Ötən il vətəndaşların müraciətlərinə əsasən yol verilən nöqsanlara görə 858 cavabdeh şəxsə töhmət və şiddətli töhmət verilib.
Lent.az-ın məlumatına görə, Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov deyib.
S.İsmayılovun sözlərinə görə, vətəndaşların müraciətlərinə baxılması və qəbulu məsələləri müzakirəyə çıxarılıb və yol verilən nöqsanlara görə 1712 cavabdeh şəxslə bağlı tədbirlər görülüb: “ O cümlədən 858 nəfərə töhmət və şiddətli töhmət verilib, 31 nəfər aşağı vəzifəyə keçirilib, 5 nəfərin ixtisas dərəcəsi aşağı salınıb, 114 nəfərin əmək müqaviləsinə xitam verilib, 16 nəfərin vəzifə maaşı azaldılıb, 3 nəfərə cərimə kəsilib. Bundan başqa, 685 nəfərə xəbərdarlıq edilib”.
PA şöbə müdiri deyib ki, ötən il şəhər və rayon icra hakimiyyətləri başçıları yanında keçirilmiş 363 şura iclasında, həmçinin müşavirələrdə vətəndaş müraciətlərinə baxılması vəziyyəti müzakirəyə çıxarılıb: “ Müraciətlərə baxılmasına cavabdeh 335 şəxs barəsində tədbirlər görülüb, o cümlədən 59 nəfərə töhmət və şiddətli töhmət verilib, 6 nəfər aşağı vəzifəyə keçirilib, 9 nəfərin əmək müqaviləsinə xitam verilib. Bundan başqa, 261 nəfərə xəbərdarlıq olunub”.