“Gömrük xidməti-2016” adlı XVII beynəlxalq sərgidə Azərbaycan Gömrük Xidmətinin təqdim etdiyi stend böyük uğur qazanıb. Sərgi Moskva şəhərindəki “Ekspomərkəz”də Rusiya Federal Gömrük Xidmətinin 25-ci ildönümü münasibətilə keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, dünyanın onlarla ölkəsindən 130-dan artıq şirkətin öz nailiyyətlərini nümayiş etdirdiyi tədbir “Rusiya gömrüyünün 25 illiyi: qabaqcıl texnologiyalar, effektivlik, tərəfdaşlıq” şüarı altında keçib. Tədbirin təşkilatçıları Rusiya Federal Gömrük Xidməti və R.O.S “Tamojinform” Açıq Səhmdar Cəmiyyəti olub.
Sərgidə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sərginin açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik məktubu oxunub. Budəfəki sərgi xüsusilə genişmiqyaslı olub: Azərbaycan, Latviya, Kuba, Ukrayna, Finlandiya, Fransa, Belarus, Belçika, Braziliya, Vyetnam, Almaniya, Yunanıstan, İtaliya, Qazaxıstan, Qırğızıstan, Çin, Litva, Moldova, Monqolustan, Polşa, Seneqal, Slovakiya, Tacikistan, Tunis, Türkiyə, Özbəkistan, Estoniya, Yaponiya və bir sıra digər ölkələrin gömrük xidmətlərinin nümayəndələri Moskvada bir araya gəliblər. Ərazisi 1500 kv.metrdən çox olan ekspozisiyada Rusiyanın iri sənaye müəssisələri, xarici iqtisadi fəaliyyət iştirakçıları, gömrük xidmətlərinin nümayəndələri, daşınma ilə məşğul olan şəxslər, anbar sahibləri, logistik şirkətlər, tikinti şirkətləri və xarici ticarətdə digər xidmətlər göstərən təşkilatlar təmsil olunub.
Sərgidə Azərbaycan tərəfinin təqdim etdiyi stend böyük uğur qazanıb. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin stendində qabaqcıl aparat-proqram komplekslərinin tətbiqi və gömrük rəsmiləşdirməsi prosesinin optimallaşdırılması ilə bağlı son illər əldə olunan nailiyyətlər təqdim olunub. Stenddə Bakı Baş Gömrük İdarəsinin yeni inzibati binasının istismara verilməsindən söhbət açılıb. Vurğulanıb ki, yeni bina Azərbaycan Gömrük Xidmətinin dinamik inkişafının bariz nümunəsidir. Burada gömrük xidmətinin səmərəli fəaliyyətinin təşkili üçün “bir pəncərə” prinsipi kimi zamanla sınaqdan çıxmış yanaşmalar tətbiq olunub. Stendin ziyarətçilərinə bütün gömrük orqanlarında malların və nəqliyyat vasitələrinin elektron qaydada bəyannaməsinin təqdim edilməsinə başlanması və “Yaşıl dəhliz” barədə videomaterialla məlumat verilib. Stenddə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya texnologiyaları sahəsində nailiyyətləri də nümayiş olunub.
Bundan başqa, sərgi çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi sifarişi əsasında hazırlanmış “Azərbaycan gömrüyünün fəaliyyəti poçt markalarında” adlı markalar toplusunun təqdimatı keçirilib. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Azərmarka” şirkəti tərəfindən hazırlanmış markalarda tarixi, mədəni və bədii dəyəri olan müxtəlif əşyalar əks olunub. Bunlar sərhəddən qanunsuz keçirilməsinə cəhd edilən zaman gömrük orqanları tərəfindən saxlanılan, məhkəmə qərarı ilə müsadirə edilən və Dövlət Gömrük Komitəsinin müxtəlif muzey, elmi müəssisələr, dini konfessiyalara təmənnasız olaraq təhvil verdiyi əşyalardır.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin stendini yüksək qiymətləndirib və Azərbaycan gömrüyünün ən yeni informasiya texnologiyalarına yiyələnməsi sahəsindəki uğurunu qeyd edib.
Sərginin fəxri qonağı və iştirakçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya da Azərbaycan Gömrük Xidmətinin stendinə baş çəkib və Azərbaycan gömrüyünün yeni layihələri ilə tanış olub.
“Gömrük xidməti-2016” sərgisinin yekun hissəsinin kulminasiyası isə “Gömrük Olimpi” mükafatının laureatlara təqdim edilməsilə bağlı təntənəli mərasim olub. Gömrük ekspertlərinin qiymətləndirmələrinə görə, mükafatın laureatları xüsusilə beynəlxalq ticarət, qabaqcıl gömrük texnologiyalarının tətbiqi, gömrük prosedurlarının şəffaflığı və Rusiya Federasiyası qanunvericiliyinə əməl olunması sahəsində uğur qazanıblar. Bu mərasimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti də “Gömrük Olimpi” mükafatı və fəxri diplomuna layiq görülüb.