AZAL-dan endirim, Avtovağzal və dəmiryolunda gücləndirilmiş iş rejimi - REPORTAJ
23 sentyabr 2015 18:42 (UTC +04:00)

AZAL-dan endirim, Avtovağzal və dəmiryolunda gücləndirilmiş iş rejimi - REPORTAJ

Müqəddəs Qurban bayramı ilə əlaqədar tətil günlərindən bəhrələnmək məqsədilə Bakı sakinləri bölgələrə üz tutmağa başlayıb. Bununla əlaqədar Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçib.

 

Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevin sözlərinə görə, Qurban bayramının gəlişi ilə bağlı “M Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən tədbirlər planı hazırlanıb: "Həmin tədbirlər planına uyğun olaraq biz 23 sentyabrdan etibarən gücləndirilmiş iş rejimində çalışırıq. Bu, 27 sentyabra qədər davam edəcək. Bu gün gücləndirilmiş iş rejimi olmasına baxmayaraq, müşahidə etdiyiniz kimi, avtovağzalda sərnişin sıxlığı müşahidə olunmur. Bütün istiqamətlər nəqliyyat vasitələri ilə təmin olunub və bütün istiqamətlərdə sərnişinlərin mütəmadi yola salınması işi aparılır".

 

Məhəmməd Abdullayev qeyd edib ki, hazırda kassalarda əksər marşrutlar üzrə biletlər mövcuddur və bilet satışları həyata keçirilir. Bayram ərəfəsində 200-dən artıq nəqliyyat vasitəsinin reysə buraxılması nəzərdə tutulur: "Adi günlərdə 350, 360, 400 nəqliyyat vasitəsi yola salınırdısa, 9-10 min sərnişin daşınırdısa, bayram ərəfəsi 600-dən yuxarı nəqliyyat vasitəsinin yola salınması və 15 mindən yuxarı sərnişin daşınması nəzərdə tutulur.  Qiymətlərlə bağlı 11 nəfərdən ibarət komissiyamız fəaliyyət göstərir. Qiymət komissiyasının üzvləri qiymətlərə nəzarət edirlər. Həmçinin qiymət intizamını pozmağa cəhd göstərən hər hansı bir nəqliyyat vasitəsinin sürücüsü və sahibkarı bizimlə razılaşmadıqda, onlar dərhal reysdən uzaqlaşdırılır".

 

Məhəmməd Abdullayev bildirib ki, bayram bitdikdən sonra tədbirlər planının ikinci hissəsinə uyğun olaraq bölgələrdən paytaxta sərnişin sıxlığı müşahidə olunarsa  yenidən nəqliyyat vasitələri reysə buraxılacaq.

 

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov isə Avtovağzaldan fərqli olaraq, dəmir yolunda sıxlığın müşahidə olunduğunu deyib: "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti artıq hazırlıq işlərini qurtarıb. Bu gündən etibarən vaqonlar qoşuruq, sıxlıq var. Səhərdən indiyə kimi biz 8 vaqon qoşmuşuq. Tələbat olarsa, yenidən əlavə vaqonlar qoşacağıq".

 

Qurum rəsmisi əlavə edib ki, dəmir yolunda bayram günlərində növbəli iş sisteminə keçiriləcək: "Vağzallarda, stansiyalarda, körpülərdə mühafizə gücləndiriləcək. Bundan əlavə isə yüklərin təhvili həyata keçiriləcək. Yük sahibləri həmin günü yüklərini yola sala və qəbul edə bilərlər. Dəmiryolu fasiləsiz iş rejimində işləyəcək".

 

Nadir Əzməmmədov bildirib ki, heç bir süni qiymət artımından söhbətlər gedə bilməz, qiymətlər əvvəlki kimi qalacaq. Əlavə edib ki, daha çox tələbat qərb zonasınadır. İndiyə kimi Tiflis, Balakən və Astara qatarlarına 6 vaqon qoşulub. Digər istiqamətlərdə hərəkət edən qatarlara da tələbat yaranarsa vaqonlar qoşulacaq.

 

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) da Qurban bayramı ilə əlaqədar aviabiletlərə payız endirim kampaniyası elan edib. Xüsusi tariflər üzrə biletləri 2015-ci il sentyabrın 24-dən oktyabrın 10-dək AZAL-ın kassalarında və aviaşirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkün olacaq.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar