Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini: “Zığda yaşayış binasında baş verən yanğınla bağlı araşdırma davam edir”
20 aprel 2015 18:59 (UTC +04:00)

Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini: “Zığda yaşayış binasında baş verən yanğınla bağlı araşdırma davam edir”

“Bakının bütün ərazilərində hissələrində yanğın təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir”. Bufikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rasim Kərimov deyib.

 

Rasim Kərimov son zamanlar yanğınların sayının artması ilə bağlı fikirlərin əsassız olduğunu bildirib: “Statistikaya görə, 2013-cü illə müqayisədə 2014-cü ildə yanğın hadisələri 23 faiz artmışdı. Lakin keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il yanğınlar təxminən 10-15 faiz azalıb. Yanğınlar əsasən yaşayış sektorunda çox olur. Açıq sahələrdə olan yanğınlar dövlət statistikasında qeydə alınmır, lakin bizdə hər çıxış yanğın kimi qeydiyyata düşür. Sənaye obyektlərində yanğınlar azalıb. Son günlərdə Zığ şosesi yaxınlığında yerləşən yaşayış binasında baş verən yanğın əhali arasında narahatlığa səbəb olub. Mən tam əminliklə əhaliyə deyirəm ki, yanğınlarla mübarizə Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən çox yüksək səviyyədə təşkil olunub, baş verən bütün yanğın hadisələri zamanı bizim işçi qüvvəmiz dərhal müdaxilə edirlər. Yanğın hallarında insanların təxliyəsi və xilas edilməsi uğurla həyata keçirilir”.

 

FHN rəsmisi yanğınsöndürənlərin hadisə yerinə gec gəlməsi ilə bağlı əhalinin iradlarına münasibət bildirib: “Yanğından Mühafizə Xidmətinin əməkdaşları üçün gecikmə anlayışı yoxdur. Məlumatı qəbul etdiyimiz andan hadisə yerinə gələnə qədər bütün fəaliyyət normativ qaydalarına tam uyğun şəkildə həyata  keçirilir. Gecikmələr ola bilər, lakin bu subyektiv yox, obyektiv amillərlə bağlı ola bilər. Bəzən hadisə nəqliyyat axınının güclü olduğu saatlarda baş verir, tıxaclar olur. Lakin bizdə hadisə yerinə gecikmək mümkün deyil, çünki bizdə yanğınlara çıxış sistemi Bakı şəhərində yerləşən yanğın hissələrinin dislokasiyası nəzərə alınaraq təşkil olunub. Məsələn, əgər Səbayel rayonunda hər hansı yanğın hadisəsi bağ veribsə və Səbayel rayon yanğından mühafizə hissəsinin ora çıxışı müəyyən səbəbdən mümkün deyilsə, biz dərhal əvvəlcədən planlaşdırılmış cədvəl və sxem üzrə digər hissələri ora istiqamətləndiririk. Təbii ki, yanğın zamanı insanlar həyəcan keçirirlər, hər saniyə onlar üçün əhəmiyyətlidir. Yanğın insan həyatı üçün təhlükə yaradan, insan psixologiyasına ciddi təsir edən çox mürəkkəb hadisədir. Lakin bizim praktikamızda hələ indiyə qədər elə bir hal olmayıb ki, yanğın barədə məlumat daxil olsun və bizim hissələr həmin ünvana getməsin”.

 

Köhnə tikililərin olduğu məhəllələrdə işin çətinliyindən danışan qonaq, maşın dayanacaqlarının olmamasının da yanğınsöndürənlərin işinə əngəl olduğunu deyib: “Əsasən el arasında “gecəqondu” deyilən  köhnə tikililərin olduğu, dar küçəli məhəllələrdə işləmək həqiqətən çətindir. Ensiz küçələrin, çoxsaylı dar dalanların mövcudluğu, sakinlər tərəfindən keçidlərin bağlanması bizim işimizə mane olan amillərdəndir. Yerli yanğından mühafizə idarələri həmin ərazilərdə daim reydlər aparırlar. Bu cür hallar aşkarlandıqda müvafiq qurumlara məlumat verilir. Bu gün Bakıda ən böyük problemlərdən biri maşın dayanacaqları ilə bağlıdır. İnsanlar maşınları binaların həyətində, hətta səkilərin üstündə saxlayırlar. Bu isə bizim işimizə mane olur və əlavə vaxt itkisinə səbəb olur”.

 

DYMX-nin rəis müavini tikinti normalarının pozulmasının yanğınların baş vermə səbəblərindən olduğunu deyib: “Tikinti zamanı ara məsafəsinin olmaması da ciddi məsələdir. Yanğından mühafizə  normalarına görə nəzərdə tutulan ara məsafəsi çox vaxt köhnə tikililərdə nəzərə alınmayıb. Bəzən çoxmərtəbəli binalarda sakinlər layihə üzrə nəzərdə tutulan konstruksiyanı dəyişdirirlər. Bu, tamamilə yolverilməz haldır”.

 

Rasim Kərimov orta məktəblərdə fövqəladə hallarla bağlı keçirilən hazırlıq təlimləri barədə də məlumat verib: “Bu il Azərbaycanda gənc yanğınsöndürənlər və xilasedicilərin birinciliyi üzrə yarışlara start verilib. Bu gün məktəblərdə şagirdlərin fövqəladə hallarla bağlı maariflənməsi istiqamətində xeyli iş görülür. Bütün regionlarda bu yarışlar təşkil olunur. Respublika üzrə ən yaxşı nəticə göstərən komanda beynəlxalq yarışlarda iştirak edəcək”.

 

Nazirlik rəsmisi Zığ şosesində yerləşən yaşayış binasında baş verən yanğının səbəbləri ilə bağlı da danışıb: “Bütün tikinti materiallarının yanma dərəcəsinə, tətbiq sahəsinə dair sertifikatı var. İstənilən materialdan düzgün istifadə olunmadığı halda yanma baş verə bilər. Həmin hadisə üzrə araşdırma aparılır. İlkin olaraq fərz etmək olar ki, bu hadisədə də materialın tətbiqi ilə bağlı qaydalara riayət olunmayıb. Yanğın baş verən gün havanın küləkli olması bina üzlüyünün bir dəqiqə ərzində yanmasına səbəb oldu. Dərhal yanğından mühafizə qüvvələri hadisə yerinə cəlb olundu və yanğının qonşu binalara keçməsinin qarşısı alındı”.

 

Rasim Kərimov Azərbaycan yanğınsöndürənlərinin və xilasedicilərinin təcrübəsinə qonşu dövlətlərin də dəfələrlə müraciət etdiyini deyib: “Rusiyada meşə yanğınları zamanı FHN-nin aviasiya dəstələri yanğının söndürülməsində iştirak edib. Gürcüstan da bizə yardım üçün müraciət edib. Türkiyədə zəlzələ zamanı FHN-nin qüvvələri kömək üçün müraciət belə gözləmədən hamıdan əvvəl hadisə yerində idi. Hələ sovet dönənimdə Azərbaycan yanğınsöndürənləri Əfqanıstanda, Hindistanda, İraqda, Vyetnamda və digər ölkələrdə əsasən neft yanğınlarının söndürülməsinə cəlb olunub. Ümumiyyətlə, bu gün dünyada neftin söndürülməsi üzrə tətbiq olunan texnologiyaların ən birincisi məhz Azərbaycan yanğınsöndürənləri tərəfindən kəşf olunub”.

 

Qonaq DYMX-nin avadanlıqla təminat səviyyəsi və kadr hazırlığı barədə məlumat verib: “Bu gün yanğından mühafizə xidmətinin texniki təminat səviyyəsi on il əvvəlki ilə heç müqayisə olunmaz. Azərbaycanda yanğınsöndürmə sahəsində artıq sovet istehsalı olan heç bir texnika yoxdur. Bizim bütün avadanlıqlarımız Avropa istehsalıdır. Yanğınsöndürənlərin geyimləri bir neçə qatdan ibarətdir və yüksək istilik temperaturuna davamlıdır. DYMX-nin zabit kadrları FHN-in Akademiyasında təhsil alırlar. Nazirliyin Ukrayna, Rusiya, Belarus ilə beynəlxalq müqavilələri var, zabitlər bu dövlətlərdə yüksək ixtisaslı kadr hazırlığı kursu keçirlər. Sıravi heyət, yəni yanğınsöndürənlər və sürücü heyəti hərbi xidmətdə olmuş Azərbaycan vətəndaşlarıdır. Könüllü müraciətdən sonra bu şəxslərlə söhbət aparılır, onların mənəvi-psixoloji vəziyyəti, fiziki qabiliyyətləri, sağlamlığı yoxlanılır. Üç aylıq sınaq müddətindən sonra bu şəxsləri xidmətə qəbul edirik. Bundan sonra onlar bizim Akademiyanın nəzdində ilkin xüsusi hazırlıq kurslarından keçirlər. Burada lazımi biliklərə yiyələndikdən sonra bizim hissələrdə fəaliyyətə başlayırlar”.

 

Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı FHN-in xüsusi mühafizə tədbirləri keçirdiyini deyən Rasim Kərimov təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu söyləyib: “Artıq iki aydır ki, Avropa Oyunlarının keçiriləcəyi bütün obyektlər bizim tərəfimizdən qeydiyyata götürülüb. Bizim məsul şəxslər Avropa Oyunlarının təşkili üzrə Respublika Qərargahının tərkibindədirlər. Olimpiya Kompleksi, Kristal Hall, otellər də daxil olmaqla 20-dən artıq obyekt, 5-dən çox oteldə təlimlər keçirilib. Bu yaxınlarda böyük strateji obyekt olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “AzAL” şirkəti ilə birgə böyük təlim planlaşdırmışıq. Tam əminliklə deyirəm ki, bütün obyektlər nəzarət altındadır”.

 

Yay və istirahət mövsümünün başlanmasının meşə yanğınlarının artması ilə müşayiət olunduğunu təəssüflə qeyd edən Rasim Kərimov əhalini diqqətli olmağa çağırıb: “Təəssüf ki, 2014-cü ildə meşə yanğınları 2013-cü ilə nisbətən artmışdı. Bu yanğınlar əsasən, Lənkəran zonasında, Şimal-Qərb bölgəsində tez-tez baş verir. Yaxın günlərdə biz 9 rayonu əhatə edən Gəncə regionunda taxıl sahələrində baş verən yanğınlarla bağlı təsərrüfat rəhbərləri, yanğından mühafizə idarələrinin başçıları və digər qurumların rəhbərləri ilə birgə müşavirə keçirdik, Ağstafada təlim keçirdik. Bu cür təlimlər bütün bölgələrdə keçiriləcək. Bütün bölgələrdə yanğından mühafizə idarələrimiz taxıl zəmilərinin və meşə yanğınlarının söndürülməsi üçün lazımi avadanlıqla təmin olunub. Əhali də diqqətli olmalıdır, nəzərə almaq lazımdır ki, Azərbaycan isti regiondur, kiçik bir qığılcım böyük faciəyə səbəb ola bilər. Azərbaycanda yeni-yeni istirahət yerləri açılır, turizm inkişaf edir, insanların diqqətsizliyi, laqeydliyi yanğınların baş verməsi ilə nəticələnir”.

 

Polkovnik Rasim Kərimov əhalinin yanğın təhlükəsizliyinə xüsusi diqqətinin əhəmiyyətindən danışıb: “Əhali ilk növbədə öz təhlükəsizliyinin keşiyində durmalıdır. Yanğın təhlükəsizliyi həyat fəaliyyəti təhlükəsizliyinin birinci və əsas şərtidir. Bütün çoxmərtəbəli binalarda yanğından mühafizə sistemləri inşa olunur. Lakin təəssüf ki, insanlar mənzil alarkən yalnız binanın dizaynına, mənzilin görünüşünə fikir verirlər, bu sistemlərlə maraqlanmırlar, onların saz vəziyyətdə olmasına, kranların işləməsinə, təyinat səbəbinə fikir vermirlər. Əhaliyə məsləhətim budur ki, mənzil alarkən əvvəlcə binanın təhlükəsizlik sistemi ilə maraqlansınlar. Yanğın xəbərvericisinin, yanğınsöndürmə kranın olmasına, necə işləməsinə, təxliyə yollarına, bu yolların təhlükəsizliyinə fikir versinlər. Yanğın baş verən zaman insanlar təşvişə düşürlər, lakin 101 – Yanğından Mühafizə Xidmətinə və 112 – Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə müraciət etməyi unutmaq olmaz. Müraciət zamanı ünvanı dəqiq demək lazımdır, öz adını, telefon nömrəsini bildirmək lazımdır. Ünvanı deyərkən ora yaxın olan hər hansı orientiri də mütləq qeyd etsinlər. Bizim hissələr gələnə qədər yanğın su kranlarından, od söndürücülərdən, sudan, yanmayan materialdan təhlükəsiz şəkildə istifadə edərək yanğını söndürməyə çalışmaq olar. Qapalı yerdə olan insanlar dərhal  təhlükəsiz yerə çıxmalıdırlar. Demək olar ki, bütün yanğınlarda insanlar yanğın baş verən yerdən  nəyisə çıxarmağa çalışır, bu bizim işimizə çox mane olur. 101 xidmətinə məlumat daxil olan kimi biz dərhal polis orqanlarına, Dövlət Yol Polisinə, təcili yardıma, “Azərsu”ya, “Azərişığa” müraciət edirik, bu bizim işimizin mütləq qaydasıdır. Dövlət Yanğından Mühafizə İdarəsinin bütün bu qurumlarla qarşılıqlı fəaliyyət təlimatı var”.

 

Baş verən bütün yanğınların 90 faizinin insan faktoru ilə bağlı olduğunu qeyd edən qonaq yanğınlarla bağlı təşvişin yersiz olduğunu bildirib: “Tikinti işləri zamanı yol verilən səhvlər, naqillərin düz çəkilməməsi, elektrik xətlərinin yüklənməsi, qazı açıq qoymaq və s. kimi yanğın səbəb insanın gündəlik fəaliyyətinin nəticəsidir. Texnoloji proseslərlə bağlı yanğınlar baş verə bilər, lakin bütün texnoloji proseslərə də nəzarət edənlər var. Əhaliyə müraciət edərək bildirmək istəyirəm ki, baş verə biləcək fövqəladə hallarla bağlı heç bir təşvişə ehtiyac yoxdur. Dövlət Yanğından Mühafizə İdarəsi hər zaman döyüş hazırlığı vəziyyətindədir. Fövqəladə Hallar Nazirliyinin bütün qurumları şəhərin bütün hissələrində yanğın təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirir. Biz əmin edə bilərik ki, bu tədbirlərin nəticələri olacaq”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar