İslam aləminin ən əziz və müqəddəs günlərindən birinə - Qurban bayramına sayılı günlər qaldı. Nazirləri Kabinetinin qərarına və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, bu il sentyabrın 24-25-də Qurban bayramı qeyd ediləcək.
İslam dinində qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsməsi Allah-təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Maraqlıdır, Bakı sakinləri Qurban bayramına necə hazırlaşır?
- Yox kəsməyəcəyəm, maddiyyat imkan vermir qurbanlıq kəsməyə.
- Kəsəcəyik, inşallah.
- İnşallah, kəsərik. Belə bayramda kəsilməlidir, ən əziz bayramdır.
- Biz bura kənddən gəlmişik. Bizim kənddə belədir ki, 7 yerə pay bölünür. Yaxın qonşulara, imkansızlara paylanılır.
- Mənim də fikrim var. Mirmövsüm Ağanın ziyarətgahında kəsib, elə orda da paylayacağam.
- Bəli, kəsirik. Bu il də kəsəcəyəm. Əgər kəsilən qurbanlığı insan özü istifadə edirsə, paylamırsa, o zaman qurban olmur. O, heç olmasa ən azı 3, ya da 7 yerə bölünməlidir.
- Kəsirik. Ailədə kəsirlər. İmkanı olmayana, ət ala bilməyənə verilməlidir. Çoxuşaqlı ailələr var, ət ala bilmirlər - kəsiləndə mütləq onlara verilməlidir. Daha çox kasıb, xəstə, qoca və tək yaşayan ailələrə verilir.
- Hər il kəsirik Allah yolunda. Bütün müsəlmanlarımızın borcudur ki, Qurban bayramında kəssinlər, ildə bir dəfə olan bir bayramdır. Gözəl bir bayramdır. Kənara bir az pul qoyub vəsait yığılsın və kəssinlər. Mütləq inşallah kəsəcəyəm. Ən çox kasıblara paylayacağam. Hər kəsin evində bir qazan qaynasa, elə bilərəm böyük bir savabdır.
- Mən xalqa kəsirəm, özüm qəssabam.
- Yox, biz qurban kəsmirik. Evdə kəsilir. Hələ kəsib-kəsməyəcəyimizi bilmirik, bu barədə evdə danışıqlar getməyib. Əvvəlcə təbii ki, hamı öz qohum-əqrəbasına paylayır, sonra da imkansızlara verilir.
- Bəli, mümkün olanda kəsirəm. Keçən il kəsmişəm. Bu il kəsəcəyimizi hələ bilmirəm. Mən hesab edirəm ki, kim ayda bir dəfə ət yeyə bilmirsə, onlara vermək daha üstündür.
- Əlbəttə, onsuz olarmı? Hər il kəsirik. Bu il də kəsəcəyik.