Bakının qorxulu qonaqları: yırtıcılar, bədheybətlər, dişi ovuna çıxanlar... - İLK DƏFƏ
02 oktyabr 2014 17:39 (UTC +04:00)

Bakının qorxulu qonaqları: yırtıcılar, bədheybətlər, dişi ovuna çıxanlar... - İLK DƏFƏ

Bakıda ilk dəfə “Dinozavrlar şousu” adlı sərgi keçirilir. Bundan əvvəl Cənubi Afrikada, Fransada, Rusiyada, Ukraynada təşkil olunan sərgi indi də Bakıda təşkil edilib. Sərginin təşkilatçısı "Fan Time Exspo" şirkətidir. Şou-sərgidə bütün xüsusiyyətlərin, ölçülərin və  səslərin gələn qonaqlarda  canlı təəssürat yaratmasına çalışılıb. APA TV-nin məlumatına görə, sərgi sahəsi 5 min kvadratmetr olan ərazidə təşkil edilib. Bura 22 eksponat gətirilib. Bu nəhəngləri görmək, onlar haqqında məlumat almaq üçün uşaqlar daha çox həvəsli görünürdü. Onlarla bir az söhbətləşdik. Söhbət etdiyimiz uşaqlardan bəzilərinin sərgidə nümayiş olunan maket-dinozavrlardan qorxduğunun da şahidi olduq. Bəziləri isə bu dinozavrlardan məktəbdə inşa yazacaqlarını və rəsmlərini çəkəcəklərini bildirdilər. Elələri də var idi ki, onlar hətta bu nəhənglərin adlarını da bilirdilər.

 

Daha sonra ekskursiya rəhbəri bizə də  dinozavrlar haqqında məlumat verdi.

 

"Hər vaxtınız xeyir. Xoş gəlmisiniz. Bu Tranazavrdır, yırtıcıdır. Yırtıcılar ot yeyənlərdən dişlərinin uzunluğuna görə fərqlənirlər. Dişlərin 15-20 santimetr arası məsafələri olur. Uzun və irihəcmli kəllə sümükləri olur. Qabaq ətrafları ümumiyyətlə, heç bir hərəkətdə onlara kömək olmur. Arxa ətrafları üzərində hərəkət edir. Növbəti dinozavr Zaurapot sinfinə məxsus olan Edmentezavrdır. Edmenton kanyonundan tapılıb. Onun qalıqları ot yeyən olduğu üçün qabaq dişləri xüsusi ilə fərqlənir. Ümumiyyətlə, eksponatlar hərəkətə çox həssasdır. Yaxınlaşdıqca canlanmağa başlayır. Qarşımızda yüksələn ot yeyən dinozavrdır. Onun uzun boynu var. Uzunluğu 15 metrə, çəkisi 30, 40 bəzən 80 tona çatır. Güman edilir ki, zürafələrin və yaxud fillərin əcdadı bu dinozavr olub. Qidalanmalarına gəlincə, qarşınızda gördüyünüz yırtıcı dinozavr növləri əsas etibarı ilə ətlə qidalanırdılar. Digər bir fərziyyəyə görə, ölmüş heyvan cəsədlərini də tapıb yeyirdi. Yəni iyrənmirdilər. Hətta belə fərziyyələr var ki, yırtıcılar bir-birini - öz cinsinin nümayəndələrini də yeməklə sağ qalırdılar. Ot yeyənlərə gəldikdə isə onlar öz ön ətraflarının köməyi ilə yarpaqları, budaqları qırıb yeyirdilər. Dinozavrların erkəkləri dişilərə qarşı çox həssas olublar. Onlar əks cinsin nümayəndələrinə heyvan cəsədləri hədiyyə edirdilər. Buna baxmayaraq dinozavrların aqressivlərinə də rast gəlinib və bu da cütləşməyə mane olub. Əksər yırtıcı dinozavrlar ömründə bir dəfə münasibət qururdu. Sonra dişi nümayəndə yumurtaların keşiyini çəkməklə məşğul olurdu. Erkək isə növbəti rəfiqəsinin axtarışına çıxırdı. Bu Supinzavrdır. Yırtıcı dinozavrlardan ən böyüyüdür. Gözləri qarşısında qaşa oxşayan hissəsi ilə o rəqiblərini qorxudur və əks cinsin nümayəndələrini cəlb etməyə çalışırdı".

Burada dinozavrlar çoxdur, ancaq biz bir neçəsi haqqında məlumat aldıq.

 

Valideynlər bu cür sərgilərin keçirilməsindən razılıqlarını bildirdilər. Onlardan da bəzilərinin öz uşaqlıqlarını xatırladıqlarını deyirlər. Valideynlər qiymətlərin  normal olduğunu söyləyirlər.

 

Sərgidə həftəiçi balacalar üçün biletlərin qiyməti 7 manat, böyüklər üçün isə 8 manatdır. Şənbə və bazar günləri isə böyüklər üçün biletin qiyməti 10 manat, uşaqlar üçün isə 9 manatdır. Biletin qiymətinə ekskursiya, 3 D kinoteatr, attraksionlar, müxtəlif  intellektual oyunlar oynamaq və şəkil çəkdirmək daxildir. Ancaq fotozona deyilən ərazi var ki.....

 

Sərgidə eksponatların yanına keçib şəkil çəkdirmək mümkün olmadığına görə belə bir ərazi ayrılıb. Eksponatlar təşkil olunub. Uşaqlar üçün təşkil olunmuş bu yerdə şəkil çəkdirmək pulludur.

 

Sərginin fotoqrafları da insanların bura maraqla gəldiyini və qiymətlərdən razı qaldıqlarını bildirdi: "Uşaqlar çox maraqla gəlirlər. Çünki Azərbaycanda belə sərgilər az-az təşkil olunur. Qiymətlər fərqlidir. Şəkillərin həm böyük, həm də balaca ölçüdə olanları var. Düşünürəm ki, çox baha deyil".

 

Sərgidə 3D Sinema da təşkil olunub. 23 dəqiqə ərzində planetin quruluşu və təbiətin yaranması ilə bağlı bədii filmi izləmək mümkündür.

 

Sentyabrın 18-dən başlayan sərgi  oktyabrın 15-dək davam edəcək. Şou-sərgini hər gün saat 10:00-dan 20:00-dək izləmək mümkündür. Sərginin təşkil olunduğu "Bakı Ekspo Mərkəzi"nə hər 30 dəqiqədən bir metronun "Koroğlu" stansiyasından avtobuslar işləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1583
avatar

Oxşar yazılar