Rəşid Behbudova, Tahir Salahova, Bəxtiyar Vahabzadəyə ayaqqabı tikən çəkməçi... – <span style="color:red;">REPORTAJ
03 mart 2014 10:29 (UTC +04:00)

Rəşid Behbudova, Tahir Salahova, Bəxtiyar Vahabzadəyə ayaqqabı tikən çəkməçi... – REPORTAJ

Yəqin ki, Əli dayını çoxları tanıdı. Çünki o, həm yerli, həm də xarici mətbuatın hər zaman diqqət mərkəzində olub. Bizi dostu ilə tanış etdi ki, əlindəki işini bitirsin. Bir az dostu ilə söhbətləşdik. Şair Akif Salamoğlu deyir ki, Əli dayı çox yaxşı həmsöhbətdir.


“Həm də ondan hər şeyi öyrənmək olar. Nə desən, hansı sahədən desən, söhbət var onda, xüsusi ilə də Nizami haqqında”.

Emalatxananın divarlarını şairlərin , mütəfəkkirlərin portretləri bəzəyir. İndi yəqin aydın oldu ki, Əli dayı niyə həmişə mətbuatın diqqət mərkəzindədir. Çünki o, sadə bir çəkməçi deyil. Həm də dərin mütaliəsi, biliyi olan el ağsaqqalıdır. Şəkidə doğulub Əli dayı. Həmyerlim olması və şirin ləhcəmiz vəziyyəti bir az asanlaşdırdı. Bir qədər özü haqqında danışmasını istədim.

“Atam repressiya qurbanı olub. Onu görməmişəm. Bir ziyalı dayım vardı. O vaxt məni gətirib sənətə qoydu. Biz Şəkinin yuxarı tərəfindənik. Məktəb aşağıda idi. Məktəbə gedib gələ bilmirdik deyə orta təhsilim də yoxdur”.

Amma orta təhsili olmayan Əli dayı Nizaminin yaradıcılığını əzbər bilir. 4000 minə yaxın kitabı var. Deyir, insan peşəsindən asılı olmayaraq daim mütaliə etməlidir. Çəkməçinin qəzet0jurnal almağa əli gəlmir

“59-cu ildən bu günə qədər dahilərimizin, neçə rəhbərlərimizin qəzetdə çəp olunan çıxışlarını, haqlarındakı broşürləri, afişaları yığıb saxlayıram. Kimə lazım olsa, istənilən materialı verməyə hazıram”.

55 ildir ki, Dövlət Filarmoniyası üçün milli ayaqqabılar tikir. Əməyi hədər getməyib Əli dayının. 1991-ci ildə ona əməkdar mədəniyyət işçisi adı verilib. İşlədiyi müddətdə Rəşid Behbudova, rəssam Tahir Salahova və digər tanınmış sənətkarlara ayaqqabı tikib.

“Elə bir dahi yoxdur ki, 59-cu ildən bəri ona xidmət etməyim. Özü də yalnız onlara ayaqqabı tikməklə kifayətlənməmişəm. Əksəriyyətindən avtoqraf da almışam. Çoxu ilə şəkilim var. Bax mən adi adamam. Amma Tofiq Quliyevlə, Bəxtiyar Vahabzadə ilə, Aşiq Şakirlə, Rəşid Behbudovla şəklim var. Avtoqrafları da ki, öz yerində”.

Əli dayı deyir ki, bu sənətin 4 rütbəsi var: “Başmaqçı, çarıqçı, çəkməçi, bir də var pinəçi. Pinəçi ayaqqabı təmir edəndir. Yəni bu peşələri qarışdırmaq olmaz”.

Müsahibimin dediyinə görə, Azərbaycanda 11 növ milli ayaq geyimi var. Bunlardan altısı qadın, beşi kişiyə milli ayaq geyimidir: “Azərbaycanlıların toya gedəndə, ova gedəndə uyğun geyimləri olub. Mən Türkiyədə olanda bir söz işlətmişdim. Türk xalqları arasında yeganə bizik ki, küçədə görəndə bir-birindən hara getdiyimizi soruşmuruq. Çünki hara getdiyimiz geyimimizdən bilinir. Bu, bizim zənginliyimizdir”.

Sənətkar əlavə etdi ki, ayaqqabı təkcə istidən, soyuqdan qorunmaq üçün deyil. Hər bir ayaq geyiminin məzmunu olmalıdır.

“Əvvəllər ayaqqabılar təbii dərilərdən tikilirdi, indi elə materiallar tapmaq çətindir. Bu boyda Bakıda milli geyim emalatxanası yoxdur . Başmaq, çarıq tikilən yerlər yoxdur. Azərbaycana milyardlarla ayaqqabı dəyərində material gətirirlər, halbuki, bunlar respublikada qalası pullardır. Materialı gətirib odun tayası kimi tökürlər bura. Belə bir atalar sözü var, oğluna balıq yedirtsən bir gün, balıq tutmağı öyrətsən, ömürlük tox olar. Bizdə balıq tutmaq yox, balıq yedirtmə var. Yəni istehsal etmirik”.

Çəkməçini narahat edən bir məsələ də var. Gənclərin bu sənəti davam etdirməməsi. Deyir ki, bir ölkədə nə qədər sənətkar çox olarsa, o ölkənin zənginliyidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111
avatar

Oxşar yazılar