Normal qidalanaraq necə arıqlamaq olar? - DİETOLOQ MƏSLƏHƏTİ
26 dekabr 2014 20:07 (UTC +04:00)

Normal qidalanaraq necə arıqlamaq olar? - DİETOLOQ MƏSLƏHƏTİ

“Son 10-15 ildə artıq çəki problemi sunami kimi bəşəriyyətin üstünə gəlir. Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasında bildirilir ki, dünyada hər 9 nəfərdən biri nəinki artıq çəkidən, hətta piylənmədən əziyyət çəkir”. Bunu APA TV-nin efirində “Sosium” proqramının qonağı, həkim-diyetoloq Fuad Məcidov deyib.

Fuad Məcidov kökəlmənin əsas səbəblərini açıqlayıb: “Son dövrdə dünya əhalisinin sayı durmadan artır, bu qədər əhalini qida ilə təmin etmək üçün süni qidalardan, genetik modifikasiya olunmuş məhsullardan, trans və rafinə qidalardan istifadə olunur. Bu isə həm böyüklərdə, həm də təəssüf ki, uşaqlarda artıq çəki probleminə səbəb olur”.

Artıq çəkinin bütün xəstəliklərin əsas səbəbləri arasında olduğunu deyən mütəxəssis çəkinin nə vaxt problem həddinə gəlməsinin düsturunu da izah edib: “Tibdə bədən kütlə indeksi (BKİ) deyilən anlayış var. İnsanın çəkisinin göstəricisini onun boyunun kvadratına bölmək lazımdır. Məsələn, əgər boyunuz 1,60-dırsa, 1,60x1,60= 2,56 Çəkinin rəqəmini bu alınan rəqəmə böləndə alınan ədəd bədən çəki indeksinin rəqəmidir. BKİ 3 cür olur - normal BKİ, artıq çəki BKİ və piylənmə həddi. Əgər alınan rəqəm, yəni BKİ 19-25 arasındadırsa, bu, normal çəki hesab olunur. 25-30 arası BKİ artıq çəki deməkdir. 30-35 arası BKİ piylənmədir. Bu halda artıq mütləq mütəxəssisə müraciət etmək lazımdır. BKİ 35-dən 40-a qədər olanda artıq ölümcül piylənmə sayılır”.

Yalnız idmanla çəki verməyin zərərli olduğunu deyən diyetoloq arıqlamağın 5 qızıl qanunu barədə danışıb: “Təkcə idmanla verilən çəki geri qayıdır. Arıqlamanın 5 qızıl qanunu var: 1. Bol miqdarda su içmək lazımdır. 2. Fiziki aktivlik təmin olunmalıdır. 3. Stressdən uzaq olmaq lazımdır. 4. Normal yuxu olmalıdır. 5. Düzgün qidalanmaya əməl etmək lazımdır. Gündə ən azı 2,5 l su içmək şərtdir. Bunun formulu isə hər kiloqrama 30 qram su içməkdir. Bu zaman yalnız təmiz qazsız, şəkərsiz, qaynanmamış su nəzərdə tutulur, yəni gün ərzində içdiyimiz çaylar, şirələr və s. ora daxil deyil. Su bağırsaqlarda toplanmış toksinləri təmizləyir. Təbii qidalardan istifadəyə üstünlük vermək lazımdır. Arıqlamaq istəyənlər ətdən imtina etməməlidirlər. Qırmızı ətdən, toyuq ətindən qorxmaq lazım deyil. Qaraciyəri piyləndirən karbohidratlardan, meyvələrdən və şəkərdən çəkinmək lazımdır. Proteinli qidalar qaraciyəri yağlandırmır. Tərəvəzli, yulaflı qidalardan, lifli bitkilərdən istifadə etmək lazımdır. Bunlar kələm, kök, çuğundur, boranı, lobya, noxuddur”.
Qonaq arıqlamağa təsir edən hormonlar barədə geniş məlumat verib: “Stress, əhval-ruhiyyə çəkiyə təsir edən vacib amildir. Bizim bədənimizdə xoşbəxtlik hormonu – “endarfin seratanin” deyilən hormon ifraz edən sehirli hipofiz hormonu var. Stress zamanı bu hormonun sintezi azalır və insan yemək yeyərək bu hormonu təmin etməyə çalışır. Yuxu məsələsi də çox vacibdir. Ən azı gün ərzində 8 saat yatmaq lazımdır. Bizim yuxuda da arıqladığımız sübut olunub. Buna əmin olmaq istəyirsinizsə, yatmazdan qabaq tərəzi ilə çəkinizi öyrənin. Səhər duranda çəki ən azı yarım kiloqram az olacaq. Lakin burada da yuxunun saatı önəmlidir. Gecə 11-dən 1-ə qədər, hətta gecə 11-12 arası yuxuya getmək lazımdır. Doyma hormonu hesab olunan “leptin” yalnız bu saatda yaranır. Saat birdən sonra isə bunun əksi baş verir. “Gerilin” deyilən “canavar” hormon sintez olunur ki, bu da insanı yeməyə məcbur olur. Gecə yemək yuxu pozğunluğuna, təngnəfəsliyə, diafraqmanın sıxılmasına, kabus görməyə səbəb olur və nəticədə metabolizm pozulur”.
Fuad Məcidovun fikrincə, arıqlamaq üçün heç də idman salonlarına, fitnes zallarına getmək vacib deyil: “Həftənin 3 günü bir saat yerimək kifayətdir. Yeriməyin də öz formulu var: 220 rəqəmindən yaşımızı çıxırıq, bizim yeriyərkən nəbzimizin sayı alınan rəqəm qədər olmalıdır. Bu isə dəqiqədə 100-130 addım atmaq deməkdir. Hər gün bir saat dəqiqədə 100-130 addım yeriyən insan həmin 1 saat ərzində 350-450 kalori sərf edir. Bu isə təkcə yeriməklə həftədə 1-1,5 kq arıqlamaq deməkdir. Bəziləri düşünür ki, gün ərzində mətbəxlə ev arasında yerimək, ev işləri görmək elə fiziki aktivlikdir. Lakin bu yanlışdır. Söhbət təmiz havada 1 saat, yarım saat yeriməkdən gedir”.

Qonaq kor-koranə internetdən götürülmüş diyetlərin sadəcə reklam və biznes olduğunu bildirib: “Məşhurlar özləri oturub pəhriz proqramı yazmırlar. Onların illik maddi büdcəsi özləri ilə məşğul olmaq üçün ayrıca komandanın təmin olunmasına imkan verir. Həm də bu adı hallanan məşhurlar heç vaxt artıq çəki problemi yaşamayıblar. İnsanların belə diyet proqramlarından uzaq olmasını məsləhət görürəm. Hər bir insan orqanizmi spesifikdir. Arıqlamaq istəyənlər mütləq diyetoloqa müraciət etməlidir. Müraciət edən hər bir pasiyentin hormonal fonu yoxlanmalıdır. Bu analizlər olunmadan pəhriz proqramı yazmaq düzgün deyil. Bundan başqa, xüsusi cihazlarla bazal metabolizm ölçülməlidir. Metabolizm yağ, karbohidrat və protein mübadiləsidir. Bu isə oksigen mübadiləsindən asılıdır. Normal tənəffüs edə bilməyən insanda oksigenlə təminatda problem yaranır və oksidləşmə, reduksiya prosesinə təsir edir”.
Həkim arıqlamaq üçün cərrahi üsula müraciət edənlərin əməliyyatdan sonra təkrar kökələ biləcəyini deyib: “Professional cərrahlar çəkisi 100-130 kq-dan az olan insanlara bariotik, yəni mədə kiçiltmə əməliyyatı təyin etməz. Hətta 130-140 kq çəkisi olanlar da arıqlaya bilir. Düzdür, bu, uzun çəkir. Lakin bir ilə 45-50 kq çəki vermək mümkündür. Unutmaq olmaz ki, əməliyyatdan sonra da daim pəhriz gözlənilməlidir. Çəki çox asanlıqla geri qayıdır”.

Çəkini azaltmaq üçün yeməkdən imtina etməyin də yanlış olduğunu deyən qonaq sağlamlığa faydalı olan qidalardan danışıb: “Mütləq yeyərək arıqlamaq lazımdır. Ac qalaraq, xüsusilə səhər və axşam yeməkdən imtina edərək arıqlamaq mümkün deyil. Bol su içmək, düzgün qidalanmaq, vaxtında yatmaq, stressdən uzaq olmaq, duzdan, şəkərdən, un məmulatlarından qaçmaq lazımdır. Xüsusilə çörəyi azaltmaq, yalnız səhərlər qadınlar 1 dilim – 85-100 qram, kişilər 2 dilim çörək yeyə bilər. Günorta və axşam çörəkdən imtina etmək lazımdır. Mətbəxdə mütləq 7 əsas sehirli ədviyyədən – zəncəfil, darçın, keşniş toxumu, mixək, hil, qara istiot, pul bibərdən istifadə etmək çox faydalıdır. Bu ədviyyələrdən istifadə olunan evə həkim girməz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3733
avatar

Oxşar yazılar