Bu torpaqlarda yaşamış ən böyük kişilərdən olan Həsən bəy Zərdabinin bir xatirəsi var. Müsəlman Xeyriyyə Cəmiyyəti yaratmaq üçün Şuşaya gedir. Şuşada bəylər Zərdabiyə yaxşı süfrə açır, yeyib-içirlər. Söhbət kasıb müsəlman balalarının təhsili üçün yaradılacaq cəmiyyətə pul yardımı eləməyə gələndə bu yeyib-içən bəylərin hamısı aradan çıxır. Zərdabi ilə Şuşaya gedən erməni həmkarı isə Erməni Xeyriyyə Cəmiyyəti üçün xeyli pul yığır. Mıkrtıç adlı qoca və tənha bir erməni isə suçuluqla qazandığı 990 manatı gətirib cəmiyyətə verir ki, o, ölüb gedəcək, təki erməni balaları təhsil alsın. Zərdabi daha sonra yandığından yazır ki, bütün Qarabağ bəylərinin o Mıkrtıç qədər milli qeyrəti yoxdur.
Müqayisə uğursuz görünə bilər, ancaq dünən prodüser Tolikin Seymur Baycanın kitabına sponsorluq eləyəcəyi xəbərini oxuyanda ağlıma ilk gələn söhbət bu oldu, nədənsə. Çox dəhşətlidir. 100 ildən çox keçib, ancaq bu torpaqlarda yaşayan insanların şüurunda bir qram da irəliləyiş olmayıb. Kitabsızlığa rəğbət kitabdan daha böyük olduğu üçün Tolikə rəğbət Seymur Baycana olan rəğbətdən daha böyükdü. Əlbəttə, burada Tolik sadəcə bir örnəkdir. Məqsədim əsla onu xor görmək deyil. Hətta dünənə qədər onu yararsız işlərlə məşğul olmaqda günahlandırdığım üçün üzr istəyirəm. Söhbət cəmiyyətin öz gələcəyini necə görmək istəməsindən gedir. Seymur özü də yazmışdı. Cəmiyyət gələcəyini Tolikdə görür, “Tolik”ləşmək istəyir. Çalıb-oynamağı, içi boş əyləncəni kitab oxumaqdan, təhsil almaqdan, savadlı fərd olmaqdan üstün tutur. Təbii ki, çalıb-oynamaq da lazımdır. Ancaq oynayıb yorulandan sonra təhsil almaq, savadlı olmağa çalışmaq cəmiyyətin qurtuluşudur. Bizdə isə oynayıb yorulandan sonra yatmağı üstün tuturlar.
Elə buna görə də, misalçün, deputat Hadı Rəcəbli deyir ki, camaata sosial yardım olaraq qoyun verilsin. Cəmiyyətin gələcəyini formalaşdıran müəllimə işdən sonra gedib daş daşımağı təklif edən deputat, əlbəttə, o cəmiyyətə qoyun verəcəkdi. Kitab verəsi deyildi ki... Bir türk mahnısında deyildi kimi: Her kes hakettiği gibi yaşıyor.
Digər tərəfdən də ölkədə qoyunçuluğun inkişafı Hadı müəllim kimi insanlara, şübhəsiz, sərf edir. Hər halda, hər bir vətənini sevən deputat kimi Hadı müəllim də ölkəmizin inkişafını istəyir. Bunun üçün də respublikada qoyunçuluğun inkişafına qayğı göstərir. Hadı müəllim uzun illərdir parlamentdə sosial siyasət komitəsinin sədri işləyir, bu həqiqəti təbii ki, hamımızdan yaxşı bilir. İndi hörmətli Hadı müəllim nə etsin ki, bizdə qoyun saxlamaqla onun həyat tərzini mənimsəmək əksər hallarda bir-birinə qarışdırılır. Bir tərəfdən də yəqin ki, qoyun çox faydalı və məhsuldar heyvan olduğu üçün müəllim məhz bu heyvanda qərar qılıb.
İndi Tolikin həyat tərzinə pərəstiş etməklə Hadı müəllimin deputat olması və kasıblara qoyun verilməsi təklifi arasında heç bir əlaqə olmadığını da izah eləməyə ehtiyac yoxdu. Elə bir əlaqənin olmadığını savadlı adamların hamısı anlayır.