[b]Hündürlükdə görülən bütün işlərə xüsusi qaydada icazə veriləcək[/b]
18 noyabr 2016 14:39 (UTC +04:00)

[b]Hündürlükdə görülən bütün işlərə xüsusi qaydada icazə veriləcək[/b]

Fövqəladə Hallar Nazirliyi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nı təsdiq edib.

 

APA-nın məlumatına görə, bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.

 

Hündürlükdə görülən işlərə işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu, işçinin üfüqi səthə nisbətən mailliyi 75 dərəcədən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən, hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən, su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mümkünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər aiddir. İstehsal şəraitindən asılı olaraq hündürlükdə görülən işlər ayaqaltı vasitələrindən (məsələn, ayaqaltılar, üzərində işləmək üçün körpülər, teleskopik qüllələr, inşaat nənniləri, nərdivanlar və s.) istifadə olunmaqla hündürlükdə görülən işlər, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasara alınmış meydançalarda yerinə yetirilən, 5 m və daha çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə bölünür. Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılırlar. Hündürlükdə işləri yerinə yetirən işçilər icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Hündürə qalxmaqla yerinə yetirilən işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlanılarkən tibbi arayış tələb olunmalıdır. Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İşçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından və hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra hündürlükdə işlərə buraxılırlar. Ayaqaltı vasitələri tətbiq olunmaqla, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasarlı meydançalarda işləri yerinə yetirən, hündürlükdə işlərin təhlükəsiz görülməsi üzrə tələbləri mənimsəmiş, bu sahədə bilik və vərdişlərin yoxlanılmasından müvəffəqiyyətlə keçmiş işçilərə hündürlükdə işləməyə buraxılmaq üçün vəsiqə verilir. Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilərə işəgötürən tərəfindən bu Qaydalarda müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, işləməyə icazə verən naryad-buraxılış vərəqi  verilir.

 

Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri surətdə öyrədilməsi imtahanla yekunlaşır. İmtahan hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsini həyata keçirən təşkilat rəhbərinin əmri ilə yaradılan attestasiya komissiyaları tərəfindən keçirilir. Attestasiya komissiyalarının tərkibi müvafiq hazırlıq və attestasiya keçmiş müəllimlərdən və mütəxəssislərdən təşkil edilir. İmtahandan müvəffəqiyyətlə keçən işçilərə hündürlükdə işlərin yerinə yetirilməsinə buraxılış vəsiqəsi verilir. Kanatla çıxış sistemləri tətbiq olunmaqla hündürlükdə işləri yerinə yetirən işçilərə əlavə olaraq hündürlükdə işlərin şəxsi uçot kitabçası verilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsi başa çatdıqdan sonra işəgötürən işçilərin təcrübə keçməsini təmin edir. Təcrübə müddəti onun məzmunundan asılı olaraq işəgötürən (onun müvəkkil etdiyi şəxs) tərəfindən müəyyən edilir və iki iş günündən (növbəsindən) az olmayaraq müəyyən edilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanması ildə 1 dəfədən az olmayaraq keçirilir.

 

Açıq yerlərdə hava axınının (küləyin) sürəti 15 m/san və daha çox olduqda, iş cəbhəsi hüdudlarında görünməni istisna edən tufan və ya duman olduğu halda, eləcə də konstruksiyalar buz bağladıqda və avadanlığın, mühəndis konstruksiyalarının xətlərində (o cümlədən elektrikötürücü xətlərin dayaqlarında), ağaclarda buz təbəqəsinin qalınlığı artdıqda, konstruksiyaların küləktutan səthlərinin quraşdırılması (sökülməsi) zamanı küləyin sürəti 10 m/san və daha çox olduqda hündürlükdə işlərin yerinə yetirilməsinə icazə verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652
avatar

APA Baycan

Oxşar yazılar