Küçədə gecələyən ailə, ölüm-dirim savaşına girən internat uşaqları: kimdir müqəssir? –<span style="color:red;"> ARAŞDIRMA
10 iyul 2018 14:00 (UTC +04:00)

Küçədə gecələyən ailə, ölüm-dirim savaşına girən internat uşaqları: kimdir müqəssir? – ARAŞDIRMA

“10 gün əvvəl 20-dən artıq adam gecə qapımı döydü. Qapını açıb bayıra çıxan kimi məni döydülər. Başımın qanı dəhlizə töküldü, divarlara sıçradı. Məni hədələdilər ki, bu haqda polisə şikayət etsən, həkimə getsən, səni bundan da betər günə salacağıq. Məcbur qalıb, başımı özüm sarıyası oldum. Sabahı gün isə həyat yoldaşımla məni evimdən bayıra atdılar. 10 gündür ki, metrolarda, internet klublarda yatıram. 2 aylıq hamilə həyat yoldaşımı isə hər gün bir dostumun evinə yerləşdirirəm ki, küçədə yatmasın”.

 

Lent.az-ın qapısını şikayət məktubu ilə döyən şəxs uşaqlıqdan faciə dolu bir həyat yaşayıb. Məhəmmədəli Kazımlı Lənkəranda doğulub. Körpə yaşlarında 6 qardaşı ilə internat evinə yerləşdirilib. Daha doğrusu, Pirşağıda yerləşən 10 nömrəli internatın məzunudur. 24 yaşı var. Hərbi xidmət də keçib. Dediyinə görə, 2 ay əvvəl ailə həyatı qurub. Dövlətin atasız-anasız uşaqlar üçün verdiyi evdə məskunlaşıb. Evi hələ subay olarkən – 6-7 ay əvvəl alıb. İndi ailəsi ilə həmin birotaqlı mənzildə yaşadığını söyləyir. Həmin binada bir yerdə böyüdüyü internat məzunları ilə qonşu olduğunu deyir.

 

Məzunu olduğu internat evinin özbaşınalıqlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etdiyi üçün evindən atıldığını iddia edir:

 

“Nazirliyə şikayət etdik, evimi əlimdən aldılar...”

 

- Artıq iki 13 mərtəbəli bina hökumət tərəfindən internat uşaqlarına verilib. Üçüncüsünün də bu yaxınlarda açılışı olacaq. Bir yerdə böyüdüyümüz digər internat məzunları ilə həmin binanın həyətində hər gün bir yerdə oturub-dururuq. Onlar da bizim binadan ev almaq istədiklərini, amma onlardan pul istədiklərini deyirlər. 3-10 min arasında pul istəyirlər. Dövlət bu evi pulsuz verir. Amma evi onlara pulla satırlar. Pulu sənədlər üçün istəmirlər.

 

- Bəs nə üçün istəyirlər?

 

- Ona görə alırlar ki, üç-dörd ilə alacağın evi, 2 həftə içərisində növbədənkənar şəkildə  sənə verirlər. Başqalarının növbələrini saxlayırlar, kim pul versə, o qabağa salınır. Bu da qeyri-qanuni satışdır. Pul verən isə 2 həftəyə evi alır.

 

- Pulu kim alır?

 

- Pulu alanlardan biri mənim doğma qardaşımdır – Seymur Kazımlı.

 

- Doğma qardaşınız?

 

- Bəli. Mən doğma qardaşıma qarşıyam. Digəri müəssisənin rəhbəri Rüxsarə Axundovadır. Bu gün ailəmlə birgə küçələrdə yaşamağımın əsas səbəbkarı İnternat Məzunlarının Sosial İnteqrasiyası adlı qeyri-hökumət təşkilatının rəhbəri Araz Əhmədov, həmin QHT-nin koordinatoru, mənim doğma qardaşım Seymurdur. Bunlar heç də internat məzunlarına kömək etmək fikrində deyillər. Həmin şəxslər dövlət tərəfindən internat uşaqlarına ayrılan ərzaqları, vəsaitləri yeyib-talamaqla məşğuldurlar. Rüxsarə xanımı hökumət tərəfindən verilən evlərə rəhbər qoyublar. Rüxsarə Axundova da bunlarla əlbirdir. İmkanlı şəxslər gəlirdilər, internat evinə yardım etmək istəyirdilər. Necə kömək etmək istədiklərini soruşurdular. Rüxsarə xanım da deyirdi ki, uşaqların nəyə ehtiyacı olduğunu bilmirsiniz, ərzağın əvəzinə siz mənə pul verin, mən onların problemlərini həll edəcəyəm. Amma heç bir köməklik də olunmurdu. Hələ uşaq olandan internat evində nələr olub-bitdiyinin şahidiyik. Həmişə hökumət bizə kömək edirdi, amma digərləri onu yeyirdi. Uşaqlıqda xeyirxah insanlar tərəfindən bizə yardımlar edilirdi. Onlar gedəndən sonra edilən yardımlar əlimizdən alınırdı. Biz bunlara dözə-dözə böyümüşük. Amma indi böyümüşük, hər şeyi dərk edirik, susa bilmərik axı.

 

“Vəhabilərdən ibarət “banda” yaradıblar...”

 

Məhəmmədəli deyir ki, Araz Əhmədov, Seymur Kazımlı, Rüxsarə Axundova orada “banda” yaradıblar. Özü də bu qruplaşma “susdurmaq” işinə baxır, daha doğrusu, kimlərinsə dələduzluqlarını ört-basdır etməsi məqsədi ilə təşkil edilib:

 

- Əhli-sünnə, vahabi camiası üzvlərindən təşkil olunub. Əhli-sünnələr, sələfilər bizimlə mehribandırlar, amma həmin banda üzvləri özlərini sələfilər kimi təqdim edir, o cür aparırlar. İnternat uşaqlarını “düzgün yol budur” deyərək həmin qruplaşmaya cəlb edirlər.

 

- Yaxşı, internat uşaqlarını oraya toplayıb nə edirlər ki? Məqsədləri nədir?

 

- İndi deyəcəyəm nə edirlər; deməli, 10 gün qabaq 20 nəfər həmin bandanın üzvləri yığışıb məni döyüblər. Şəkillərim də var. Başımı yarmışdılar. Dəhliz də al-qan olmuşdu.

 

Məhəmmədəli Kazımlının sözlərinə görə, dövlət onlara verilən binada pulsuz trenajor zalı, internet klub, camaşırxana açıb. Amma camaşırxanada paltarlar pulla yuyulur:

 

- Özlərindən 1 manat 50 qəpik qiymət qoyulub, paltar yuyulur. Trenajor zalı isə açılışdan sonra bağlandı. Qapısına qıfıl vurulub. Biz də bütün bunları nazirliyə şikayət etmək üçün Sosial Müdafiə Nazirliyinə üz tutduq. 10-15 uşaq idik. Dedik ki, bizim  haqqımız tapdalanır. Qanunsuz ev satışı var. Dedilər ki, şikayətinizə baxılacaq. Soruşduq ki, siz şikayətə baxana kimi evimiz əlimizdən alınmayacaq ki? Dedilər, yox. Çünki bizə hədə-qorxu gəlmişdilər ki, harasa şikayət etsəniz, evinizi əlinizdən alacağıq. Nazirlikdən də bildirdilər ki, sənin evin heç bir şəkildə əlindən alına bilməz, narahat olma, get evində otur. Bundan əvvəl də qardaşım Seymur şikayət etməməyim üçün mənə təzyiq göstərdi. Bir dəfə Duz gölünün kənarına çağırıb, orada məni döydü. Baxın, telefonumu da onlar qırıb (çilik-çilik olmuş telefonunu göstərir). Qardaşım məni söydü, dillənmədim.

 

- Qardaşınız sizi niyə döyürdü ki? Şikayətə görə?

 

- Bəli. Qardaşım məni söyüşə təhrik edirdi ki, mən də onu söyüm, məni tutdursunlar. Bunu da ona görə edirdilər ki, növbəti tikilən binadan da pul yesinlər. Çünki mən “içəridə” olacaqdım, bunlar da yenə öz işlərinə rahat şəkildə davam edəcəkdilər. Qardaşım məni söysə də cavab vermədim. Sonra gənc həyat yoldaşımı söyməyə başladı. Mesajların “skrin”lərinə baxa bilərsiniz. Mən gedib Seymuru qırağa çəkdim, niyə belə etdiyini soruşdum. Təkrar söydü. Mən də onu vurdum. Vurandan sonra qardaşım məni məhkəməyə verdi. İş hələ də bağlanmayıb. Balaca qardaşım da mənimlə birgə idi. Balaca qardaşım da Seymura dedi ki, söymə. Onu da məhkəməyə verdi. Düzdür, iş bağlanmayıb, amma məni iki gündən sonra buraxdılar. 52 internat uşağını üstümə saldılar ki, guya Məhəmmədəli hər ay qapı-qapı pul yığır. Şər atdılar mənə. Guya mən 52 ailədən pul almışam. Həmin uşaqları körpəlikdən tanıyıram. İradəsi zəif adamlardır. 5-10 manata nə desən edərlər. Rüxsarə Axundova və qardaşımgil onlara pul verdikləri üçün onların yanındadırlar.

 

“5 mülki geyimli şəxs yoldaşımla məni küçəyə atdı...”

 

Şikayətçinin sözlərinə görə, 2 gün polis idarəsində qalandan sonra kiçik qardaşı ilə evə gəlib. Amma onu yenə də rahat buraxmayıblar:

 

- Evə gələn kimi tanımadığım nömrədən mənə zəng gəldi. Dedilər ki, gəl söhbət edək. Mən də dedim ki, gecə saat 2-də mənimlə nə söhbət edəcəksiniz ki?! Özü də sayca 30-40 nəfər idilər. 5-10 dəqiqə sonra qapımız döyüldü. Balaca qardaşımla mən çıxdım. Liftə tərəf getdim. Qaranlıq idi. 20 nəfər məni təklədi. Arxadan yumruqladılar. Başımın qanı yerə töküldü, divara sıçradı. Hamısının şəklini çəkmişəm. Dedilər ki, bir də qələt edib şikayət eləsən, bundan da pis vəziyyətə düşərsən. Heç birini də tanımırdım. Hədələdilər ki, polisə və xəstəxanaya getməyim.

 

- Niyə?

 

- Çünki polisə düşməkdən qorxurlar. Özümü qapıdan içəri zorla saldım. 20 nəfər döymüş adam necə olar?!

 

- Bəs sonra nə oldu?

 

- Sabahı gün sahə müvəkkili, 1 nəfər komendant, 5 nəfər də mülki geyimli şəxs gəldi. Qapımı döydülər. Mən də başı sarıqlı şəkildə çıxdım. Soruşdum ki, nə məsələdir, dedilər ki, səni evdən çıxarırıq. Nəyə əsasən çıxardıqlarını soruşdum. Dedilər ki, sakinlər səndən şikayətçidirlər. Bir nəfər əli qovluqlu şəxs irəli durub dedi ki, siz burada tərbiyəsizlik edirsiniz, ona görə də evdən çıxmalısınız. Qayıtdım ki, sən kimsən? Deyir ki, mən bu ölkənin mülki, adi vətəndaşıyam. Sosial Müdafiə Fondundan bir nəfər gəlib, sahə müvəkkili də orada idi.

 

- Sosial Müdafiə Fondunun nümayəndəsi nə dedi? O da sizin evdən çıxarılmağınıza səssiz qaldı?

 

- O adamın niyə gəldiyini deyim. Qardaşımgil hər evə 3-5 min alırlar. Onun yarısını həmin fondun rəhbəri Vüqar Behbudova ötürürlər. Ona görə də öz nümayəndəsini göndərmişdi. Həmin gün məni evimdən çıxarıb, yoldaşımla bayıra atdılar.

 

Məhəmmədəli bundan sonra narahat, qorxulu günlərinin başladığını deyir. Hamilə həyat yoldaşını dostlarının evinə yerləşdirsə də, özünün yuxusu ərşə çəkilib:

 

“10 gündür ki, yoldaşımı digər internat məzunlarının evində saxlayıram. Hər gün birinin evində saxlayıram ki, hamilədir, küçədə qalmasın. Özüm qalmıram, çünki rəfiqələri ilə birgə qalır. Özüm internet klublarda gecələyirəm, vaxt keçirirəm, metro açılanda metroda yatıram. Metro vaqonlarında o baş – bu başa gedirəm ki, yuxumu alım”.

 

Həmsöhbətim hirsli-hirsli danışır. Qardaşının onu məhkəməyə verməsindən sonra dostlara, vaxtilə birgə böyüdüyü internat evinin uşaqlarına möhtac olduğunu söyləyir. Deyir ki, dostlarından 1-2 manat alır. Pulu da ona görə alır ki, ac-susuz qalsa da,  internet klubda gecəni yola verə bilsin:

 

- Hətta 1-2 dəfə polis saxlayıb. Soruşub ki, gecənin bir vaxtı bayırda nə gəzirsən?! Demişəm ki, evimdən bayıra atıblar məni.

 

- Bəs sizi atanda sahə müvəkkili nə dedi?

 

- O, mənə kömək etmək istəyirdi. Rüxsarə xanıma dedi ki, qardaşı ilə dalaşıb deyə onu niyə küçəyə atırsınız? Bunun ailəsi var. Tək deyil. Rüxsarə Axundova da polisə cavab verdi ki, xoşuna gəlmirsə, apar öz evində saxla. Evimdən atılandan sonra Rüxsarə Axundovanın yanına getdim. Rüxsarəyə dedim ki, məni evdən niyə çıxarmısınız? Qayıtdı ki, məndən üzr istəsəydin, səni evdən çıxarmazdım.

 

***

 

“Mənə qarşı ittihamlar əsassızdır...”

 

Məhəmmədəli Kazımlının rüşvət almaqda, radikal “banda” yaratmaqda ittiham etdiyi qardaşı Seymur Kazımlı ilə əlaqə saxladıq. Məsələ ilə bağlı onun mövqeyini öyrəndik. Seymur Kazımlı bildirdi ki, qardaşının onun haqqında səsləndirdiyi bütün ittihamlar əsassızdır:

 

- Birincisi, bu insanların hamısı narkomandır. İkincisi, yaşadığı binada uşaqları döyüb, söyüb, əzirdilər. Əllərindən pullarını alırdılar. Buna görə də dövlət nümayəndələri bir tədbir görərək, həmin şəxsləri binadan uzaqlaşdırdılar. Mən faktla, sübutla danışıram. Bu gün qardaşımgilin, həmin adamların xəstəxanada qanını yoxlasan, görərsiniz ki, hamısı narkomandır.

 

- Qardaşınızın qovulduğu evi dövlət verib. Hansı əsasla hansı hüquqla ona sənədlə verilmiş ev əlindən alına bilər? Narkoman olduğuna görə, kiminsə evi əlindən alına bilərmi?

 

- Narkomandır, öz işidir. Amma onlar binanın rifahını, sakitliyini pozublar. Buna görə də 52 nəfər sakin onlara qarşı şikayət ərizəsi yazıb, protokola imza atıb. Sakinlər qardaşımgilin onları narahat etdiyini söyləyiblər. Adicə binada üç nəfər bir nəfərdən şikayət edəndə həmin qonşu üçün tədbir görülür. Görün məsələ hansı yerə çatıb ki, 52 nəfər qonşu həmin ərizəyə imza atıb.

 

- 52 qonşunun şikayət ərizəsinə imza atması ailəli bir adamın ailəsi ilə birlikdə evindən atılmasına hüquqi əsas yaradırmı?

 

- Bəs bu əsas verirmi ki, həmin insanlar orada yaşayan sakinləri hər gün döysünlər, söysünlər, camaatdan oğurluq edib onların haqqına girsinlər?!

 

- Axı bütün bunlar üçün hüquq-mühafizə orqanları var...

 

- Hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etdik. Axır ki, bunların bir nəticəsi oldu. Məhəmmədəli mənim doğma qardaşımdır. Amma 6-8 nəfəri üstümə töküb, həmin binanın həyətində məni döydürüb. Belə qardaş olar?!

 

“Həmin adama zəng vurub dedilər ki...”

 

Seymur Kazımlı 10 gündən artıqdır ki, küçələrdə yatdığını deyən qardaşının “banda” yaratmaq ittihamı ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirdi.  O, bu iddiaların da tamamilə yalan olduğunu dilə gətirdi:

 

- Bəs sələfilərdən, vəhabilərdən ibarət kriminal dəstə, “banda” yaratmaq nə məsələdir?

 

- Qardaş, yalan söhbətdir. Bunlar telefon söhbəti deyil, sizi Masazıra dəvət edirəm. Buradakı yaşayışı, mühiti göstərmək istəyirəm. Telefonda bəlkə inanmayacaqsınız, mən sizə əyani şəkildə göstərmək istəyirəm. Bunlar hər gecə dərman atıb gəlir, uşaqları döyürdülər. Bir-iki gündən bir xəbər gəlirdi ki, Məhəmmədəligil onu döyüb, o birisinin əlindən pulunu alıb. Hətta bir nəfəri döymüşdülər, döyülən şəxs də məhkəməyə vermişdi onları. Həmin adama zəng vurub demişdilər ki, şikayət ərizəsini geri çəkməsən, hamilə qadının o uşağı dünyaya gətirə bilməyəcək. Bu cür hədə-qorxular insanlığa sığar?

 

- Siz qardaşınızın evdən çıxarılma prosesində iştirak etmisiniz?  

 

- Əlbəttə, birbaşa iştirak etdim. Bir qardaş kimi canım yandı. Onun sənədlərini özüm yığdım, sakinlərə imzalatdırdım. Sonra da ərizəmi geri çəkdim.

 

- Bəs qardaşınız nə vaxtsa həmin evə qayıdacaqmı?

 

- Hara qayıdacaq, siz nə danışırsınız? Daxili İşlər Nazirliyinin nümayəndələri, Dövlət Sosial Müdafiə Fondunun və Abşeron Rayon Polis İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin nümayəndələri gəlib şikayət ərizəsinə qol çəkib, qardaşımı həmin evdən uzaqlaşdırdılar.

 

- Qardaşınızı evdən uzaqlaşdırmaqla bağlı məhkəmə qərarı var?

 

- Əlbəttə. Sakit yaşayan insanın evini əlindən almazlar. Onun evi hüquq-mühafizə orqanlarının nəzarəti altında əlindən alınıb. İndiyə qədər o binada heç kimin evi əlindən alınmayıb. Məhəmmədəligil gecə saatlarında mənim ailəmin üstünə bıçaqla gəliblər və onları hədələyiblər. Bunu hansı ata, evin kişisi götürər?!

 

- Qardaşınız deyir ki, siz, Araz Əhmədov və Ruxsarə Axundova əlbir olaraq 2-3-5-10 min məbləğində pul alaraq internat məzunlarına növbədənkənar ev verirsiniz. Buna münasibətinizi bilmək istəyirdik. Belə bir şey olub?

 

- Hamısı iftiradır, böhtandır. Bu cümləyə görə sizi də, Məhəmmədəligili də məhkəməyə verəcəyəm.

 

- Bizi niyə?

 

- Əgər əsassız yazsanız.

 

- Qardaşınızın bizdə videogörüntüsü və səs yazısı var. Reportajda ittiham olunan tərəflərdən də münasibət öyrənməyə çalışmışıq. Bu yazımız faktlar əsasında hazırlanıb.

 

-İşimiz göz qabağındadır. Söz xatirinə söz danışmıram.

 

- Qardaşınız şəkillər göstərdi, bildirdi ki, tanımadığı adamlar onun evinə basqın edib, döyüblər. Bundan xəbəriniz varmı?

 

- Həmin vaxt mən restoranda yemək yeyirdim. Binada deyildim. Kameralar var, yoxlaya da bilərsiniz. Ad versə, yenə mən bilərəm ki, kimilərdir. Deyirlər ki, döyən insanları tanımırıq.

 

***

 

Məhəmmədəli Kazımlının evini əlindən almaqda ittiham etdiyi şəxslərdən biri də “İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin sədridir. Bəli, düz tapdınız, Araz Əhmədov. Araz Əhmədov hazırda Qazaxıstanda olsa da, onunla da əlaqə saxlayıb ittihamlara cavab verməyini xahiş etdik.

 

Araz Əhmədov deyir ki, o da internat məzunudur. Həddi-buluğa çatandan sonra ictimai fəaliyyətlə məşğul olub. Bir neçə məzun dostları ilə birgə İnternat Məzunlarının Sosial İnteqrasiyası təşkilatını  (İMSİ) təsis edib. Bu gün onun rəhbərlik etdiyi təşkilatın 400-ə yaxın üzvü var. Təşkilat sədri belə deyir.

 

Gələk Məhəmmədəli Kazımlının ittihamlarına və Araz Əhmədovun həmin ittihamlara verdiyi cavablara. İMSİ sədri deyir ki, Məhəmmədəligil öz fəaliyyətlərini şantaj üzərində qurublar:

 

“Bir neçə dəfə onlar problem yaradıblar. Sonra da həmin problemdən çıxış yolu axtarmağa əl atıblar. Etdikləri əməllərdən sonra şikayətlər etməyə başlayıblar. Bizim haqqımızda bu cür şikayət etməsini eşidəndə çox pis oldum. Çünki bizim adımız hər şeydən önəmlidir. Biz öz məzunlarımızla ləyaqətlə işləmişik və bu davam edir. Onların kimliyi haqqında məlumat öyrənmək üçün yataqxana var. Orada 30-a yaxın internat məzunu qalır. Masazırda yaşayan sakinlərin şikayət ərizələrinə baxmaq da kifayət edər”.

 

Araz Əhmədov iddia edir ki, Məhəmmədəli Kazımlı və onunla həmfikir olan bir neçə şəxs sosial-ictimai həyata uyğunlaşmaqda çətinlik çəkirlər:

 

- Onlar özləri üçün türmə qanunları qoyublar. Bu qanunlarla yaşayırlar. Heç cür inteqrasiya etmək istəmirlər.

 

- Son hadisələrin başlanğıcına qayıdaq. Hansı prosesdən sonra evin Məhəmmədəli Kazımlının əlindən alınması ilə bağlı qərar verildi?

 

- Bir qrup internat məzunu aramsız şikayət etdilər. Bildirdilər ki, onların əlindən uşaqlarımızı bayıra çıxara bilmirik. Hər gün dava, hər gün problem olur. Sonuncu məsələyə artıq prokurorluq qarışdı. Bunu da mən tələb etdim. Çünki internat məzunları onlar barəsində şikayətlərini mənə edirdilər. Hətta Məhəmmədəlinin qardaşı Seymur da buna etiraz etdiyi üçün möhkəm döyülmüşdü. Hal-hazırda Seymurun döyülməsi ilə bağlı məhkəmədə iş gedir.

 

“21 ailəni köçürmüşük...”

 

İMSİ sədri deyir ki, Məhəmmədəli Kazımlının rüşvət alaraq internat məzunlarını vaxtından əvvəl evlərə yerləşdirmək iddiaları da əsassızdır. Amma 21 ailə həmin evlərə köçürülüb:

 

- Uşaqlardan pul almaqla bağlı iddialar açıq-aydın yalandır. Biz sosial vəziyyəti ağır olan 21 nəfərin hökumət tərəfindən məzunlarımız üçün tikilən evlərə yerləşdirilməsinə səbəb bizim müraciətimizdir. Həmin 21 nəfər məzunun vəziyyəti o qədər ağır idi ki, onlar kirayə pulunu belə verə bilmirdilər. Kirayənişin onların evdən çıxarılmasını tələb edirdi. Biz müdiriyyətə bu haqda məlumat verəndən sonra onların hamısı evlərə yerləşdirildi.

 

- Bəlkə siz almamasınız, onlar sizə rüşvət təklif edib?

 

- Nəinki pul, mən heç onlardan bunun əvəzində hədiyyə belə qəbul etməmişəm. Hətta eləsi olub ki, mənə evə köçməsi müqabilində mənə saat almaq istəyib, qadağan eləmişəm. Demişəm ki, mənə heç bir hədiyyə lazım deyil.

 

- Evi məzunlara Rüxsarə xanım verir, yoxsa sizin təşkilat? Köçürülməni kim təsdiqləyir?

 

- Evi biz vermirik; nə Rüxsarə xanım, nə Seymur, nə də mən. Ev məsələsi 2 nazirliyin balansındadır. Həm Təhsil, həm də Sosial Müdafiə Nazirliyi bu işə nəzarət edir. Sosial Müdafiə Nazirliyi də bu işi Dövlət Sosial Müdafiə Fonduna həvalə edib. Dedikləri böhtanla bağlı bir dənə də olsun əsas gətirə bilməzlər. Mümkün deyil. Evi də nazirlik verir. Biz də internat məzunuyuq. Onları daha yaxından tanıyırıq. Hansı məzunun vəziyyətinin daha pis olduğunu biz yaxşı bilirik. Ona görə də onların vəziyyəti haqqında ətraflı sübutlar, dəlillər toplayıb müdiriyyətə təqdim etmişik. Onlar da araşdırdıqdan sonra həmin məzunların yerləşdirilməsini tezləşdiriblər.

 

Seymur Kazımlıdan fərqli olaraq, Araz Əhmədov deyir ki, o, Məhəmmədəli Kazımlının və dostlarının 20 nəfər tərəfindən döyülməsinə də inanmır:

 

- Ola bilməz ki, Masazırda 300 ailənin yaşadığı massivdə gecə gəlib bunları döysünlər və heç kim bunu görməsin. Ən azından komendantın xəbəri olmalıdır bu hadisədən. Məhəmmədəligil “Qara Qarayev”də yaşayarkən də davaları olmuşdu. Həmin vaxt da bizdən şikayət etmişdilər. Demişdilər ki, guya bizdən bir neçə nəfər yığışaraq onları döyüb.

 

- Bəs sonra nə oldu?

 

- Araşdırmalardan sonra məlum oldu ki, nə biz, nə də adları çəkilən digər gənclər həmin vaxt orada olmayıblar. Heç bir nəticə əldə olunmadı. Halbuki Nizami Rayon Polis İdarəsində onların özləri haqqında 2 dəfə cinayət işi qaldırılıb.

 

“Bu hadisədən sonra evdən uzaqlaşdırıldılar...”

 

Məhəmmədəli və daha bir başqasının evdən uzaqlaşdırılması məsələsini detallı olaraq aydınlaşdırmaq istədik. Çünki Araz Əhmədov da Məhəmmədəli Kazımlının evindən çıxarılmasının birbaşa iştirakçısı olub:

 

- Uzaqlaşdırılmaları isə 2 gənci incitmələri ilə bağlı idi. Həmin 2 gənc Məhəmmədəlinin böyük qardaşı Seymur Kazımlıya şikayət etmişdi. Seymur onlarla danışdı. Etiraz elədi. Məhəmmədəligil hətta Seymuru da döydülər. Seymurun döyülməsindən sonra bu məsələ tam ciddi şəkildə qaldırıldı. Sakinlər də mənə müraciət etdilər ki, bunların əlindən haraya gedək. Onların məndə səs yazıları da var. Bundan sonra biz təşkilat olaraq işə qarışmalı olduq.

 

- Bu hadisədən əvvəl Məhəmmədəligilə xəbərdarlıq edilmişdimi?

 

- Sakinlər onlara demişdilər ki, bir də belə bir hadisə olsa, evdən uzaqlaşdırılacaqsınız. Çünki ora dövlət müəssisəsidir. Bu məsələyə polis, prokurorluq, hətta DTX-da qarışdı. Qərara alındı ki, onlar burada təhlükə törədirlər. Bütün xəbərdarlıqlara məhəl qoymadıqları üçün qovuldular. Məhəmmədəli Kazımlı və digərləri seçdikləri yoldan əl çəkmirlər. Bir müddət sakitləşirlər, sonra davam edirlər.

 

***

 

İttihamlarda adı keçən Masazırdakı “Məzun Evi” müəssisəsinin direktoru Rüxsarə Axundovanın da fikirlərini öyrənməyə çalışdıq. O, bir cümlə ilə bildirdi ki, Məhəmmədəli Kazımlının törətdiyi əməllərlə bağlı ona yox, hüquq-mühafizə orqanlarına müraciət edək.

 

Nədənsə bu yerdə Məhəmmədəli Kazımlı ilə söhbətimizin sonundakı bir nüans yadıma düşdü.

 

Məhəmmədəli ilə sağollaşmaq istəyərkən qolumdan tutub, məni kənara çəkmişdi. Asta səslə soruşmuşdu:

 

- Görəsən bu şikayətdən sonra evimi geri ala biləcəyəm? Bir də ki, mənim həmin birotaqlı evimi başqa yerdə ibir evlə dəyişmək mümkündürmü? Çünki qorxuram, qorxuram ki, məni öldürələr, başıma bir iş gələ. Yoldaşım da hamilədir, bilmirəm nə edim...

 

***

 

Belə. Şikayətçi tərəf nə qədər haqlı olduğunu iddia etsə də, düşdüyü durumun ağırlığını gözlərimizlə görsək də, qarşı tərəfin də yetərli dərəcədə arqumentləri var. Odur ki, yaranmış vəziyyətə görə kimin günahkar olduğunu aydınlaşdırmaq, doğrudan da, hüquq-mühafizə və digər dövlət orqanlarının üzərinə düşür...

 

Lent.az mövzunu diqqətdə saxlayacaq...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723
avatar

Tural TURAN

Oxşar yazılar