Aurelia Qriqoriu Litva Azərbaycanlıları Cəmiyyəti və “Litva-Azərbaycan” Assosiasiyasının fəxri üzvü elan olunub
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev və “Litva-Azərbaycan” Assosiasiyasının prezidenti İmantas Melyanas Moldova Respublikasının ombudsmanı Aurelia Qriqoriuya təşəkkür məktubu göndərib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktubda qeyd edilir ki, Litva Azərbaycanlıları Cəmiyyəti və “Litva-Azərbaycan” Assosiasiyası iyulun 4-də Ermənistan parlamentindəki çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzünü, insanlığa zidd cinayətlər törətdiyini bəyan etməklə göstərdiyi cəsarət və prinsipiallığa görə Aurelia Qriqoriuya təşəkkür edir.
Litva Azərbaycanlıları Cəmiyyəti və “Litva-Azərbaycan” Assosiasiyası ümid edir ki, ombudsmanın bu xeyirxah addımı hələ də təcavüzkarla bu təcavüzdən əziyyət çəkəni ayırd edə bilməyən Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi, Avropa Şurası, ATƏT, NATO-nun digər rəsmi şəxsləri və bu təşkilatlara üzv dövlətlər üçün bir örnək olacaq. Məktubda Aurelia Qriqoriunun Litva Azərbaycanlıları Cəmiyyəti və “Litva-Azərbaycan” Assosiasiyasının fəxri üzvü elan olunduğu da bildirilir.