Bir milyon bir dənə qızılgülü Bakıda restoranın qabağına səpdi – <span style="color:red;">Səbuhi Məmmədli yazır
31 mart 2017 16:52 (UTC +04:00)

Bir milyon bir dənə qızılgülü Bakıda restoranın qabağına səpdi – Səbuhi Məmmədli yazır

 

Ona “satqın” damğası vurmuşdular vətənində. Bakıya getdiyi üçün. Hətta Rusiyanın birinci kanalının “Vzqlyad” verilişində jurnalistlər ona nifrət dolu sual da vermişdilər: “Şişman, sənətdən anlayışı olmayan azərbaycanlılar sizi necə qəbul etdi?”

 

Bərk əsəbiləşibmiş bu sualdan. Elə efirdəcə cavablarını vermişdi:

 

“Sizin lağla şişman dediyiniz azərbaycanlılar hər konsertdən sonra mənə əsrarəngiz çiçəklər və meyvə səbətləri bağışlayırdılar. Amma mənim vətənimdə ölkənin ən populyar müğənnisinə öz qrupunu təşkil etməyə icazə verməkdən boyun qaçırdılar”.

 

***

 

Bakıya isə doğrudan da bezib gəlmişdi. Bakı onu elə qarşılamışdı ki, deyilənə görə, fanatları onun yaşadığı Səməd Vurğun küçəsindəki mənzilinin qarşısından gecələr də çəkilmirmişlər. Bakıda onu doğrudan da sevirdilər.

 

***

 

“Raymond Paulsa dedim ki, istənilən konsert təşkilatında işləməyimə kömək edə bilərmi? Raymond Yurmala şəhərinin mədəniyyət şöbəsinə məktub yazdı. Rədd cavabı gəldi”.

 

Bax, bundan bezir. Və dərhal da…

 

“Həmin vaxt mənim başqa respublikaların filarmoniyalarının rəhbərlərini tanıyan direktorum var idi. Elə o mənə “Azkonsertə” sığınmağı məsləhət gördü. Mən dərhal və məmnuniyyətlə razılaşdım. Və buna görə onlara, azərbaycanlılara çox minnətdaram. İlk beynəlxalq müsabiqəm “Bratislavskaya lira”ya artıq Bakı Filarmoniyasının solisti qismində getdim”.

 

Hə, elə həmin filarmoniyadakı çıxışından sonra Bakı kəndlərindən olan və gül ticarəti ilə məşğul olan birisi nə eləsə yaxşıdır? Əslində, həmin adamın adı bizə bəllidir, sadəcə etik məqamlara görə, adını çəkmək istəmədik. Sovet dövrü üçün inanılmaz bir jest idi onun etdikləri. Filarmoniyanın qarşısına... düz bir milyon bir ədəd qızıl gül gətiribmiş!

 

Konsertdən sonra bu barədə ona xəbər veriləndə az qala havalanacaqmış. Sonradan, lap sonradan həmin bakılı gül taciriylə görüşlərin birində ondan soruşacaqdı. Niyə axı bir milyon bir ədəd?

 

Cavabından isə şoka düşəcəkdi: “Alla Puqaçova Bakıya gələndə onun “Milyon qızıl gül” mahnısını bütün SSRİ oxuyurdu. Sarayda da həmin mahnını oxudu. Mən də ordaydım, həmin konsertdə. Dostların vasitəsilə öyrəndim ki, hələ 3-4 gün burdadı Alla Borisovna. Və onu da öyrəndim ki, həmin gün Bakı şəhər Partiya Komitəsi məşhur müğənninin şərəfinə hansı restoranda ziyafət verəcək. 4 gün ərzində Bakı kəndlərində nə qədər qızıl gül var, yığdım, pulla aldım. Düz bir milyon ədəd. Saat 8-də ziyafət başlayacaqdı. Bir milyon qızıl gülü gətirib səpdim restoranın qarşısına. Alla çaş-baş qalmışdı. Eləcə də milislər və partiya işçiləri. Az sonra bildilər ki, mənim jestimdir. Beləcə, Allayla tanış oldum. Bəs niyə sənin üçün bir milyon bir ədəd? Çünki sən bir baş ondan yuxarısan mənimçün...”

 

***

 

Atası adi fəhlə, anası müəllimə olub. Uşaq vaxtından isə cərrah olmaq arzusundaymış. “Məni tibbdən başqa heç nə maraqlandırmırdı. İnsanları müalicə etmək ən böyük arzum idi. Amma bir gün…”

 

Hə, günlərin bir günü bu istedadı kəşf edir Zaxodnik soyadlı bəstəkar. Unikal səsə malik 16 yaşlı bu qız qısa müddətdə şöhrət tapır. Amma elə qısa müddətdə də həyatının ən böyük şokunu yaşayır. Gürcüstana konsertə gediblərmiş. Batumidə milislərlə konflikt yaşayırlar.

 

“Hətta atışma da düşdü. Bizim ansambldan iki nəfəri türməyə saldılar, iş verdilər.  Qalanlarını isə Gürcüstandan zorla çıxardılar. Mən? Mən heç. 16 yaşlı bir qızcığaz Batumi küçələrində süləndim, düz 6 ay. Valideynlərim elə bilirdilər qastroldayam. Küçədə, parklarda yatırdım. Pasportumu belə əlimdən almışdılar. Bir gün qaraçı taboruna qoşuldum. Xeyli onlarla bir yerdə qaldım. 6 aydan sonra birtəhər qurtuldum. Valideynlərimə isə heç nə demədim qayıdanda”.


***

 

Çox keşməkeşli həyatı olub bu xanımın. Bununla belə, sonradan şöhrət də ondan üz döndərməyib. Dünyanı gəzib, amma Bakı… Hə, Bakını unuda bilmir. Çünki ona yeni həyat verib Bakı.

 

“Bu şəhəri necə unudum, dostlar, deyin mənə, necə? Xəzəri, albalı mürəbbəsiylə içdiyim çayı necə unuda bilərəm? Dünyanın heç bir ekzotikası bu hissləri əvəz edə bilməz. İçərişəhər və oradakı restoran isə başqa aləmdir. Hər şey bir qırağa. Həyatımın ilk böyük mükafatını, əməkdar artist adını belə mən bu şəhərdə, “Azkonsert”də çalışarkən almışam axı. Özü də SSRİ dağılmamışdan az əvvəl”.

 

***

 

Deyir, məni Müslüm Maqomayev də qəbul edirdi, Polad Bülbüloğlu da. Hə, o vaxt bir prinsipial məsələdə vardı. Fonoqram oxumamaq.  Deyir, sizə əminliklə deyirəm, sovet vaxtı Azərbaycanın heç bir müğənnisi fonoqramla oxumurdu.

 

Elə “Azkonsert”də çalışarkən bəlkə də həyatının ən uğurlu mahnısına imza atır. 1986-cı ilin yeni ili yaxınlaşırmış. Həmin vaxt Müslüm Maqomayev də “Azkonsert”in rəhbəri imiş. Müslümə deyirlər ki, Moskvada keçiriləcək ənənəvi “Qoluboy oqonyok” üçün yeni mahnı yazıb Raymond Pauls. Adı da “Vernisaj”. Həmin mahnını isə məhz o oxuyacaq Valeri Leontyevlə birgə. Və mahnı oxunur. 1987-ci il yanvarın 1-də dünyanın ən böyük dövlətinin vətəndaşları artıq bu mahnıdan və bu müğənnidən danışırdı.

 

Və.. və sonrası sadəcə ağlagəlməz oldu. “Vernisaj”ın daxil olduğu plastinkanın tirajı 20 milyonu keçmişdi… Bu, fantastik bir göstərici idi.

 

***

 

1989-cu ilin sonunda amerikalı prodüser Maykl Sembello onu ABŞ-a dəvət etmişdi. Məşhur MCA/GRP şirkətində onun mahnıları yazılmışdı. Qərbdə ona “rus Madonna” ləqəbi verilmişdi. Düz 10 albom yazdırmışdılar. Və hər bir albom da milyonlarla satılmışdı.


***

 

Bakıya az-az gəlir. Amma bakılılara sevgisi tükənmir. Çünki Bakı, məhz “Azkonsert” onu yenidən kəşf etmişdi. Müsahibələrinin biridə belə demişdi. “Ölkəmdən qovulandan sonra bura, Bakıya sığındığıma görə, yanılmadım. Bakılılar mənim üçün mümkün olan və olmayan hər şeyi etdilər”.


***

 

Hə, bayaqdan bilirsinizmi kimdən danışırdıq? Yaşlı və orta nəsil yəqin ki, bildi: Layma Vaykuledən. Özü latış qızı olsa da, həm də bizim sayılacaq Laymadan. Bu gün onun ad günüdür, həm də…

 

31 mart 1954-cü ildə anadan olub. 63 yaş verərsizmi, “bizim qızımıza”?

 

 

# 372
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar