələ başlandığı zaman olduğunuz yerdə qalsanız və hərəkət etməsəniz, xəsarət alma ehtimalınız daha azdır. Ona görə də silkələnmə zamanı yerinizdən tez qaçmamağınız tövsiyə edilir. Çünki araşdırmalar göstərir ki, ən çox xəsarət alma halları binada hərəkət edərkən və ya bayıra çıxmağa çalışarkən baş verir.

Təhlükəsizliyinizi təmin edəcək üç sözə diqqət edin: “Aşağı əyilin, tutun, yapışın”.

Başınızı əlləriniz arasında tutaraq və ya qoruyucu materialla (yastıq, kitab və s.) qoruyun. sarsıntı azalana qədər gözləyin və təhlükəsiz yerdə dizlərinizin üstünə çökün. Baş və boynunuzu qoruyacaq şəkildə örtün və yıxılmamaq üçün sabit bir yerdən tutun. Sarsıntı dayanana qədər olduğunuz yerdə qalın.

Qapılar zəlzələ zamanı ilk sığınacaq yerlərdən biridir. Bununla belə, əgər bina köhnə tikilidirsə və qapılar yükdaşıyıcı deyilsə, ekspertlər deyirlər ki, masa altı daha təhlükəsiz ola bilər.

Zəlzələ zamanı adətən ilk sınan və dağılan yerlər şüşə və pəncərələrdir. Mütəxəssislər bu yerlərdən uzaq durmağı məsləhət görürlər.

Hər güclü zəlzələdən sonra həmişə afterşok olur. Afterşoklar zaman içində seyrəkləşir və azalmağa doğru gedir. Onlar adətən zədələnmiş binalara ziyan vura bilər. Buna görə də, yeraltı təkanlar tamamilə yox olana qədər zədələnmiş binalara girməyin.

Zəlzələ zamanı çöldə olsanız;

Elektrik xətlərindən və dirəklərdən, ağaclardan, digər binalardan və divar diblərindən uzaq durun.

Açıq ərazidə çömələrək ətrafdan gələn təhlükələrə hazır olunmalıdır.

Sürüşmə ola biləcək, daş və ya qayaların düşə biləcəyi yamacların altında dayanmayın. Əgər belə bir mühitdəsinizsə, tez bir zamanda təhlükəsiz mühitə keçid edin.

Binalardan düşə biləcək bacalara, sınmış şüşələrə və suvaqlara qarşı diqqətli olmaq lazımdır.

Yeraltı kanalizasiya, elektrik və qaz xətlərindən gələn təhlükələrə qarşı ehtiyatlı davranın.

Dəniz kənarından uzaq durun.

# 2544
avatar

Fidan İlqar

Oxşar yazılar