Gecə lampasının işığında...
16 dekabr 2014 18:16 (UTC +04:00)

Gecə lampasının işığında...

 

Xaçmaza Region Tv-nin təşkilatçılığı və dəvəti ilə internat uşaqlarıyla görüşə getdik. Təşkilatçılar uşaqların yalnız şou-biznes adamları ilə görüşməsindən narahat olduqlarını deyirdilər: “İstəyirik yazıçılarla da görüşsünlər. Müasir ədəbiyyatımızı tanısınlar”.

 

Orda öyrəndik ki, Xaçmazda olan Regional TV-nin rəhbərliyi uşaqlar üçün tez-tez belə tədbirlər keçirir. Hər bayramda onları yeməyə, hədiyyələrə qonaq edir.  

 

Mənə gəldikdə, şagirdlərlə ilk görüşüm deyildi. Bakıda və bölgələrdə ara-sıra belə görüşlərimiz olub. Və tələbələrlə, özəlliklə məktəblilərlə görüşə böyük həvəslə gedirəm. Baxmayaraq ki, onlar çağdaş ədəbiyyatımızı o qədər də yaxşı tanımırlar. 151 saylı məktəbdə keçirilən görüşdə öz yaradıcılığıma kənardan, uşaqların dilindən baxdım və inanın, bu oxucu ilə görüşdən qat-qat fərqli bir duyğudu. İnternat uşaqları ilə də ilk deyildi görüşüm. Bir internatda olmuşdum. Uşaqlar o qədər gözəl idilər ki, gözümü çəkə bilmirdim. Gözüm gah birinə, gah o birinə dikilib qalırdı. İçlərində bir qız vardı. Bu günə qədər unutmuram onun ağıllı və iri gözlərini.  

Niyə hamısı belə gözəl idi,  bu nə sirdi?

 

Tərk edilən uşaqlar adətən qanunsuz ilişkilərdən doğulur. Uşaqdan imtina edə biləcək adamların da hissləri, münasibətləri dərin olmur.  Ötəri bir cazibə gətirir onları bir araya.  Çox vaxt adamlar bir-birinin xarici görünüşünə uyur, ötəri ilişkiyə, ehtirasa qapılır və sonuc yaraşıqlı cocuqlardı. 

 

***

Ara-sıra gedirəm uşaqlarla görüşə. Və hər dəfə başa düşürəm ki, onların ətdən, yağdan çox, ünsiyyətə, gərəkli olduqlarını duymağa ehtiyacları var. İnternat uşaqlarıyla görüşəndə adamlar xüsusi qayğıkeş obrazına girərək o qədər teatrallaşırlar ki, nəinki uşaqlar, elə mən özüm də sıxılıram bu himayədar tərzdən. Bu onların həyatıdı, öyrəşdikləri, gözlərini açandan, özlərini tanıyandan gördükləri yaşamdı. Bu onlarındı. Onların aid olduqları dünyadı. Ora gedəndə onları aciz, yazıq, özümüzü güclü, böyük hiss etməyimizə səbəb nədi?  Onlar da bizim kimi insanlar deyilmi? Sadəcə ailədə yox, məktəbdə yaşayan, müəllim tərbiyəsi ilə böyüyən insanlar...

 

Biz ailədən müqəddəs birgəlik, dəyər, ali bir anlayış kimi danışdıqca ailəsi olmayanları incitdiyimizin fərqinə varmadıq. Sivilizasiya ailə institutunu, ailəni vacib bir ortam, əvəzsiz birgəlik  kimi təqdim etdikcə, ata-anası, həyat yoldaşı, uşağı, kimsəsi olmayan adamlar ürkəkləşdi, çəkingən oldu, natamam hiss etdi özünü. 

 

Ailəni bu qədər öymək bizə nə qazandırdı? Hamımız ətrafda saysız formal ailə görmüşük. Onların müqəddəslik və dəyər anlayışı ilə heç bir bağı olmadığını da bilirik. Ailə insanların bir arada xoşbəxtliyi deyilsə boş şeydi. İstəyirsiz onu din kimi təqdim edin, sevgisizdisə, mutlu etmirsə,  eyni sözləri deyib duran əzbərçi yalançılardan ibarət bir cəmiyyətin əsas dağıdıcı mexanizmi olaraq qalacaq. 

Təkcə internatda yaşayan yox, bütün uşaqları insan kimi böyütməyə, ləyaqət, qürur anlayışları ilə tanış etməyə, yaxşı təhsilə, peşə, sənət  verməyə, onlara yaşamğı öyrətməyə borcluyuq.   

 

Bu uşaqların üzündə həsrət var. Hardan qaynaqlanıb bu həsrət?  Ana müqəddəsdi, ailə böyük dəyərdi deyə-deyə, insanların həyatını cəhənnəmə döndərmədikmi?  Hə, ana əzizdi, sevimlidi, əvəzsizdi. Ancaq öz övladı üçün. Ona dost olduğu üçün, üstündə böyük zəhmət çəkdiyi üçün əzizdi. Ana sevgini qazandığı üçün sevimlidi. Doğduğu üçün yox.  Anası olmayan uşağın müqəddəslik abidəsini əlindən almağa haqqımız yoxdu. Bu dünyada müqəddəs olan çox şey var. Anası yoxdusa, sevdiyi olacaq, dostu olacaq, işi olacaq, başqa nələrisə olacaq ki, onu özü üçün dəyər biləcək. 

 

Sözün düzü, mən bu uşaqlara öz ağır və əzab dolu şeirlərimi oxumağa utandım. Onlara qısaca olaraq Güney Azərbaycanın böyük yazarı Səməd Behrənginin “Balaca qara balıq” nağılını danışdım. Balaca qara balıq yaşadığı hövzədə narahatdı. Onu böyük, ucsuz - bucaqsız dənizlər cəlb edir. Balaca qara balıq hiss edir ki, hardasa başqa yaşayışlar, başqa bir dünya var.  Bu kiçik göllə yetinmir. Getmək istəyir. Anasının üzünə ağ olub evini, ailəsini, əzizlərini atmaq istədiyinə görə, bütün balıqlar onu qınayır. Ancaq balıq anasıyla vidalaşıb arzularının arxasınca gedir. Okeanlara çatır...

 

*** 

 

Gecə yenə həmişə kimi qızımı əhvalatlarla, nağıllarla yuxuya verirdim.

Hər gün ona hansısa hadisəni nağıllaşdırıb danışıram. Həmin gün də getdiyimiz tədbirdən danışdım.

 

- İnternat uşaqları ilə görüşə getmişdim, qızım.

 

- İnternat nədi, ana?

 

- Məktəbdi, qızım, ancaq həm də uşaqların evidi. Orda həm oxuyurlar, həm yaşayırlar. –

 

- Anaları da orda olur?

 

- Yox, qızım. Yalnız müəllimləri olur.

 

- Qızım fikrə gedir.

 

- Bəs sonra? Adları nədi onların?

 

- Çoxdular, qızım, hamısı yadımda deyil. Emil var, Leyla , Elvin, Elnur, Zümrüd var.

 

- Danış onlardan bir az.

 

- Nə danışım qızım, bax onların çoxlu oyuncağı yoxdu, sənin kimi “Barbi” gəlincikləri yoxdu, onları “Tom and Jerry” əyləncə mərkəzinə, “Park Bulvar”a aparmır heç kim. Onlar xarici ölkələri gəzmir. Hər gün mağazaya, marketə girib, onu istəyirəm, bunu istəyirəm,  demirlər. Onlara bunları edən ana-ataları yoxdu. Ancaq müəllimləri var. Naz edəcək nənələri yoxdu, dayıları, xalaları yoxdu.

 

Qızım ağıllı-ağıllı başını yelləyib dinləyirdi.

- Ana, mənim oyuncaqlarımdan apararıq onlara?

- Sən də getmək istəyirsən mənimlə?

- Hə, bir də belə tədbir olanda onlara oyuncaq aparmaq istəyirəm. Ancaq hamısını yox a, bir azını. Yaxşı, qızım, apararıq.

- Nağılın davamını da danış da, ana.

- Yaxşı.  Davamı belədi: Sən böyüyəcəksən, ağıllı, təhsilli qız olacaqsan. İşləyəcəksən, çoxlu pul qazanacaqsan və həmişə uşaqlara kömək edəcəksən.

Bir də baxdım xumarlanır, artıq yuxuya gedir. Yuxulamadan öncə sevincək, içdən nəfəs dərdi :

- Nə yaxşı danışırsan, ay Aysel, - dedi və yatdı.

Mən hər yeri ələk-vələk edib qalan kitablarımın hamısını yığıb uşaqlara aparmışdım.

Elə həvəslə imzaladıb kitab götürürdülər, elə bil tədbir bitən kimi hamısının ilk işi onları oxumaq olacaqdı. Qızım yatandan sonra eyvana çıxdım. Pişik yuxusu kimi sakit bir gecənin içində mənə elə gəldi ki, indi orda, Qubadakı internat məktəbində yatmaq vaxtı çatan kimi uşaqlar yerlərinə girib, hərəsi öz balışına yastıqlanıb internatın zəif gecə lampasının işığında mənim kitabımı oxuyurlar.  

# 249
avatar

Aysel Əlizadə

Oxşar yazılar