Dövlət qulluğuna dair Tvinninq layihəsinin açılışı keçirilib
14 fevral 2017 11:44 (UTC +04:00)

Dövlət qulluğuna dair Tvinninq layihəsinin açılışı keçirilib

“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimi keçirilib.

 

Layihənin ümumi məqsədinin Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək olduğunu deyən Dövlət  İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, layihənin əsas məqsədi Dövlət İmtahan Mərkəzinin (DİM) malik olduğu alətlərin və potensialın artırılması, fəaliyyətində səmərəliliyin yüksəldilməsi, vəzifələrin yeni təsnifat sisteminin yaradılması və bu sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetməsinin dəstəklənməsi, qabaqcıl təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.

 

Tədbirdə qeyd edilib ki, layihənin tərəfdaşları Litva Respublikasının Dövlət Katibliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzidir.

 

Tədbirdə çıxış edən Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev isə deyib ki,

Tvininq layihəsi nəticə  etibarı ilə həmişə uğur gətirir: “Bu, çox vacib bir proqramdır və hansı tərəfdaş olursa-olsun, nəticə etibarı ilə uğur gətirir. 2008-ci ildə biz bu layihələrlə Milli Məclisdə tanış olduqda təsəvvür etmirdik ki, bu qədər əhəmiyyətli olacaq. Gündəlik qanunvericiliklə məşğul olan bir şəxs kimi deyə bilərəm ki, dövlət qulluğundan çox şey asılıdır. TQDK ilə Dövlət Qulluğu komitəsinin birləşdirilməsi və DİM-iin yaradılması, bu sahənin daha da inkişaf etdirilməsi dünya standartlarına uyğunlaşdırılmasına böyük dəstək olacaq. Əminəm ki, layihə 2 ildən sonra uğurla başa çatdırılacaq”.

 

Daha sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, layihə 2 il müddətində icra ediləcək və onun ümumi dəyəri 1.2 milyon avrodur: ”Layihənin məqsədi Azərbaycanda peşəkar dövlət qulluğu sistemi yaradılmasıdır. Dövlət qulluğu daim inkişaf tələb edir. Avropalı mütəxəssislər 2 il müddətində Azərbaycandakı tərəfdaşları ilə işləyəcəklər, tvinninq layihəsi üzrə tövsiyələr verəcəklər. Son 10 ildə Aİ Azərbaycanda 47 tvinninq layihəsi həyata keçirib. İlin sonuna kimi bunların sayını 50-yə çatdıracağımıza ümid edirik".  

 

Qeyd edək ki, indiyə kimi Azərbaycanda 25 Tvinninq layihəsi uğurla icra olunub, 10 layihə icra olunur, 10-u isə danışıqlar mərhələsindədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Fazil Mustafa

Oxşar yazılar