Oda qurban kəsən azərbaycanlılar, polisin köməyi, sayğaclı Atəşgah - REPORTAJ
19 avqust 2013 14:49 (UTC +04:00)

Oda qurban kəsən azərbaycanlılar, polisin köməyi, sayğaclı Atəşgah - REPORTAJ

Lent.az-ın əməkdaşı Atəşgah məbədindən yazır

 

...Günorta saat ikidir. Gün yandırır. "Koroğlu"dan çıxanda həmişəki səs-küylə qarşılaşırıq, elə bil göydən od yağmır, hərə öz işindədir. Marşruta adam haraylayanların səsindən qulaq tutulur. Çünki, burdan daha çox Bakı ətrafı kəndlərə, qəsəbələrə gedir marşrutlar...184 nömrəli marşrutun üstündəki sonuncu dayanacaq kimi "ATƏŞGAH"ı oxuyanda bir az rahatlaşırq...

***

Avtobusdan düşüb qoruğun yerini soruşuruq. Dəmir yolunu keçib kompleksə yaxınlaşanda böyük ərazini əhatə edən, mərmərlə döşənmiş sahəni görüb səhv gəldiyimizi düşünürük. Burda köhnə heç nə yox idi və heç nə tarixi abidəni  xatırlatmırdı. Amma azca qarşıda...Hə, sözün həqiqi mənasında erkən orta əsrlərə düşürsən...

Atəşgah məbədi haqqında Wikipedia-da yazılanlardan

 

Od məbədi sayılan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş Od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 1713-cü ilinə aiddir, mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilib.

Erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti atəşpərəstlik, yəni Zərdüşt dininə sitayiş edirdi. Hətta qədim Azərbaycan dövləti olan Atropatenanın dövlət dini Zərdüşt dini olub. Bu baxımdan a­təş­pə­rəst­lə­rin qə­dim abi­də­lə­rin­dən bi­ri Azər­bay­can­da yer­lə­şir. Bu­ra atəş­pə­rəst­lə­rin ən mü­qəd­dəs ziarətga­hı hesab edilirdi. Dünyanın ən müx­tə­lif öl­kə­lərin­dən oca­ğa zi­ya­rə­tə gə­lir­dilər. Məbədin ka­hin­lə­ri mü­qəd­dəs alo­vu gün ər­zin­də tez-­tez yox­la­yıb onu sön­mə­yə qoy­mur­du­lar. Bu ənənə ərəb is­ti­la­sı­na qə­dər da­vam et­di­. Ərəb­lə­rin Azər­bay­ca­nı is­ti­la­sın­dan, əha­li­nin is­la­mı qə­bul etmə­sin­dən son­ra zər­düşt­lə­rin iba­dət­ga­hı unu­dul­du. Zər­düşt di­nin­dən dön­mək is­tə­mə­yən­lər isə təqib edil­di­yin­dən öl­kə­ni tərk et­di­lər. Nə­ti­cə­də iba­dət­gah ba­xım­sız­lıq­dan uçub da­ğıl­dı.

Mənbələrdə XVIII əsrdə Hindistandan Bakı yaxınlığındakı Suraxanıya əbədi oda sitayiş üçün hind zəvvarların gəldiyi qeyd edilir. XVIII əsrdə varlı hind tacirləri Suraxanıda nadir abidə-od məbədi və hindli zəvvarlar üçün hücrələr tikdirdilər. Atəşgahda yaşayanlar oda səcdə edir, tərki-dünya (asket) həyat tərzi sürərək, ruhlarını xilas və bədənini tələf etməyə çalışırdılar. Atəşgahdakı kitabənin oxunması Suraxanı atəşpərəstlərin hind mənşəli olmasını, eləcə də, hücrələrdən, karvansaradan və ibadətgahdan ibarət olan Atəşgahın ən yüksək tərəqqiyə çatdığı XVIII əsr ərzində müxtəlif vaxtlarda tikildiyini dəqiq müəyyənləşdirir. Hücrələr XVIII əsrin sonlarında ümumi hasara alınmışdır. Məbəd bu günədək həmin şəkildə qalmışdır. Şardenin məlumatına görə, XVIII əsrin 60-cı illərində Suraxanı od məbədinə həm gəbr-pars, həm də hindli atəşpərəstlər gəlirdilər. Atəşgahın 8 saylı hücrəsindəki farsca tərtib olunmuş kitabə 1745-ci ildə burada iranlı zərdüştlərin od məbədi olduğunu göstərir.

 

Polisi, qonaq otağı və qonaqları, havası

...İlk gördüyümüz böyük sahənin yuxarı sağ küncündə əsas ibadətgaha giriş var. Məhz girişdən içəri "Atəşgah" sayılır. Bura daşlarla hasarlanmış, tən ortasında dördkünc, dörd sütunlu, ortasında təbii qazla yanan ocaq olan abidə - ibadətgahdan və sahəni əhatə edən divarlarda girişləri olan bir neçə otaqdan ibarət tarixi abidə, kompleksdir.

Giriş otaqdakı "Xatirə kitabı"nda hər dildə qeydlər var.

 

Mühafizəçi polisə deyəndə ki, "zəhmət olmasa, bir az o yana durun, burdan durub çəkmək istəyirəm", bir az heyrətlənib azərbaycanlı olduğumu dəqiqləşdirdi. Deyir, "fotoyla xaricilər, əsasən də fransızlar daha çox məşğul olur, bizimkilər maraqlanmır çox elə. Gəl sənə imkan yaradım, yuxarıdan çək". İkinci mərtəbədə yalnız bir otaq vardı; qonaq otağı idi. Xalça sərilmişdi yerə. Bura gələn məşhur xaricilərin rəsmləri asılmışdı bu otağın divarlarından. Təəssüflənirəm ki, yalnız bu rəsmləri fotoya köçürə bildim, bir də otağın pəncərəsindən ibadətgahı.

Bir ailə var idi, məbəddə. Rus dilli azərbaycanlılar. Bələdçi qız onlarla danışırdı. Mən fotoya girişirəm, dostum ətrafı öyrənməyə.

 

***

 

Burda hər otağın ortasında kvadrat şəkilli deşik var. Otaqları gəzdikcə elə bilirdim bu deşiklər işıq düşsün deyə düzəldilib. Sonra bələdçi dedi ki, burda gecələr də təbii qaz yandığından işığa ehtiyac olmurdu. Bu deşiklər tüstünün çıxması üçündür. Deşiklərin üstünü bağlayıb yan tərəfindən iki çıxış qoyublar deyə yağış yağanda otaqlara su düşmür. Bu da tikilinin diqqətlə tikildiyinə sübutlardan biridir.

Atəşgahda axşamlar qazı söndürürlər. Elə iş bitəndə. İş saat 18:00-da bitir. Bəzi tədbirləri, bayram günlərini çıxmaqla. Qazı ona görə söndürürlər ki, on doqquzuncu əsrin sonlarından bu yana ibadətgaha öz axını ilə təbii qaz gəlmir. Bura yanacaq süni yolla, elə evlərdəki kimi, sayğacla verilir. Sayğac da pul deməkdir.

 

Yan otaqlardan biri daha böyükdür. Bələdçi deyir, bu otaq ilk dəfə baş ibadətgah kimi nəzərdə tutulub, sonradan indiki ibadətgahın üstündə dayanıblar. Otağın bir cəlbedici tərəfi də odur ki, burda xəstələr qalırmış. Onların bayıra çıxma imkanları olmadığından burdan baş ibadətgahın ocağı görünən tərəfə deşik açıblar. Bu deşikdən xəstələr ocağa - oda baxıb mənəvi rahatlıq tapırlarmış.

İndi də dünyanın bir çox yerindən bura atəşpərəstlər gəlir. Əsasən, İran, Rusiya, Çin və  Koreyadan. Bura turist kimi gələnlər ibadətə gələnlərdən daha çoxdu. Turistlər isə dünyanın hər yerindən olur. İbadətgah kimi ziyarət edənlər isə daha azdı. Orda olduğumuz müddətdə heç kim burda hansısa ayin yerinə yetirmədi, dua oxunmadı. Hindistanlıların gəlib-gəlmədiyini soruşuruq bələdçilərdən. Deyirlər, turist kimi gələn olsa da başqa cür kimsə gəlmir bura. Olsa da çox az ola bilər. Xatırlaya bilmədilər hindli atəşpərəsti.

 

Bələdçi ız danışır:

 

Bu 4 arka var ha? Onlar dörd ünsürü bildirir, hava, od, su, torpaq. Bizə də Novruz bayramı onlardan qalıb, 21 mart bizdə yeni gün deməkdir, Novruz bayramı. Onlarda isə 21 mart Zərdüşt peyğəmbərin dogum günüdür. Nar da ən müqəddəs meyvələri olub, tacı alova bənzədiyi üçün. İbadət zamanı alovun ətrafına dörd dənə nar düzürdülər. Saatın əksi istiqamətində alovun ətrafında dönürdülər ki, bu da ölümsüzlük demək idi. Narı alovun künclərinə qoyurdular, isti vururdu deyənə iyi çıxırdı, həm də nar müqəddəs olduğu üçün qoyurdular".

 

Ölənləri harada yandırırlar? 

 

Bələdçi deyir ki, bura gəlib qurban kəsən azərbaycanlılar da var. Özü də hər dəfə gələndə dörd heyvan qurban kəsir.

 

- Hər arkanın yanında gün düşən yerdə kəsir, yarısını burda paylayırdı, uşaqlara, hamıya, sonra hər otaqda şam yandırır, niyyət edir, deyirdi ki, bura gələndə daha rahat oluram. Deyir, qurban oldugum Məkkəyə də getmişəm, o rahatlığı tapmamışam. Bizə deyirdi ki, siz xoşbəxtsiniz burda işləyirsiniz.

 

- Son vaxtlar gəlir?

 

- O, təbiiliyi, rahatlığı sevirdi. Təmir getdiyi üçün səs-küy idi, fəhlələr işləyirdi deyə gəldi narahat oldu, neçə vaxtdı gəlmir. Yaşlı adam idi, yəqin xəstədir.

Bir kişi də var, deyim, hardasa bir aydan bir, iki aydan bir gəlir, bu atəşgaha dövrə vurur. Dörd dəfə, beş dəfə, gün oldu, yağış oldu, qar oldu, fərq etmir, sonra bir istiqamətdə dayanır, dua edir, ya nəsə edir bilmirəm, sonra təzədən yenə dövrə vurur və çıxanda, biz ziyarətgahdan çıxanda necə arxaya çıxırıq, elə çıxır, sağollaşır.

Buranı yuxusunda görənlər olur. Məsələn, deyir, yuxumda görmüşəm, belə bir yerə getməliyəm. Axtarırlar, tapırlar, gəlirlər...

Atəşpərəstlər üçün od müqəddəsdir. Ona görə onlar meyiti yandırırdılar, basdırmırdılar. Məbəddə ölənlərin yandırılmağı üçün xüsusi tikili indi də durur.

 

Atəşgahda bir quyu da var. Bu quyunu arxeoloqlar sonralar tapıblar. İçində azca su var idi, yağış suyu.

 

Məbəd ərazisində quyudan başqa bir çox qazıntı yerləri var ki, üstü şüşə örtüklə bağlanıb qorunur. Ən maraqlısı ayrı yerlərdə yerləşən otaqlara əsas mənbədən təbii qazın yüz illər öncə daşınma üsuludur. Təbii qaz üçün otaqlara gedən kiçik borular torpağın (qayanın) altı ilə çəkilib. Üstünü isə basdırırlarmış ki, qaz havaya uçmasın. Bu borular dünya tarixinin ilk qaz borular sayıla bilər.

 

Sanksritcə yazılar və ibadət

 

Məbədin müxtəlif yerlərində qədim hind dilində - sanksritcə yazı olan lövhələr var. Bu lövhələrdən bəziləri otaqlarına giriş qapılarının üstündə yerləşir. Deyilənə görə, bu lövhələrdə otaqları tikən və ya bərpa edən hind tacirlər haqda məlumatlar yazılıb. Atəşpərəstlər oda sitayişi saatlarla, bəzənsə aylarla odun kənarında durmaqla həyata keçirirdilər. Ayaqlarını qatlayıb bardaş quran zahid ocağa baxaraq həm özünün tərki-dünya həyatını yaşayır, həm də ibadət edir.  Bundan başqa bədənlərinə əziyyət verməklə günahlardan qurtulmaq da olub bu od sitayişçilərində. Cəza vermə müxtəlif olurmuş. Kimi həsirdə bir tərəfi üstündə günlərlə uzanıb bədənini keyidir, kimisi isti əhəngdə yatır.

Bələdçi qız deyir ki, atəşgahda ibadət edənlər vegetarian olublar. Əsas qidaları da düyü, meyvə, tərəvəz imiş.

 

Atəşgahı bərpa zamanı dini ayinləri icra edən atəşpərəst maketləri də düzəldilib. Bu maketlər atəşgah haqda təsəvvür yaratmağa əməlli kömək edir. Elə bil 18-ci əsr Bakısındasan.

***

 

Atəşgah indi qoruqdur. Rəsmi adı belədir - "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu. 2012-ci ildə yenidən bərpasına başlanıldı. Çoxlarının güman etdiyi kimi, buranı hindlilər yox, dövlət - Mədəniyyət və Turizm Nazirliyi bərpa edib edib. Bərpa zamanı tarixiliyi və ilkinliyi qorumağa çalışıblar.

Hazırda qoruq ərazisində yeni muzey təşkil olunur. Muzeyə ölkənin müxtəlif yerlərindən yaşı min illərlə ölçülən daş abidələr gətirilib.

Bundan başqa bura gələnlərin rahatlığı üçün restoran da olacaq. Hazırda restoranın son tamamlanma işləri aparılır.

...Hindlilərin “Qaneşa” adli tanrıları var. Hinduizmdə ən sayğı duyulan tanrıdır. Günəş, od tanrısıdı. “Qaneşa”...Günəş...Bəlkə də təsadüfi deyil...

Bəlkə də...

 

Elvin Bayramlı
İlkin Quliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1819
avatar

Elvin Bayramlı

Oxşar yazılar