"Heç kimə sirr deyil ki, Qurban bayramı ərəfəsində hazırlanan ləziz xörəklər normalda qəbul edilən qidalardan miqdar və kaloriliyinə görə kəskin fərqlənir. Bayram günlərində qırmızı ətdən hazırlanan müxtəlif növ kabablar, qızartmalar, dolma və plovlar, üstəlik, ziyafət məclisləri, qonaqlıq süfrələri müasir insan üçün həyati təhlükə yarada bilər".
Həkim-terapevt Nahid Məhərrəmov APA TV-yə müsahibəsində bildirib ki, xüsusilə ürək, qan-damar sistemində problemi olan və yüksək təzyiqdən əziyyət çəkən insanlar qidalanmalarına fikir verməlidirlər: "İnsan orqanizmi normal qidalanmaya uyğunlaşmalıdır. Bəzi hallarda, məsələn, bayram və tətil dönəmlərində qida rasionumuzda müəyyən kənara çıxmalar olur. Bu isə orqanizmdə yüklü şəkildə kalori yığımı ilə nəticələnir. Yüklənmiş şəkildə qida qəbulu vücudun normal çalışmasını əngəlləyir. Metobolizma zəifləyir, maddələr mübadiləsi pozulur. Həzm sistemində disfunksiyalar yaranır. Bu zaman ürək-damar sistemi pozulur. Bundan sonra isə təngnəfəslik, boğulma, nəfəs darlığı yaranır ki, bu da ciddi fəsadlarla nəticələnir"
Nahid Məhərrəmov deyib ki, ürək, hipertoniya, şəkərli diabet, piylənmədən əziyyət çəkən insanlar bu bayramda bəslənmə proqramlarına diqqətlə yanaşmalıdır: "Əgər bir insanda kardioloji problem, arterial təzyiq varsa, ürək-damar əməliyyatı keçiribsə ona qırmızı ətin qəbulu qadağandır. Qurban bayramında qırmızı ətin qəbuluna gəlincə, hesab edirəm ki, bu zaman xüsusən diqqətli olmaq lazımdır. Çünki bu ətin tərkibi yetərincə xolesterini qaldırır ki, bu da ciddi problemlərlə nəticələnir. Ümumiyyətlə, sadaladığım xəstəliklərlə yaşayan pasiyentlər bayırda qidalanmaya daha həssas yanaşmalıdır. Qoyun ətindən yetərincə az miqdarda istifadə olunmalı, axşam saat 6-7-dən sonra isə konkret olaraq qırmızı ətin istənilən formasından istifadə olunmamalıdır".
Mütəxəssis tövsiyə edir ki, Qurban bayramında hazırlanacaq xörəklər üçün yağsız və ya az yağlı ətlər seçilməlidir. Nahid Məhərrəmov deyir ki, insanlar adi günlərdə də qidalarında qırmızı ətin istifadəsinə diqqət etməlidirlər: "Nəticədə sonradan belə insanların artıq kilo problemi yaranır. Həmçinin piylənmə dərəcəsi riskli qrupa daxil olan adamların bayramdan sonra real piylənmə xəstəsi kimi ciddi müalicə alması lazım gəlir. Yağlı ətlərin doymuş yağ turşularından ibarət olması və xolesterini qanda artırması səbəbindən bayramda yağsız və ya az yağlı ətlər seçilməlidir”.
Həkim-terapevt Qurban bayramı zamanı həmçinin şirniyyat yeməyin də zərərindən danışıb: "Bayram günlərində qonaq getdiyiniz zaman yeməkdən sonra açılan çay süfrəsində olan şirniyyatların dadına baxmağa tələsməyin. Ya da aralarında ən yüngül olanını seçib yeyin. Onu da vurğulayım ki, bayram günlərində qara çaydan daha çox istifadə olunur. Çay adətən, şirniyyat və şokoladlarla qəbul edilir. Bu da yağlı və kalorili qidalardan sonra mədənin işini daha da çətinləşdirir. Şirniyyat, şokoladla içilən çay mədə problemləri ilə yanaşı, yuxusuzluq və ürəyin ritm pozuntusuna səbəb ola bilər. Ona görə də qəbul etdiyiniz kalorili bayram yeməklərindən sonra qara çay əvəzinə, yaşıl və ya bitki çayları için".