Bəhram Xəlilov: “30 min dövlət qulluqçusu var” - MUSAHİBƏ
20 yanvar 2014 13:47 (UTC +04:00)

Bəhram Xəlilov: “30 min dövlət qulluqçusu var” - MUSAHİBƏ

Azərbaycanda dövlət qulluğunda vakant yerlərə imtahanların keçirilməsi nə zamandan aparılır və hansı formada həyata keçirilir?

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun APA TV-yə müsahibəsi

- Dövlət Qulluğu məsələləri üzrə Komissiya 2006-cı ilin sonlarından fəaliyyətə başlayıb. Dövlət Qulluğuna qəbulla bağlı ilki müsabiqəni isə 2007-ci ildə keçirmişik. Bu bizim ilk təcrübəmiz idi. Bu günə kimi 15 müsabiqə keçirmişik. Dövlət Qulluğundakı vakant vəzifələri müsabiqəyə çıxarmışıq. Onların tutulması üçün hər iki mərhələni - həm test imtahanını, həm də müsahibə mərhələsini keçirmişik.

 

- Ümumiyyətlə, dövlət qulluqçusu olmaq nə deməkdir, bu işçiyə hansı üstünlükləri verir və kimlər dövlət qulluqçularıdır?

 

- “Dövlət qulluğu” anlayışının izahatı "Dövlət Qulluğu haqqında" qanunda verilib. Bu dövlət büdcəsindən maaş alan, inzibati vəzifə tutan şəxsdir. Dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olması ilə bağlı and içən şəxsdir. Dövlət qulluqçusu olmaq insanların üzərinə məsuliyyət qoyur. Çünki onlar bu inzibati vəzifəni tutarkən dövlətin adından bizim vətəndaşlara xidmət göstərir. Hər bir dövlət qulluqçusu, dövlət qulluğuna yeni qəbul olunmuş şəxs bunu dərk etməlidir. İlk növbədə işində insanların hüquq və maraqlarını müdafiə etməlidir.

 

- Dövlət qulluqçuları reyestrində neçə qulluqçu qeydiyyatdadır?

 

- Ümumi dövlət qulluqçularının sayı 30 minə yaxındır. Bildiyiniz kimi, komissiya dövlət qulluqçularının reyestrini aparır. Dövlət qulluqçusunun 7 təsnifatı var ki, komissiyaya da 5,6,7-ci təsnifatlar üzrə qəbul aparmaq tapşırılıb. Hazırda bizdə dövlət qulluqçuları ilə bağlı 28 minə qədər anket var. Onlardan 20 mini artıq emal edilib. Digərlərinin emalı da yaxın vaxtlarda başa çatacaq.

 

- Komissiya hansı dövlət qurumlarına imtahan keçirmir və bunun səbəbi nədir?

 

- Komissiya 200-dən çox dövlət orqanına müsabiqə yolu ilə dövlət qulluqçularını qəbul edir. Bir sıra dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları, Xarici İşlər Nazirliyi, Miqrasiya Xidməti qəbulu özləri keçirirlər. Bu da ondan asılıdır ki, həmin dövlət orqanlarının öz xüsusiyyətləri var, onlar imtahanları bu xüsusiyyətləri nəzərə alaraq keçirir. Bildiyiniz kimi, hüquq-mühafizə orqanlarında yaş həddi də var. Biz keçirdiyimiz müsabiqələrdə yaş həddi yoxdur. İmtahanlarımızda 60-dan çox yaşı olan insanlara da iştirak edir. Bizdə hətta 57 yaşlı insan da hər iki mərhələdən keçərək dövlət qulluqçusu olub.  Birinci mərhələni biz istənilən dövlət orqanları, qurumlar üçün keçirə bilərik. Bildiniz kimi, Azərbaycanda ilk dəfə olaraq komissiya bu imtahanları kompüter vasitəsi ilə keçirməyə başladı. Artıq bizim 3 kompüter zalımız, 126 kompüterimiz var. Yəni digər dövlət orqanları ilə də biz əməkdaşlıq etməyə və test imtahanlarını keçirməyə hazırıq.

 

- Müsabiqənin nə zaman olacağı və vakant vəzifələr necə müəyyənləşir?

 

- Bu zamanı həyat özü müəyyənləşdirir. Yəni biz məqsəd qoymuruq ki, bu il ərzində 3 və ya 5 müsabiqə keçirəcəyik. Vakant vəzifələri dövlət orqanları bizə təqdim edirlər. Biz onların hamısını elan edirik. Vakant vəzifələri müsabiqəyə çıxaranda ona dair bütün məlumatları saytda yerləşdiririk. Bunu da Azərbaycanda ilk dəfə komissiya edib. Həm dövlət qulluğunun tutulması üçün tələblər, o cümlədən ixtisas, xüsusi biliklərə dair tələblər, vəzifə təlimatları, dövlət qulluğu vəzifəsinin yerləşdiyi yer, əmək haqqı-bütün bu məlumatların hamısı yerləşdirilir. Təbii ki, bunların hamısını hazırlamaq üçün vaxt lazımdır. Biz dövlət qurumlarından bütün bu məlumatları toplayıb hazırladıqdan sonra bu məlumatları veririk.

 

- Suallar kimlər tərəfindən hazırlanır?

 

- "Test bankı"mızda 15 mindən artıq sual var. Bunları bizdə ekspertlər hazırlayır. Digər ekspertlər onu ekspertizadan keçirir. Komissiyada təkrar yoxlama olduqdan sonra "Test bankı"na salınır.

 

- İkinci mərhələdə müsahibədən keçmək üçün hansı meyarlar əsas götürülür və müsahibənin şəffaflığı üçün hansı tədbirlər görülür?

 

- Müsahibə mərhələsi cəmiyyətdə ən çox sual doğuran mərhələdir. İlk müsahibəni keçirdiyimiz vaxtdan çalışmışıq ki bu proses tam obyektiv və şəffaf olsun. Bunun üçün hər il bir sıra tədbirlər görürük, get-gedə inkişaf etdiririk. İlk növbədə müsahibə qrupları 3 nəfərdən ibarət olur. Bir nəfər dövlət orqanının nümayəndəsi, bir nəfər komissiyanın nümayəndəsi və bir nəfər də müstəqil ekspert və qeyri-hökumət təşkilatlarının nümayəndələridir. Onlar müsahibənin aparılması prosesində iştirak edirlər və namizədin dövlət qulluğuna uyğun olub-olmaması barədə qərarı qəbul edirlər. Digər bir məsələ odur ki, biz bütün müsahibələrin çəkilişini aparırıq. Hansısa bir namizəd müsahibə qrupunun qərarından narazı olduğu halda apelyasiya verdikdə o material bizim üçün faktiki çəkiliş olur. Bunun əsasında bu apelyasiya komissiyası şikayətə baxıb qərar qəbul edir. Dediklərimdən başqa, biz həmin müsahibələri açıq elan etmişik. Kütləvi İnformasiya Vasitələri, QHT, Beynəlxalq təşkilatların nümayəndələri bizdə akkreditasiyadan keçib, həmin müsahibədə müşahidəçi kimi iştirak edə bilərlər. O prosesi izləyib, ondan sonra öz fikirlərini söyləyə bilərlər. Yəni kiminsə deməyi ilə yox, özləri müsahibənin gedişatına baxıb müsahibə necə gedir, müsahibə qrupu namizədlə necə rəftar edir bunları görə bilərlər. Çünki komissiya müsahibə qrupunun üzvlərinin  hamısına göstəriş verilib ki, namizədlərə heç bir təzyiq göstərilməməlidir. Çünki bəzi hallarda müsahibələr keçiriləndə namizədlərə təzyiqlər göstərilir, qeyri-etik davranış olur. Əsas odur ki, biz insanı, onun şəxsi keyfiyyətlərini, biliklərini  müəyyən edək və düzgün qərar qəbul edək. Hazırda Azərbaycan böyük templərlə inkişaf edir. Hər bir dövlət qurumun qarşısında cənab prezident tərəfindən vəzifələr, məqsədlər qoyulub. Bunları yerinə yetirmək üçün bizə çox peşəkar, bilikli, şəxsi keyfiyyətləri yüksək səviyyədə olan şəxslər lazımdır. Müsahibədə də əsas məqsəd belə insanları müəyyən edib onları dövlət qulluğu vəzifələrinə təqdim etməkdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000
avatar

Oxşar yazılar