ABŞ və dünya tarixinin görkəmli şəxsiyyətlərindən biri, özünəməxsus şərəfli iz buraxmış Corc Vaşinqton çıxışlarının birində qeyd etmişdir ki : “Yeni qurulan hər bir dövlətin ömrünün uzun olmasını onun qurucusu olan liderlərin siyasi dühası müəyyən edir”. Bu baxımdan qədim dövlətçilik ənənələrinə malik olan, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən əldə edən və tarixdən gələn dövlətçilik ənənələri üzərində bir dövlət quran Azərbaycana Heydər Əliyev kimi müdrik liderin, uzaqgörən siyasətçinin, mahir dövlət xadiminin rəhbərlik etməsi dövlətçilik tariximizdə öz əhəmiyyəti seçilir. Əvvəlcə, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə, 1969-cu ildən sonra isə respublikamıza rəhbərlik edən Heydər Əliyev ölkəmizin müstəqil dövlətçilik ənənələrinin yeni müstəvidə inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərmiş, nəhayət, müstəqil Azərbaycan Respublikasının qurucusu kimi adını tarixə yazmışdır.
1980-ci illərin sonlarından etibarən müxtəlif bəhanələr, ittihamlarla hakimiyyətdən uzaqlaşdırılmağa çalışan Heydər Əliyev Azərbaycan və SSRİ rəhbərliyinin mane olmasına baxmayaraq çətinliklə də olsa, 1990-cı ilin iyul ayının 20-də Bakıya qayıtdı. Buradan isə o, Naxçıvana getdi. Naxçıvanda xalq tərəfindən böyük sevgi ilə qarşılanan Heydər Əliyev həmin il Naxçıvan MR Ali Sovetinin deputatı seçildi. Bundan sonra yenidən bütün diqqətini Azərbaycanın milli dövlətçiliyinin bərpasına yönəldən Heydər Əliyevin tələbi ilə Naxçıvan MR-in adından “sovet sosialist” sözləri götürüldü. 1991-ci il, sentyabr ayının 1-də Heydər Əliyev Naxçıvan MR Ali Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycanın dövlət müstəqilliyinin və milli dövlətçilik ənənələrinin bərpası uğrunda daha qətiyyətlə hərəkət edən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin mühüm atributlarından olan üçrəngli dövlət bayrağımız Naxçıvan Ali Məclisinin üzərində dalğalanmağa başladı. 1991-ci ilin payızında Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində Heydər Əliyevin mühüm rolu oldu.
1992-ci ilin oktyabrında respublikanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Ulu Öndərin qeyd etdiyi kimi:“Bizim partiya sağlam düşüncə, sağlam fikir – xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı”. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Partiyanın cəmiyyətdə böyük nüfuzu olan şəxs tərəfindən yaradılması və partiya yaradıcısının hakimiyyətlə birbaşa əlaqəsinin olmaması YAP-ı klientel partiya kimi səciyyələndirmişdir. Partiya Azərbaycanın ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq məqsədilə yaranmış və uğurlu şəkildə bu öhdəliyi yerinə yetirə bilmişdir.1993-cü il oktyabr ayının 3-də Heydər Əliyevin ölkə prezidenti seçilməsiylə partiyanın həyatında yeni bir dövrün əsası qoyulmuş, Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğu istiqamətində bəyanatları açıq şəkildə reallaşmağa başlamışdır.
Bu gün YAP Cənubi Qafqazın ən böyük siyasi partiyası olmaqla öz ətrafında 600 mindən çox üzvü birləşdirir. Partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal şəkildə iştirak etməklə, Azərbaycanın müasir inkişaf modelinə xidmət edəcək bir çox yeniliklərin təşəbbüskarıdır. Ümummilli liderin zəngin elmi prinsiplərə, intellektual potensiala əsalanmaqla miras qoyduğu Partiya modern Azərbaycanın dövlətçilik strategiyasının əsasında dayanır, gələcək üçün də etibarlı bazis rolunu oynayır.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı