Qərbin ilk demokratiya təcrübəsi - Afina quldar demokratiyası
12 dekabr 2017 12:09 (UTC +04:00)

Qərbin ilk demokratiya təcrübəsi - Afina quldar demokratiyası

Eldar Əmirov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru,

ADU-nun Rusiyaşünaslıq ETL-in baş elmi işçisi

 

 

Azadlıq Afinanın malik olduğu qüdrətin və əzəmətinin yeganə mənbəyi idi, Afinada  mütləqiyyətin hakim kəsildiyi dövrdə isə şəhər hətta qonşularına belə layiqli müqavimət göstərmək iqtidarında deyildi. Herodot

 

E.ə. 510-cu ildə Afinanın ictimai-siyasi həyatında, idarəetmə fəlsəfəsində mühüm bir dəyişiklik baş verdi. Tarix səhnəsinə öz mahiyyəti etibarilə əvvəlkilərindən köklü şəkildə fərqlənən keyfiyyətcə yeni ictimai quruluş və münasibətlər sistemi – demokratiya çıxdı. Qanunvericilikdə və idarəçilik sistemində həyata keçirilən dəyişikliklər nəticəsində Afinada ilk dəfə olaraq zadəganlarla yanaşı, cəmiyyətin  əmlak və sosial mənşə nöqteyi-nəzərindən nisbətən aşağı pillələrinə mənsub nümayəndələri də müəyyən çərçivələrdə dövlət idarəçiliyində təmsil edilmək hüququ qazandılar. Afinanın demokratikləşməsi onun həm hərbi-siyasi qüdrətinin möhkəmlənməsinə, həm iqtisadiyyatın tərəqqisinə, həm də elmi-mədəni həyatın canlanmasına gətirib çıxardı. Demokratik quruluşun meydana gəlməsinə qədər Afina heç vaxt bu qədər güclü olmamış, heç zaman yunan şəhər-dövlətləri arasında bu qədər böyük siyasi nüfuz qazanmamışdı. Afina həm də Avropa tarixində demokratiyanın ilk təcrübəsi kimi maraqlı və əhəmiyyətlidir. Qeyd edilən amilləri nəzərə alsaq,  bu tarixi  vərəqləmək, onun dərsləri ilə müxtəsər şəkildə olsa da tanışlıq məncə Azərbaycan oxucusuna maraqlı görünəcəkdir.

İlk olaraq, Afinada demokratiyanın təşəkkül yoluna qısaca nəzər salaq. Mənbələrdə və tarixçilər arasında Afinada ilk siyasi cəmiyyətin nə zaman yaranması məsələsinə dair yekdil mövqe mövcud deyil. Ancaq tədqiqatçıların bir çoxu Afinada meydana çıxan ilk siyasi quruluşun mahiyyət etibarı ilə tiraniyaya daha yaxın olması fikrinə üstünlük verirlər. Alman alimi İrmşer özünün “Antik  lüğət”ində yazır ki, Afinanın ilk hakimləri çarlar olublar və onların arasında ən məşhuru Kekrop adlı hökmdar olub. Lakin e.ə. VII əsrin əvvəllərindən etibarən tiraniya zəifləməyə başlayır və hakimiyyət tədricən əkinçi aristokratiyanın əlinə keçir. Doğrudur, yeni hakimiyyət tiranlardan fərqli olaraq, seçki yolu ilə təşkil edilmiş müştərək idarə üsulunu həyata keçirir. Buna baxmayaraq, Afina əhalisinin sosial narazılığının qarşısını almaq mümkün olmur. Üstəlik, tarixə “qanlı Drakon qanunları” kimi düşən qanunlar toplusunun icrası vəziyyəti bir qədər də  çətinləşdirir.

E.ə. 594-cü ildə qədim dünyanın ən tanınmış dövlət xadimlərindən və qanunvericilərindən hesab olunan Solon (e.ə.640-558-ci illər) Afina cəmiyyətinə yeni qanunlar və fərqli sosial ədalət meyarı bəxş etdi.  Aparılan islahatlar uzun müddət nəinki Afinada, həm də bütün Elladada ədalətin indiyədək tapılmış ən uğurlu modeli kimi qəbul olunurdu. Sözügedən model zahirən cəmiyyətdəki təbəqələşməni və dövlətdəki vəzifə bölgüsünü “əmlak” prinsipi əsasında həyata keçirsə də, Solon tərəfindən nəzərdə tutulan bir sıra incə mexanizmlər varlıların hüquqi vasitələrlə əldə etdikləri imtiyazları ciddi şəkildə çərçivələdi. Həmin qanunların işə düşməsi Afina cəmiyyətində təbəqələr arasında qarşılıqlı anlaşmanın formalaşmasına, həmçinin əmlak nöqteyi-nəzərindən cəmiyyətin aşağı təbəqəsinə mənsub olanların öz istedadlarını nümayiş etdirə bilməsinə münbit şərait yarandı. Solonun verdiyi qanunlarının mahiyyətini və onların  ehtiva etdikləri ədalət prinsipini aşağıdakı sətirlərlə səciyyələndirmişdir:

 

Xalqa zəruri hakimiyyəti verərək mən,

Nə artıq hüquq verdim ona, nə də məhrum etdim onu şərəfdən.

Sərvət və güclə digərlərini üstələyənlər alçaldılmasın deyə,

Onların da mən qaldım qeydinə.

Hər ikisinin arasında olaraq qalxan

Ədalətsiz qələbəni etdim qadağan.

 

Təsadüfi deyil ki, bu gün də yunanların  fəxrlə adını çəkdikləri Afina demokratiyası da məhz Solon qanunlarının yaratdığı münbit sosial-siyasi zəmində təşəkkül tapmışdı. Doğrudur, demokratiyaya gedən yolda Afina Solondan sonra tiran Pisistratın bərqərar etdiyi mütləqiyyət quruluşunu da yaşamı oldu. Ancaq Solon qanunlarının mütərəqqi ruhu mövcud mütləqiyyət quruluşunun yumşalmasına də təsirsiz ötüşmədi. İrmşer yazır ki, Psistratın bərqərar etdiyi tiraniya şəxsi mənafedən daha çox Afinanın dövlət maraqlarına xidmət edirdi. Həmin dövrdə hakimiyyət tərəfindən yaradılan şəraitin şəhərin iqtisadi cəhətdən möhkəmlənməsində, onun Elladanın aparıcı ticarət mərkəzlərindən birinə çevrilməsində müstəsna tarixi əhəmiyyəti oldu. Afinanın bir şəhər kimi genişlənməsi və memarlıq cəhətdən inkişafı da məhz Psistrat tiraniyasının dövrünə təsadüf edir.

Lakin Afinada demokratiyanın təntənəsi istiqamətində ən mühüm addım heç şübhəsiz ki, qədim Elladanın tanınmış dövlət xadimi Klisfenin həyata keçirdiyi islahatlar oldu. Həqiqətən də Klisfenin islahatlarına toxunmadan Afina demokratiyasının danışmaq ədalətsizlik olardı. Çünki Afinanın dünya tarixinə bəxş etdiyi başqa bir tanınmış dövlət xadimi Periklin hakimiyyəti dövründə öz intibahını yaşayan yunan demokratiyasının zəfər yürüşü məhz Klisfendən başlanır.

Uzun müddət Afinanı idarə edən Pisistratın əsasını qoyduğu tiraniya e.ə. VI əsrin sonlarına doğru tamamilə zəifləməyə başladı. Afinada gündən-günə inkişaf edən təsərrüfat münasibətləri və ticarət artıq zorakı üsullarla tənzimlənmək iqtidarında deyildi. Üstəlik, kifayət qədər kapital sahibi olmuş mülkədarlar hakimiyyətdə təmsil olunmaq, ölkənin idarəçiliyində pay sahibi olmaq niyyətində idilər. Ölkəyə hakim kəsilən müstəbidlik isə bu cür təşəbbüslərin yolunu kəsən ciddi hüquqi-siyasi əngəl halına gəlmişdi. Düzdür, tarixi ədalət prinsipini pozmamaq naminə onu da etiraf etmək gərəkdir ki, Pisistrat tiraniyası dövründə Afinanın iqtisadi və mədəni inkişafı üçün xeyli mütərəqqi addım atılmış, şəhərin genişlənməsi və çiçəklənməsi naminə kifayət qədər təşəbbüslər icra edilmişdi. Ancaq hər necə olursan-olsun, heç bir islahat, heç bir kosmetik xarakter daşıyan demokratik təşəbbüs tiraniyanın mahiyyətini, onun təbiətini dəyişmək iqtidarında deyildi. Mövcud quruluşun ana fəlsəfəsi zora əsaslandığından, onun öz simasını epizodik iqtisadi-siyasi islahatların hesabına dəyişəcəyi inandırıcı görünmürdü.

Güman ki, hələ e.ə. VI əsrdə Afinada da bunu başa düşən sakinlər, o cümlədən mülkədar sinfi sözü bir yerə qoyaraq tiraniyanı devirdi və şəhərin sonuncu müstəbidi  Qippi e.ə. 510-cu ildə canını qaçmaqla qurtardı. Vaxtilə tiraniya tərəfindən şəhərdən qovulmuş tanınmış nəsillərin nümayəndələri Afinaya geri dönməyə başladılar. Klisfen də həmin  tanınmış nəsillərdən birinin nümayəndəsi idi. Demokratiyanın bərqəqar olması uğrunda mübarizəyə girişən Klisfenin yolunda əsas əngəl aristokratiyanın mövqelərini müdafiə edən İsaqor oldu. Bütün mövcud maneələrə baxmayaraq, Klisfen öz təşəbbüslərini inamla həyata keçirir, məqsədlərinə doğru qətiyyətlə irəliləyirdi.

Həmin islahatlar arasında iki tədbir öz əhəmiyyəti ilə xüsusi seçilirdi. Birincisi, Klisfen Afinanın yerləşdiyi Attika bölgəsində demokratiyanın ruhuna müvafiq inzibati islahat keçirərək, ərazini 10 dairəyə böldü (bu dairələr fil adlanırdı və öz mahiyyəti etibarilə müasir inzibati bölgü sistemindəki rayon vahidinə uyğun idi). Fillər isə öz növbəsində demolara, yəni icmalara bölünürdü. Həmin bu icmaların əsasında qohumluq, yaxud sosial mənşə prinsipi deyil, məşğuliyyət və yaşayış yeri prinsipləri dururdu. Bu cür bölgünün baş verməsi aristokratiyanın mövqelərini xeyli zəiflətdi və Afinada bərabərhüquqlu vətəndaş institutunun yaranmasına rəvac verdi. Belə ki, Klisfenin həyata keçirdiyi növbəti islahat Afinanın yerli sakinləri ilə gəlmələri vahid vətəndaşlıq çətiri altında birləşdirməyə istiqamətlənmişdi. Həmin islahata əsasən hər bir vətəndaş öz adının arxasına mənsub olduğu nəslin deyil, aid olduğu demin adını əlavə etməli idi. Demlər fillərdə, fillər isə müvafiq olaraq Afinanın məşvərət orqanı sayılan Buledə təmsil olunurdular. Buledə şəhərin bölündüyü 10 filin hərəsindən 50 nümayəndə iştirak edirdi. Nümayəndələr uzun müddət tutduqları üstün mövqedən sui-istifadə etməsinlər deyə, Bulenin tərkibi hər il yenilənirdi.

Bütün bunlarla yanaşı, hakimiyyəti xeyli məhdudlaşdırılmış aristokratiya hələ də müəyyən təsir rıçaqlarını qorumaqda idi. Həmin rıçaqlar arasında ən mühüm əhəmiyyəti areopaq daşıyırdı. Belə ki, aristokratların təmsil olunduğu bu qurum Bulenin verdiyi qərarları təsdiq etmək səlahiyyətinə malik idi, əks təqdirdə, həmin qərar əsla qanuni qüvvəyə minmirdi. Areopaqın malik olduğu başqa bir mühüm hüquq onun Afinanın vəzifəli şəxslərini məhkəmə istintaqına cəlb etmək və mühakimə etmək səlahiyyətindən ibarət idi. Klisfenin varisləri tam mənada demokratiyanın bərqərar edilməsi üçün areopaqı aradan qaldırmaq məcburiyyətində qalmışdılar. Bu tarixi missiyanın öhdəsindən isə Klisfenin layiqli davamçısı Efialt gəldi. Belə ki, e.ə. 462-ci ildə onun tərəfindən həyata keçirilmiş islahat nəticəsində Afinada areopaq institutu ləğv edilir və aristokratiyanın sonuncu nümayəndələri də şəhəri tərk etməli olurlar. Nəhayət ki, Afina on illərdir uğrunda mübarizə apardığı  demokratiyaya qovuşa bilir.

Şəhərin idarəçiliyində hər kəs müəyyən dərəcədə pay sahibi olmağı bacarır. Hakimiyyət bütün sahələrdə demosun, yəni xalq məclisinin ixtiyarına keçir. Afina üzərində bütün nəzarəti itirən aristokratiya demokratik institutların fəaliyyətini əngəlləmək üçün yeganə çıxış yolunu siyasi terrorda, daha dəqiq desək, demokratiyanın liderlərini fiziki cəhətdən zərərsizləşdirməkdə görürdülər. Əsaslı hazırlıqdan sonra aristokratiya tərəfindən tutulan muzdlu qatil e.ə. 461-ci ildə Efialtı qətlə yetirir. Ancaq hadisələrin sonrakı inkişafı siyasi proseslərə güc yolu ilə müdaxilə etməyə çalışan aristokratiyanın ümidlərini boşa çıxardı. Belə ki, Efialtın yerinə onun ən etibarlı silahdaşı Perikl (e.ə. 495-429-cu illər) keçir.

Periklin hakimiyyəti illəri Afina demokratiyasının intibah və təntənə dövrüdür. Perikl hakimiyyətə gələr-gəlməz demokratiyanın möhkəmləndirilməsi üçün zəruri olan sosial problemlərin həllinə başladı. O, gözəl başa düşürdü ki, ölkədə kasıblıq aradan qaldırılmadıqca, demokratiya mexanizmlərinin effektiv fəaliyyəti mümkünsüzdür. Bunun üçün onun təklifi ilə ilk növbədə əlillərə, yoxsullara və kimsəsizlərə aylıq müavinətlərin verilməsi haqqında qərar qəbul edildi. Periklin təşəbbüsü ilə demos tərəfindən qəbul edilən başqa bir qanun isə müharibədə həlak olmuş şəxslərin övladlarının dövlətin himayəsinə götürülməsini və onların təlim-tərbiyəsi üçün müvafiq məbləğdə büdcə vəsaitinin ayrılmasını nəzərdə tuturdu. Afina demokratiyasının dövlət idarəçiliyi mexanizmlərinin təkmilləşdirilməsi yolunda atdığı növbəti mütərəqqi addım isə sabit  maaş sisteminin tətbiqi oldu. Belə ki, həmin sistemə əsasən dövlət idarəçiliyinə cəlb edilən sıravi vətəndaşlar artıq öz vaxtlarını boş-boşuna itirməyəcəkdilər və gördükləri iş müqabilində dövlət büdcəsindən müəyyən məbləğdə əmək haqqı alacaqdılar.

Bu sistemin mütərəqqiliyi həm də ondan ibarət idi ki, artıq dövlət idarəçiliyində iştirak edən sıravi vətəndaşların sayı əhəmiyyətli dərəcədə çoxalırdı. Əgər əvvəllər maaşsız, lakin nüfuzlu dövlət işlərində ancaq varlılar təmsil olunurdularsa, indi bu sahə  əkinçilər, maldarlar, sənətkarlar, filoslar və s. üçün də açıq elan edilmiş olurdu.

Perikl dövründə şəhərin gəlirləri hesabına Afinanın yenidən inşa edilməsi, həmçinin şəhərin iranlılarla müharibədə dağıdılmış divarlarının bərpası görünməmiş miqyas aldı. İlk dəfə idi ki, tikinti işləri dövlət tərəfindən müəyyənləşdirilmiş aylıq məvacib əsasında həyata keçirilirdi. Məhz bu səbəbdən ustalar və fəhlələr kiminsə şəxsi sifarişini yerinə yetirməkdənsə, dövlətin işini görməyə üstünlük verirdilər. Afinada həmin dövrdə müşahidə edilən canlanmanı hər kəsdən daha yaxşı tarixçi Plutarx ifadə etmişdi: “Sanki bütün şəhər məvaciblə yaşayırdı, Afina özü-özünü dolandırır və bəzəyirdi”. Azad siyasi mühitdən təkcə sıravi vətəndaşlar deyil, ziyalılar da müsbət mənada öz paylarını götürürdülər. Afina tarixçilər Herodotun, Fukididin, filosoflar Sokratın, Zenonun, Protoqorun, Anaksaqorun, tanınmış heykəltəraş Fidinin və dramaturq Sofoklun yaşayıb-yaratdıqları demokratik, zəngin, həmçinin azad ruhlu mədəniyyət mərkəzinə çevrilmişdi.

Periklin dövründə Afina qadınları da demokratiyanın onlara verdiyi azadlıqlardan bəhrələnir və dövlətin idarə edilməsində dolayısı ilə iştirak edirdilər. Yunanıstan tarixində silinməz iz qoymuş tanınmış getera Aspasiya məhz demokratiya quruluşunun yetirməsi idi. Getera qədim Elladada, o cümlədən də Afinada savadlı, lakin sərbəst həyat tərzi keçirən subay qadınlara deyilirdi. Aspasiya da həmin geteraların tarixdəki ən məşhur nümayəndələrindən biridir. Tarixçi Plutarxa inansaq, Aspasiyanın siyasi savadı, dünyagörüşü və natiqlik məharəti o dərəcədə yüksək idi ki, hətta Sokrat kimi dərin zəka sahibi daima onun yanına gedər, fəlsəfi mübahisələrin həllində bu xanımın mülahizələrinə qulaq asardı. Sonralar Aspasiyanın Perikllə ailə həyatı qurması Afinanın siyasi həyatı üçün də təsirsiz ötüşmədi. Tarixçilər bildirirlər ki, Afinada azad fikrin, demokratik dəyərlərin bərqərar edilməsində bu xanımın pərdəarxası təsiri heç də Periklin  göstərdiyi səylərdən az olmamışdır.

Demokratik və mütərəqqi ictimai münasibətlər sisteminin yaranması xarici siyasət sahəsində də Afinanın həlledici üstünlüyünü təmin etmişdi. Afinalılar əvvəlcə e.ə. 480-ci ildə İran müstəmləkəçiləri ilə mübarizədə öz doğma şəhərlərinin müstəqilliyini qoruyub saxlamağa müvəffəq oldular, daha sonra isə e.ə. 478-ci ildə yaradılan Afina Dəniz İttifaqının köməyi ilə onları bütün Yunanıstandan qovdular. E.ə. 462-ci ildə Afina ordusu Sparta tərəfindən dəstəklənən Fivanı məğlubiyyətə uğratdı. Periklin rəhbərliyi altında Afina e.ə. 456-cı ildə xarici ticarətdə əsas rəqibi olan Eqina şəhərini də istila edir. Afina donanmasının dənizlərdə qeyd-şərtsiz hegemonluq etməsi şəhəri bütün Elladanın siyasi mərkəzinə çevirir. E.ə. 449-cu ildə imzalanan Kalli sülh sazişi ilə Afinanın cəmi Yunanıstanda “super dövlət” statusu qazanması hüquqi cəhətdən rəsmiləşir. Özlərinin etibarlı müdafiəsini təmin edə bilmək üçün digər ellin dövlətləri Afinaya xərac ödəməli və Afina ittifaqının ümumi büdcəsini formalaşdırmalı idilər. İttifaqın büdcəsi də Afina şəhərində saxlanılırdı. Perikl sözün həqiqi mənasında siyasətin olimpinə yüksəlmiş, öz şöhrətinin zirvəsinə qalxmışdı. O, 15 il ərzində fasiləsiz olaraq Afinanın strateqi seçilir.

Lakin Afina aristokratiyasını öz vətənlərinin mənfəətindən daha çox şəxsi maraqlarının zərbə altına düşməsi narahat edirdi. Onlar qeyri-məhdud hakimiyyətlərinin ciddi şəkildə çərçivələnməsi ilə heç cür barışmır və bütün mümkün vasitələrlə vəziyyəti dəyişməyə çalışırdılar. Periklin şəxsi düşmənləri də tədricən fəallaşmağa başlamışdılar. Yavaş-yavaş cəmiyyətdə demokratiyanın dayağı olan Perikli tiraniyada ittiham edən səslər yüksəlməyə başlamış, tənqid və etirazlar adi hal almışdı. Doğrudur, Periklin nüfuzu ona qarşı kütləvi etirazların qarşısına sədd çəkirdi, ancaq düşmənləri ondan qisas almaq üçün dövlət xadiminin yaxın ətrafına daxil olan şəxslərə qarşı təqiblərə əl atmaqdan çəkinmirdilər. Əvvəlcə heykəltəraş Fidi həbs edildi, daha sonra isə Periklin həyat yoldaşı Aspasiya məhkəmə önünə çıxarıldı və çox çətinliklə bəraət ala bildi. E.ə. 430-cu ildə keçirilən seçkilərdə isə Perikl uzun illərdən bəri ilk dəfə strateq vəzifəsinə seçkilərdə uğursuzluğa düçar oldu. Yaranmış vəziyyətdə belə demokratiyaya sadiq qalan Perikl məğlubiyyətini etiraf edərək kənara çəkildi.

E.ə. 431-ci ildə Spartanın Afinaya qarşı hərbi əməliyyatlara start verməsi ilə bütün Yunanıstanı bürüyən Peloponnes müharibəsi başladı. Afinanın müharibədə çətin vəziyyətə düşməsi, üstəlik, Periklin yerinə keçmiş yeni iqtidarın səriştəsiz idarəçiliyi xalqın yenidən “köhnə demokrata” üz tutması ilə nəticələndi. E.ə. 430-cu ildə keçirilən seçkilərdə demos Periklə etimad göstərdi. Lakin Periklin hakimiyyətdən kənarlaşdırıldığı bir il ərzində Afinada o qədər problem toplanmışdı ki, artıq yaşa dolmuş və səhhəti korlanmış “qoca qurd” onların öhdəsindən gəlməkdə çətinlik çəkirdi. Doğrudur, o, bütün gücünü toplayaraq Peloponnes müharibəsinin ilk ilində Spartanın Afinaya istiqamətlənmiş həlledici hücumunu qətiyyətlə dəf etməyi bacardı. Onun göstərişi ilə hərəkət edən Afina donanması Spartanın müttəfiqləri sayılan şəhərlərdən bəzilərini viran qoydular. Əldə edilən müvəffəqiyyətə baxmayaraq, Periklin bundan artıq heç bir şeyə gücü yetmədi. E.ə. 429-cu ildə ağır xəstə olan görkəmli dövlət xadimi  dünyasını dəyişdi.

Onun vəfatından sonra Afina görünməmiş templərlə çətinliklə əldə etdiyi demokratik nailiyyətlərini itirməyə başlayır. Demos artıq əvvəlki tək ictimai marağı deyil, daha çox öz nüfuzlu üzvlərinin mənfəətlərini güdməyə başlayır. Tezliklə şəhər ziyalılar üçün cəlbedici görünən demokratik ruhunu da itirir. Hakimiyyətin maraqlarına uyğun olmayan çıxışlar etdiyi üçün Sokrat həbs edilərək, məhkəməyə cəlb olunur. Saxta məhkəmə prosesinin yekununda isə filosofa çıxarılan ölüm hökmü də icra edilir. E.ə. 404-cü ildə Afinanın məğlubiyyəti ilə başa çatan Peloponnes müharibəsi isə Afinanı Spartadan asılı hala düşən vassala çevirir. E.ə. 4-cü əsrdə baş verən Makedoniya işğalı isə bu qədim şəhərin uzun sürən tərəqqi yoluna birdəfəlik son nöqtə qoyur.

Afina demokratiyasının faciəli aqibətinə baxmayaraq, onun bütün Avropa üçün tarixi əhəmiyyəti danılmazdır. Antik dövrün quldarlıq ruhu üçün səciyyəvi olmayan azad idarəçilik və demokratik fikir mühiti yaratmağa nail olan bu quruluş yunan mədəniyyətinin, incəsənətinin, həmçinin siyasi fikrinin inkişafına həlledici təkan vermişdi. Qədim Elladanın bəşəriyyətə bəxş etdiyi demokratiya öz zamanında siyasi hadisələrin məngənəsində məhv olub getsə də, əsrlər sonra bəşər övladı onun uğrunda yenidən mübarizəyə atıldı və bu mübarizə indi də davam etməkdədir.

Afina demokratiyasının bizə miras qoyduğu əsas tarixi dərslər də güman ki, heç zaman öz aktuallığını itirməyəcək. Ən birinci dərs ondan ibarətdir ki, hər bir cəmiyyətin ardıcıl tərəqqisi üçün liberal dəyərlər və azad mühit başlıca şərtdir. Qanunlar cəmiyyətin hər bir fərdinə sosial vəziyyətindən və mənsubiyyətindən asılı olmayaraq, öz şəxsi bacarıqlarını, istedadını reallaşdırmağa imkan yaratmalı, hər hansı absurd amillər səbəbindən fərdi inkişafı məhdudlaşdırmamalıdır. Qanunlar şəxsi əmlakı və iqtisadi maraqları qoruduqları kimi, fərdi və ictimai maraqları da mühafizə etmək iqtidarında olmalıdır. Demokratiya təbəqələrin və sosial siniflərin olmadığı yox, hər kəs üçün bərabər inkişaf imkanların mövcud olduğu quruluş kimi dərk edilməlidir.

Afina quldar demokratiyasının təcrübəsindən çıxarılmalı olan digər vacib nəticə isə demokratiyanın güclü dövlətçilik fəlsəfəsi ilə paralel, daha dəqiq desək, onunla birgə addımlamasının zəruriliyi ilə əlaqədardır. Əks halda, demokratiyanın verdiyi sərbəstlikdən sui-istifadə etmək niyyətində olanların şəxsi iddiaları dövlətçiliyə sağalmaz yaralar vura bilər. Afina bunun bariz nümunəsidir. Əgər Periklin dövründə demokratiya ilə yanaşı, sabit idarəçilik mexanizmləri yaransaydı, onun iqtidardan kənarda qaldığı bir il ərzində aristokratiya və zəngin quldarlar çətin ki, bütün iqtisadi və siyasi sistemi iflic vəziyyətinə sala bilərdilər. Yaranmış böhran isə, artıq qeyd etdiyimiz kimi, son nəticədə Afinanın Sparta ilə müharibədə ağır məğlubiyyətə uğramasına gətirib çıxardı. Demokratiya bir nəfərin nüfuzu ilə deyil, yalnız və yalnız işlək, güclü dövlətçilik sistemi ilə öz mövcudluğunu qoruya bilər.

Başqa bir mühüm məsələ isə demokratik quruluşun yalnız həmin ölkənin öz vətəndaşları üçün keçərli olması həqiqəti ilə bağlıdır. Xarici maraqlar məsələsində siyasi və iqtisadi maraqların təmin edilməsi zərurəti ən demokratik cəmiyyətlərin mövcudluğu şəraitində belə daima humanizm prinsiplərindən öndə irəliləməkdədir. Afina tarixinin ən demokratik mərhələsində belə öz rəqiblərinə qarşı sərt və barışmaz siyasət yürüdürdü və onun xarici siyasətində biz hər hansı demokratik yanaşmaya rast gəlmirik. Müasir dünya siyasəti də öz növbəsində deyilənlərin əyani göstəricisidir. Demokratik dövlətlər öz daxili siyasətlərində nə qədər azadlıq tərəfdarıdırlarsa, xarici siyasətdə bir o qədər zorakılıq və güc vurğunudurlar. Afinanın ən demokratik dövrlərində belə Elladanın digər şəhərlərinə münasibətdə güc amilindən istifadə etməyə üstünlük verməsi kimi...

Afinada demokratik prosesin tədqiqi heç şübhəsiz ki, tarixçilər və  politoloqlar üçün digər maraqlı nəticələrin çıxarılmasına da imkan verəcək. Həmin nəticələr isə ümumilikdə demokratiya anlayışının həqiqi mahiyyətinin qavranması baxımından faydalı olacaqdır. Çünki tarixin dərsləri təkrarlanır və məşhur məsəldə deyildiyi kimi, səma altında yeni heç bir şey yoxdur!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143
avatar

Oxşar yazılar