Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının və sənəd qəbulunun tarixləri hələ dəqiqləşdirilməyib.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə Lent.az-a açıqlamasında deyib ki, bu il tələbə qəbul qaydaları gec təsdiqləndiyindən imtahan tarixlərinin qrafiki də gec hazırlanıb: “Qaydalar yeni təsdiq olunduğundan tədbirlərin qrafiki üzərində son dəqiqləşmələr, müəyyən dövlət orqanları ilə razılaşmalar aparılacaq. Bu imtahanlar kütləvi tədbir olduğundan qrafik Səhiyyə, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Xüsusi Mühafizə Xidməti ilə kompleks şəkildə razılaşdırılır. Razılaşdırıldıqdan sonra ictimaiyyətə elan olunacaq.
Abituriyentlər üçün “Abituriyent” jurnalının I və II sayları çıxacaq. Tarixlər orda da qeyd ediləcək”.
X.Xanlarzadə onu da qeyd edib ki, keçirilən beynəlxalq oyunlarının da imtahan tarixlərinə birmənalı təsiri olacaq: “ Bu ilin may ayında Bakıda keçiriləcək İslam oyunları ilə bağlı həmin ayda hansısa imtahan keçirilməsi mümkün deyil”.