Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Neftçala rayonunda inşa etdirilmiş 10 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. İstifadəyə verilən 10 ədəd fərdi yaşayış evindən 6 ədədi Qarabağ müharibəsi əlillərinə, 4 ədədi isə şəhid ailələrinə təqdim edilib.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fərdi yaşayış evlərinin təqdim olunması tədbirində iştirak edən ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev bildirib ki, bu il nazirlik tərəfindən Azərbaycanın 30 rayonunda 134 fərdi yaşayış evi, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilməklə, 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.
Fondun direktoru diqqətə çatdırıb ki, hazırda qeyd olunan təbəqələrə aid insanların mənzillə təminatı məqsədilə fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Z. Babayev müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının gücləndirilməsi yönündə görülən işlərdən də bəhs edib.