<b>"Təəssüf ki, neqativlər var, bunu danmıram"</b> - Məhəbbət Vəliyeva -<span style="color:red;"> VİDEO
04 oktyabr 2016 14:40 (UTC +04:00)

"Təəssüf ki, neqativlər var, bunu danmıram" - Məhəbbət Vəliyeva - VİDEO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva canlı yayımda Lent.az-ın suallarını cavablandırıb. Müəllimlər Günü münasibətilə məktəblərdə pul yığma halları, bununla bağlı xəbərdarlıq, Müəllimlər Gününə ehtiyac olub-olmaması, çoxalan məktəbli intiharlarının səbəbləri, məktəblərin mühafizəsi, Bakı təhsilinin uğurları və problemləri, bütün bunlar Lent.az-ın yayımında

 

"Müəllimlər Günü YUNESKO tərəfindən 1966-cı ildə təsis olunub. Bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində qeyd olunur". Bunu Lent.az-a müsahibəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Müəllimlər Günü ilə bağlı şikayətlərin çoxluğundan bu günün ləğv olunub olunmayacağına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bu gün müəllim adını şərəflə daşıyan, cəmiyyətə fayda verən, öz müəllim nüfuzunu hər an qoruyan müəllimlərin bayramıdır: "Cəmiyyətimizdə əsl müəllim adına layiq insanlar çoxluq təşkil edir. Əks təqdirdə bu ölkədə inkişaf olmazdı. Təəssüf ki, çoxsaylı müəllim ordusunun arasında müəllim adına ləkə gətirən, onu nüfuzdan salan insanlar da var. Bunun olmaması hər birimizin arzusudur.

 

Vəziyyətin belə olmasının bir çox səbəblər var. Əminəm ki, Təhsil Nazirliyinin təhsildə şəffaflığım təmin olunması üçün atdığı addımlar, BŞTİ-nin qətiyyəti bu sahədə neqativlərin yaxın zamanda azalmasına təsir edəcək. Mən bu mənada valideynlərə üz tutaraq onları bizə dəstək olmağa çağırıram".

 

Təhsil İdarəsinin rəhbəri Müəllimlər Günü münasibətilə orta məktəblərdə pul yığılması hallarına da münasibət bildirib: "Biz çox istərdik ki, təhsildə aparılan islahatlardan danışaq, müsbət təcrübələri bölüşək. Amma təəssüf ki, neqativlər də var. Bunun mövcudluğunu danmırıq. Həm bir vətəndaş, həm bu sahədə rəhbər şəxs kimi bununla bağlı çox böyük təəssüf hissi keçirdiyimi, öz narahatlığımı və narazılığımı bildirirəm. Təbii ki, belə hallar heç zaman təhsilimizə başucalığı gətirməyib. Tamamilə doğrudur ki, bu hallara daha çox məktəblərdə valideyn komitələri rəhbərlik eləyir. Onların təşəbbüsü ilə bu hallar görülür. Bəlkə də bunu səsləndiyi kimi qəbul eləsək, burada qeyri-adi bir şey yoxdur. Valideyn onun övladına öz sevgisini əsirgəməyən, onun tərbiyəsində bilavasitə iştirak edən, təhsil verən müəllimə bir təşəkkür bildirmək istəyirsə, burda qeyri-adi nə var? Narazılıq onda yaranır ki, bu proses məktəb rəhbərləri və yaxud müəllimlərin özləri tərəfindən idarə olunur. Narazılıq onda yaranır ki, məktəb sosial baxımdan aşağı olan uşaqlara bu mənada fərq qoyur. Təhsil Nazirliyinin bununla bağlı mövqeyi aydındır. Biz də nazirliyin bu mövqeyini dəstəkləyirik. Təhsil Nazirliyi də bildirib ki, bununla bağlı adı çəkilən məktəb direktoru və ya müəllim işdən azad olunacaq. Bu, doğru yanaşmadır. İnsanlar bu faktı səsləndirir. Amma faktı təsdiqləyən, "filan məktəbdən filan müəllim məndən pul istəyir" deyə müraciət edən yoxdur. İdarəyə bununla bağlı şikayətlər daxil olmayıb".

 

# 273
avatar

Fərizə Əhmədova

Oxşar yazılar