Qiymətlərin əl yandırdığı Bakı bazarlarından REPORTAJ
16 iyul 2014 17:32 (UTC +04:00)

Qiymətlərin əl yandırdığı Bakı bazarlarından REPORTAJ

"Yay ayları başladı. Bu isə o deməkdir ki, meyvə-tərəvəz mövsümünə start verildi. Bəs görəsən bazarlarda qiymətlər necədir? Alıcılar və satıcılar qiymətlərdən razıdırlarmı?"

 

Bazarda necə deyərlər, "quş südü, can dərmanı" - hər şey tapmaq mümkündür. Yetər ki, cibiniz dolu olsun. Piştaxtaların üzərinə düzülən rəngbərəng meyvə-tərəvəzlər alıcılarını gözləyir. Satıcılar APA TV-yə bildirdilər ki, qiymətlər alıcıların cibinə münasibdir. Lakin mövsümü meyvələrə, daha çox mürəbbələrin hazırlanmasında istifadə edilən ərik və gilasın qiymətində bahalaşma müşahidə edilir. Satıcılar isə alverin zəifliyindən şikayətçidirlər.

 

"Şaftalını 1 manata, 50-70 qəpiyə almaq mümkündür. Bu meyvədə qiymətlər çeşidinə görə dəyişir. Alıcılıq qabiliyyəti isə zəifdir. Alıcılar daha çox yerli meyvələrə - armud, fındıq, ərik, alçaya üstünlük verirlər".

 

"Ötən illə bu ilki qiymətlər arasında o qədər də fərq hiss edilmir. Daha çox bahalaşma əriyin qiymətindədir ki, bu il 2 manata qədər artıb.  Əvvəl 3 manata olan ərik indi 5-6 manatadır".     

 

"Alıcılar 1 manat  50 qəpiyə üzüm, 1 manata şaftalı, 1 manata armud ala bilərlər. Qiymətlərin dəyişməsi isə əsasən mövsümdə məhsulun bolluğundan asılı olur".


"Mövsümün ən tələbatlı meyvələrindən biri olan gilaslara alıcılar çeşidinə görə pul xərcləməli olacaqlar. Hansı ki, bazarda gilasın qiyməti 2 manat 50 qəpikdən 3 manat 50 qəpik arası dəyişir. Ən baha gilas isə Quba gilası hesab olunur".

 

Satıcılarla apardığımız söhbət zamanı o da məlum oldu ki, bu il mövsümü meyvələrin bol olmasına baxmayaraq, qiymətlərin hələ də əl yandırmasının səbəbi, həmin məhsulların rayonlardan paytaxt bazarlarına kimi keçdiyi yoldan asılıdır.

 

"Biz gətiririk məhsulu bazara, burada da hər yeşik üçün 70 qəpik yer haqqı veririk. Təsəvvür edin, gün ərzində 5-7 manat yer pulu veririk. Bəzən qazanc əvəzinə ziyan olur".

   

Bazarda meyvələrin əl yandıran qiymətlərindən alıcılar o qədər də narazı görünmür. Hər həftə yolunu bazardan salan Nazim dayı deyir ki, qiymətlər baha olsa da, almağa məcburdur. Çünki evdə nəvə-nəticəyə qiymətlərin baha olduğunu izah etmək qeyri-mümkündür.

 

"Düzdü qiymətlər bahadır amma məcbur olub alırıq. Amma buna da şükür. Çünki həyətdə marketlərdə satılan meyvə tərəvəz burdan iki qat baha olur".

 

"Ötən illə müqayisədə artım var. Lakin o qədər də hiss olunmur. Çünki bütün malların qiyməti qalxıb". 


"Yayın ən məşhur bostan meyvəsi isə qarpızdır. Alıcılar bazarlarda qarpızın kilosunu topdan 20 qəpiyə, kiloqramla isə 25 qəpiyə ala bilərlər".

 

Satıcılar deyir ki, ötən aya nisbətən iyul ayında qarpıza tələbat bir qədər artıb. Buna həm dəniz mövsümünün başlanması, həm də təbii yolla yetişən tarla qarpızlarının artıq satışa çıxarılması səbəb olub. Hər halda bazarda meyvə-tərəvəz yetərincə boldur, əsas pul olsun.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185
avatar

Oxşar yazılar