Yanvarın 19-da UNEC-də 20 Yanvar hadisələrinin 27 illiyinə həsr edilən tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial Abidənin önündə təşkil edilən tədbirdə universitetin professor-müəllim heyəti ilə birlikdə şəhid ailələri də iştirak edib.
UNEC rektoru Ədalət Muradov, universitet kollektivi və şəhid ailələri “Qanlı yanvar UNEC tələbələrinin gözü ilə” adlı rəsm və foto sərgiyə baxış keçiriblər. Tədbir iştirakçıları Memorial Abidənin önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ə. Muradov 20 Yanvar faciəsinin başvermə səbəblərindən söz açaraq, 27 il əvvəl törədilən qətliamın insanlığa qarşı qatı cinayət olduğunu, yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunan bu tarixin həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan xalqının birlik, fəxr və şərəf günü sayıldığını vurğulayıb. “Şəhid tələbələr hər zaman bizim qürur mənbəyimiz olub” deyən rektor, UNEC-də onların adının daim hörmət və ehtiramla xatırlandığını bildirib.
Rektor 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi barədə də danışaraq qeyd edib ki, bu hadisələrə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət yalnız Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verildi. H.Əliyev həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi.
UNEC-in şəhid tələbəsi Habil Əzizovun qardaşı Etimad Əzizov da qardaşı ilə bağlı xatirələrini bölüşüb: “Qardaşım Habilin öz doğum günündə şəhidlik zirvəsinə ucalıb. Bu universitetin tələbəsi olmağı uşaqlıqdan arzu edirdi. Tale belə gətirdi ki, o məzun ola bilmədi və İqtisad Universitetinin əbədi tələbəsi adını qazandı”.
Tədbirə qatılan digər şəhid yaxınları – İlqar Əbilhəsənovun qardaşı Yavər Əbilhəsənov və Məhəmməd Umudovun atası Eldar Umudov şəhid ailələrinə olan dövlət dəstəyindən söz açıblar.
20 yanvar şəhidi Aslan Ağaverdiyevin nəvəsi, UNEC-in tələbəsi Aslan Əzimzadə adını daşıdığı babasının şəhidlik zirvəsinə ucalmasından söz açıb. “Şəhid ailəsində göz açdığımdan əminliklə deyə bilərəm ki, dövlətimizin diqqətini hər zaman hiss etmişəm” deyən A.Əzimzadə UNEC tələbələrinin şəhidlərin qəhrəmanlıq yolunu davam etdirməyə hazır olduqlarını bildirib.