Fevralın 6-dan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna start verilir.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair” təsdiqlənmiş müvəqqəti qaydalar görə bu ildən artıq kolleclərdə təhsil alan tələbələrin də köçürülmə və ixtisas dəyişdirməsi Transfer.edu.az internet portalı vasitəsilə həyata keçiriləcək. Belə ki, fevralın 7-dən orta ixtisas təhsili müəssisələrinin tələbələri də transfer.edu.az elektron portalı vasitəsilə köçürülmək üçün müraciət edə bilərlər.
Sənədlərin elektron qəbulu fevralın 14-dək davam edəcək.
Bildirək ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.